Naxçıvanda yol polisləri daha bir yeniliyə imza atdı - FOTO
Avqustun 25-də Ordubad şəhərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Ordubad Rayon Avtomobillərin Müayinə Mərkəzi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib.
Ali Məclisin Sədri şəxsi heyəti salamlayıb və binanın açılışını bildirən lenti kəsib.
Əhməd Əhmədov tədbirdə çıxış edərək deyib ki, bu gün muxtar respublikada daxili işlər orqanlarının fəaliyyəti müasir tələblər səviyyəsində qurulub, ictimai asayişin və təhlükəsizliyin qorunması təmin edilib. Bu tədbirlər çərçivəsində yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm işlər görülür. Muxtar respublikanın yol infrastrukturu yenidən qurulub, magistral yollarda 6 ədəd sürətölçən rəqəmsal radar sistemi, xidməti avtomobillərdə 25 ədəd bort kompyuter və nəzarət-izləmə kameraları, inzibati cərimələrin yerində ödənilməsi məqsədilə 15 ədəd POS-terminal quraşdırılıb. Dövlət Yol Polisi İdarəsi müasir inzibati bina və avtomobillərlə təmin olunub. 2014-cü ildə Şərur, bu il isə Culfa və Ordubad rayonlarında müayinə mərkəzlərinin istifadəyə verilməsi isə bu sahədə xidmətin günün tələblərinə uyğun qurulmasına imkan verir. Əhməd Əhmədov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.
Ali Məclisin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Ordubad Rayon Avtomobillərin Müayinə Mərkəzinin son illər muxtar respublikada istifadəyə verilən üçüncü müayinə mərkəzi olduğunu bildirib, bu münasibətlə kollektivi təbrik edərək deyib: «Azərbaycan müstəqil dövlətdir. Hər bir müstəqil dövlətin ən qiymətli sərvəti isə onun insanlarıdır. İnsan həyatı, onun sağlamlığı harada çalışmasından və yaşamasından asılı olmayaraq qorunmalıdır. Bu gün ölkəmizdə insan amilinə verilən qiymət bütün sahələrdə özünü göstərir. Sosial sahədə həyata keçirilən tədbirlər, istifadəyə verilən yeni sosial obyektlər, tikilən səhiyyə müəssisələri, yaradılan şərait ölkəmizdə insan amilinə verilən qiymətin ifadəsidir. İnsanların həyatının qorunmasının vacib olduğu sahələrdən biri də ümumi istifadədə olan yollar və nəqliyyat vasitələridir. Müasir yol şəbəkələrinin yaradılması, nəqliyyat vasitələrinin vaxtında müayinədən keçirilməsi, onların istismar qaydalarına əməl olunması yol-nəqliyyat hadisələrinin sayının azalmasına, eləcə də insanların həyatının və əmlakının qorunmasına imkan verir».
Ali Məclisin Sədri deyib ki, bu gün muxtar respublikada cinayətsiz region və hadisəsiz yollar prinsipi reallığa çevrilib: «Son illər muxtar respublikada istifadədə olan yollar müasir səviyyədə qurulub, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün lazımi şərait yaradılıb. İstismar müddəti başa çatan yararsız avtomobillərin istismardan çıxarılması, muxtar respublikada fəaliyyət göstərən sürücülük məktəblərinin müasir tələblər səviyyəsində qurulması, sürücülərin hərtərəfli hazırlanması, tələbkarlığın və məsuliyyətin artırılması yollarda hadisələrin sayının azalmasına səbəb olub. Bu işdə dövlət yol polisinin də üzərinə mühüm vəzifələr düşür. Çünki xidmətin düzgün təşkili də yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında başlıca şərtdir».
Ali Məclisin Sədri xidməti düzgün təşkil etdiklərinə görə kollektivə təşəkkür edib, onlara işlərində uğurlar arzulayıb, binada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, bina texniki baxış zalı və xidməti otaqlardan ibarətdir. Texniki baxış zalı minik və yük avtomobillərinin rahat hərəkətinə uyğun qurulub və dəqiq diaqnozun qoyulması üçün ən müasir avadanlıqlarla təchiz edilib. Texniki baxış zalında 1 kompyuter, 3 monitor və digər diaqnostik müayinə avadanlıqları quraşdırılıb, 5 duracaq yaradılıb.
Müayinə mərkəzində avtomobillərin əyləc sistemi, mühərrikdən atmosferə atılan işlənmiş qazların tərkibində olan zərərli tullantıların normativ standartlara uyğunluğu, sükanın idarəetmə qollarının və almacıqların sazlığı yoxlanılır, şinlərin protektor naxışları ölçülür. Müayinənin hər mərhələsi barədə məlumatlar kompyuterdə əks olunur və Dövlət Yol Polisi İdarəsinin mərkəzi qeydiyyat sisteminə ötürülür. Eyni zamanda müayinənin yekun nəticələri nəqliyyat vasitəsinin sahibinə təqdim edilir.
Ali Məclisin Sədri nəqliyyat vasitələrinin vaxtında texniki baxışdan keçirilməsi və sığorta qeydiyyatının aparılmasının vacibliyini vurğulayıb, bu məqsədlə kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edərək maarifləndirici tədbirlərin genişləndirilməsi barədə tapşırıqlar verib.
Ordubad rayonu üzrə qeydiyyatda olan 4 minə yaxın nəqliyyat vasitəsinə xidmət göstərəcək mərkəzdə 7 nəfər işlə təmin olunub. Həmçinin binada fərdi istilik sistemi quraşdırılıb, həyət abadlaşdırılıb, avtomobil dayanacağı yaradılıb.
Elmin