Gizli yol patrulları yaradılır – YENİLİK
Bir çox ölkələrdə polislər gizli xidmət növlərini həyata keçirirlər. Rusiyada isə bu ilin noyabrın 12-dən etibarən paytaxt Moskvada gizli yol patrulları xidməti fəaliyyətə başlayıb. 2016-cı ilin yanvarın 1-dən isə bu patrullar bütün Rusiya ərazisində xidmət edəcəklər. Belə yol patrulları heç bir müəyyənedici rəng qrafikası və ya üstündə yazısı olmayan avtomobillərdə xidmət aparırlar. Həmin avtomobillər videoqeydiyyat və sürətölçən cihazlarla təchiz edilib. Yəni daha sonra sürücülərə onların qayda pozuntusunu konkret faktlarla rahat sübut etmək olur.
Rusiya DİN bildirib ki, bu cür xidmət ilk növbədə yollarda yüksək sürətlə hərəkət edərək aşkarlanmaq istəməyən sürücülərin yollarda təhlükə yaratmalarının qarşısını alacaq. Belə hallarda sürücülərin bir-birinə məlum uzaqvuran işıqları qırparaq qarşıda yol patrul avtomobilinin olması barədə xəbər vermələrinin heç bir xeyri olmayacaq. Çünki həmin avtomobil istənilən an onun arxasında və ya yanında gedən avtomobilin özü ola bilər. Rusiya DİN hesab edir ki, sürücülər üzərlərində daim nəzarət hiss etsələr, daha məsuliyyətli olacaq, qaydaları pozmağa daha az həvəsli olacaqlar.
Yaxın zamanlarda Azərbaycanda da yol polisində belə bir gizli xidmət tətbiq ediləcək. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib: "Artıq bizdə də qarışıq və gizli xidmətin tətbiqi ilə bağlı iş aparılır. Bu məqsədlə yaxın vaxtlarda əlavə nəqliyyat vasitələri gətiriləcək. Yəni sürücülər bundan sonra yollarımızda xüsusi rəng qrafikası və üzərində yazısı olmayan patrul avtomobillərini görəndə təəccüblənməsinlər. Azərbaycanda yollarda stasionar postlar, kamera və radarlar var və bunu bildirən müvafiq xəbərdaredici nişanlar quraşdırılıb. Sürücülər onları görəndə avtomobili daha normal və aşağı sürətlə, amma oranı ötüb keçən kimi yenidən yüksək sürətlə idarə edir, bəzən isə "şaşkivari" manevrlərlə, yəni yolda tez-tez sağa-sola keçərək digərlərinin hərəkətinə maneçilik törədirlər. Ona görə də hesab edirik ki, bizdə də bu xidmət növlərindən istifadə olunmalıdır".
Şöbə rəisinin sözlərinə görə, belə xidmət formasının qanuni əsasları da var: "Azərbaycanda "Yol-Patrul Xidməti haqqında Təlimat"ın 3-cü (Yol-patrul xidmətinin aparılması) maddəsinə əsasən, yol-patrul xidməti gizli formada da aparıla bilər. Təlimatda həmçinin qeyd edilir ki, əməliyyat-xidməti nəqliyyat vasitələrilə aparılan nəzarət aşkar, gizli və qarışıq olmaqla üç növə bölünür. Hərəkətə aşkar nəzarət zamanı müfəttiş müəyyən olunmuş geyim formasında olmalı, dövlət standartına uyğun rəng qrafikasına malik avtomobildə və ya motosikletdə xidmət aparmalı, hərəkət iştirakçılarına yaxşı görünən yerdə durmalıdır. Gizli nəzarət xüsusi rəng qrafikası olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə olan müfəttişlər tərəfindən, əsasən günün işıqlı vaxtında aparılır (qaranlıq vaxtı gizli nəzarət yalnız süni və kifayət qədər yaxşı işıqlandırılan yol sahələrində aparılır). Bu zaman aşkar olunan qayda pozuntuları barədə müfəttiş raport tərtib edir. Tərtib olunmuş raportlar nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə uçota alındığı ərazinin DYP orqanına göndərilir. Qarışıq nəzarət xüsusi rəng qrafikası olan və olmayan (iki) əməliyyat-xidməti nəqliyyat vasitəsindən istifadə olunmaqla polis geyim formasında olan müfəttişlər tərəfindən aparılır. Hər iki nəqliyyat vasitəsinin heyətləri bir-birilə radiorabitə əlaqəsi saxlayaraq aşkar etdikləri qayda pozuntuları barədə məlumat verir və müvafiq tədbir görürlər.
Gizli nəzarət vaxtı xüsusi rəng qrafikası olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə olan müfəttişlər radiocihazlarla təchiz olunur və onlar hər hansı qayda pozuntusu, avtoxuliqanlıq və ya yolda kiminsə hərəkətə maneçilk törətdiyini aşkar etdikdə, digər patrul avtomobillərinə xəbər verir və qaydanı pozan sürücü YPX avtmobilləri və ya qarşıdakı stasionar postda saxlanılıb barələrində müvafiq tədbir görülür".