Bu maşınların texniki baxışının son günüdür – 50-300 manat cərimə
Məlum olduğu kimi, hər il yanvarın 1-dən nəqliyyat vasitələrinə texniki baxış dövrü başlayır. Qanunvericiliklə müəyyən olunan qrafikə əsasən, 1 yanvar – 30 aprel aralığında “VAZ”, “QAZ”, “Moskviç” və MDB dövlətlərində istehsal olunan digər minik avtomobilləri və motosikletlər texniki baxışdan keçməlidir. Digər xarici ölkələrdə istehsal olunan minik avtomobilləri isə 1 may-31 iyul aralığında texniki baxışa cəlb edilməlidir. Yük avtomobilləri və avtobusların texniki baxış müddəti isə 1 avqust – 31 oktyabr aralığıdır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında texniki baxışdan hələ də keçməyən sürücülərə xəbərdarlıq edərək onları qanunun tələblərini yerinə yetirməyə çağırıb: «Texniki baxışa təqdim olunmalı olan nəqliyyat vasitələrinin sahibləri bilməlidirlər ki, Dövlət Yol Polisi bu məsələyə çox ciddi yanaşır və texniki baxışdan keçməyən avtomobil sahibləri məsuliyyət daşıyırlar. Onları texniki baxışdan keçməməyə görə müvafiq olaraq 50 manatdaq 300 manatadək cərimə gözləyir».
Vaqif Əsədov bildirib ki, texniki baxışdan keçmək nəqliyyat vasitəsinin saz vəziyyətdə olub-olmadığını aydınlaşdırmaq, istismara yararlı olmasını müəyyənləşdirmək üçün vacibdir: «Sürücülər bu işdə özləri maraqlı olmalıdırlar ki, idarə etdikləri nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olub-olmadığını bilsinlər. Rusiya və MDB istehsalı olan nəqliyyat vasitələrinin texniki baxış müddəti aprel ayının 30-da başa çatır. Yəni, aprelin 30-ü axıncı gündür. Yol polisi texniki baxışdan keçməyən avtomobil sahiblərini istismar etdikləri nəqliyyat vasitələrini texniki baxışa təqdim etməyə çağırır. Burada məqsəd həm də ondan ibarətdir ki, istismara yararsız olan, texniki cəhətdən nasaz sayılan nəqliyyat vasitələrini aşkar edək, onların çıxdaş edilməsində vətəndaşlara köməklik göstərək. Texniki cəhətdən nasaz avtomobillərin idarə edilməsi qanunla qadağandır. Artıq texniki baxış məntəqələrində nəzarət daha da gücləndirilib. Nasaz avtomobillər istismardan çıxarılacaq».
Avtosfer.az xatırladır ki, qanunvericiliyə əsasən, minik avtomobilləri və motosikletlər istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir. Bu zaman nəqliyyat vasitəsinin nə vaxt əldə edilməsinin heç bir əhəmiyyəti yoxdur.
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, bu ildən başlayaraq nəqliyyat vasitələrinə tətbiq olunan yol vergisi ləğv edilib. Ona görə də texniki baxışa gedən nəqliyyat vasitəsi sahibləri yalnız baxış üçün dövlət rüsumu ödəyəcəklər. Dövlət rüsumu isə avtomobillər üçün 20 manat, motosikletlər, habelə avtomobil qoşquları üçün isə 10 manat nəzərdə tutulub. Bu rüsumlar mühərrikin iş həcmindən asılı olmayaraq bütün nəqliyyat vasitələri üçün eynidir. Texniki baxış zamanı həmin rüsumdan və rüsumu bank vasitəsilə ödədiyiniz halda 1 manatdan artıq olmayan bank xərcindən əlavə hər hansı ödəniş nəzərdə tutulmur və heç kəs belə ödənişi sizdən tələb edə bilməz.
Nəqliyyat vasitəsini texniki baxışa təqdim edən hər kəs aşağıdakı sənədləri də təqdim etməlidir:
1) sürücülük vəsiqəsi;
2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (nəqliyyat vasitəsi başqasının adına olduqda isə etibarnamə və ya icarə müqaviləsi);
3) dövlət rüsumunun ödənilməsinə dair sənəd;
4) nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsi.
Bundan başqa, texniki baxışa təqdim edəcəyiniz əsas şey saz vəziyyətdə olan nəqliyyat vasitənizdir. Nəqliyyat vasitəsinin sazlığına dair tələb “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsində verilib. Əgər avtomobiliniz, motosikletiniz və ya onların qoşqusu həmin Əlavədə nəzərdə tutulan tələblərə uyğun deyilsə, o cümlədən əlavə vasitələrlə (odsöndürən, dərman qutusu, qəza dayanma nişanı) təchiz edilməmişdirsə, texniki baxışdan keçməkdə probleminiz olacaq. Odur ki, nəqliyyat vasitənizin sazlığına xüsusi diqqət yetirməlisiniz. Bizdə olan məlumata görə, bu il DYP-də nəqliyyat vasitələrinin texniki baxışına diqqət bir qədər də ciddiləşdirilib.
Nəzərə alın ki, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 300 manat cərimə olunur.