Daxili işlər naziri polisləri mükafatlandırdı - FOTO
Yanvarın 12-də Əlahiddə Çevik Polis Alayında 2015-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Əməliyyat müşavirəsini açan R.Usubov Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində ötən ilin bütövlükdə ölkəmiz üçün uğurlu olduğunu, beynəlxalq imicinin daha da yüksəldiyini, insan hüquq və azadlıqlarının etibarlı qorunduğunu, bunun daxili işlər orqanlarının fəaliyyətinə də müsbət təsir göstərdiyini diqqətə çatdırıb.
O, Daxili İşlər Nazirliyi tərəfindən ölkənin qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqları rəhbər tutularaq, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlərin davam etdirildiyini, kriminogen durumun bütövlükdə nəzarətdə saxlanıldığını, planlaşdırılan məsələlərin yerinə yetirildiyini, əvvəlki illərin müsbət nəticələrinin qorunub saxlanıldığını və fəaliyyətin bir çox istiqamətləri üzrə inkişaf etdirildiyini xatırladıb.
Nazir cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində son illər Əlahiddə Çevik Polis Alayının peşəkarlıq, mənəvi-psixoloji və fiziki hazırlıq səviyyəsinin xeyli artdığını, qanunla qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməyə qadir olan mobil quruma çevrildiyini, respublikamızda, onun paytaxtında ictimai qayda və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin nümunəvi təminində önəmli rol oynadığını, bunun nəticəsi olaraq, keçirilmiş bir çox beynəlxalq və ölkədaxili tədbirlər zamanı ictimai asayişin yüksək səviyyədə qorunduğunu, görülən işlərdə, qazanılan uğurlarda Əlahiddə Çevik Polis Alayının da böyük əməyi olduğunu qeyd edib.
O da bildirilib ki, mühüm funksiyaları həyata keçirməsi, xidməti fəaliyyətinin respublikanın bütün ərazisini əhatə etməsi nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 dekabr tarixdə imzaladığı fərman və sərəncamla Alay əlahiddə nizami polis hissəsi statusunda müəyyən olunub, DİN rəhbərliyi tərəfindən sözügedən qurumun yeni Əsasnaməsi təsdiq edilib.
Cari ilin may ayında Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı xilasetmə işlərinə və hadisə yerinin mühafizəsinə cəlb olunmuş DİN-in digər qrumları ilə yanaşı, Alayın əməkdaşları da xidməti vəzifələrin öhdəsindən layiqincə və mərdliklə gəliblər. Yanan binada köməksiz vəziyyətə düşmüş 4 nəfəri xilas edərək xəsarət almış polis serjantı Şahin Qocayev ölkə Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Onu da qeyd etmək yerinə düşər ki, daxili işlər orqanları üzrə təşkil olunan idman yarışlarında əldə edilən uğurlar ötən il də davam etdirilib. Belə ki, xidməti idman tədbirlərinin təqvim planına əsasən keçirilən sərbəst güləş, silahsız özünümüdafiə, xidməti çoxnövçülük və estafet qaçışı üzrə yarışlarda Alayın komandası birinci yer tutub. Bununla yanaşı, polis serjantı İbrahim Məmmədov İtaliyada kiqboksinq üzrə keçirilən dünya çempionatında və Bakı şəhərində muaytay üzrə beynəlxalq turnirdə birinci yerə layiq görülüb, kiqboksinq üzrə dünya kəməri uğrunda gedən yarışlarda çempion adını qazanıb. Karatenin şotokan növü üzrə Gürcüstanda keçirilən dünya çempionatında polis nəfəri Səbuhi Şükürov ən yüksək pilləni tutub.
Alayın əməkdaşlarının vətənpərvərlik ruhunda tərbiyə olunması və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətində tədbirlər də davamlı olub, gənc əməkdaşların xidmətdə möhkəmlənməsi, praktiki iş vərdişlərinə tam yiyələnmələri üçün lazımi şərait yaradılıb. Yeri gəlmişkən, bu gün Alayın zabit heyətinin 90 faizi ali hüquq təhsillidir.
Bildirilib ki, ötən il ölkəmizdə keçirilən ilk Avropa Oyunları zamanı da şəxsi heyət asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi funksiyalarını layiqincə yerinə yetirib, avqust ayında Mingəçevir şəhərində asayişin qrup halında pozulmasının qarşısının alınmasında fəal iştirak edib.
Ötən ilin sonlarında paytaxtın Nardaran qəsəbəsində keçirilmiş xüsusi əməliyyatlardan sonra Alayın əməkdaşları cinayətdə şübhəli şəxslərin tutulmasında, zərərsizləşdirilməsində, qanunsuz saxlanılan odlu silahların və partlayıcı maddələrin yığılmasında, istintaq-əməliyyat tədbirlərinə qüvvə dəstəyinin verilməsində də öz səylərini əsirgəməyiblər.
Qeyd olunub ki, ümumən xalqa xidmət funksiyalarının səmərəli yerinə yetirilməsi, insan hüquq və azadlıqlarına ciddi riayət olunması, əməkdaşlara diqqət və qayğı gösstərilməsi, peşə və döyüş hazırlığı səviyyəsssinin durmadan yüksəldilməsi kimi qarşıda duran vəzifələrin uğurlu həlli üçün lazımi tədbirlər görülməkdədir.
Müşavirəyə yekun vuran daxili işlər naziri şəxsi heyətin ötən hesabat ilindəki fəaliyyətinın yekunlarını müsbət qiymətləndirib, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən, onların həlli yollarından danışıb.
General-polkovnik R.Usubov Alay rəhbərliyindən əməkdaşların xidməti, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işini ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsini, xidmətqabağı təlimatlandırmalarda əməkdaşların zahiri görünüşünə, geyim formasını daşıma qaydalarına riayət etmələrinə diqqət yetirilməsini, yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı təşəbbüskarlıq göstərilməsini, eyni zamanda, cinayət və hadisələrin dinamikasının mütəmadi izlənilməsini, lazımi təhlillər aparılmaqla qüvvə və vasitələrin yerləşdirilməsi planına korrektələr edilməsini tələb edib. O bildirib ki, Bakı şəhərində ictimai yerlərdə baş verən cinayətlərin profilaktikası diqqət mərkəzində olmalı, ictimai təhlükəsizlik əleyhinə olan digər cinayətlərin qarşısının alınması üzrə tədbirlər daha da gücləndirilməli, insanların daha çox toplaşdığı və digər izdihamlı yerlərdə xidmət aparan post-patrul naryadları daim ayıq-sayıq olmalı, şəxsi heyətin peşə hazırlığı daha da artırılmalıdır. Qeyd olunub ki, əməkdaşlar qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən bilməli, eyni zamanda, vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməlidir.
Bu gün xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev tərəfindən bütün lazımi şərait yaradıldığını, şəxsi heyətin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu nəzərə çatdıran nazir möhtərəm dövlət başçımızın daxili işlər orqanlarına olan böyük etimadına cavab olaraq hər bir əməkdaşın üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin, Vətənə və xalqa ləyaqətlə xidmət etməsinin vacibliyini vurğulayıb.
Daxili işlər naziri Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevi əmin edib ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqlar.
Tədbirin sonunda Nazirliyin Baş Kadrlar İdarəsinin rəis müavini, polis polovniki Səfər Əliyev ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşın mükafatlandırılması barədə daxili işlər nazirinin müvafiq əmrini elan edib. Nazir R.Usubov tərəfindən mükafatlar təltif edilənlərə təqdim olunub.
Elmin