Banner

Pərdəli maşın sürən 38 nəfərin avtomobili cərimə meydançasına salındı

Yol polisi 17 Noyabr 2014 23:44 Oxunub 1990
Pərdəli maşın sürən 38 nəfərin avtomobili cərimə meydançasına salındı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Xəbərim yox idi» deməyin: pərdəli maşın sürənlərə 150 manat cərimə düşür

Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. Avtosfer.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi - Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib. Bununla əlaqədar sürücülərin nəzərinə çatdırılır ki, 15 noyabr tarixində qeyd olunan jalüzlərin icazə verilmiş istifadə müddəti başa çatıb. Göstərilən tarixdən etibarən avtomobillərin arxadakı yan şüşələrində jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqlardan istifadə edilməsinə görə sürücülər İnzibati Xətalar Məcəlləsinin 155.2.4 maddəsinin tələbinə əsasən yüz əlli manat miqdarında cərimə olunacaqlar. Artıq bununla bağlı yol polisləri reydlərə başlayacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov isə Avtosfer.az-a bildirib ki, son bir sutka ərzində paytaxt ərazisində pərdəli maşın sürən sürücülərlə bağlı keçirilən tədbirlər nəticəsində 38 nəfərə inzibati protokol yazılıb: «Biz hətta iki həftə əvvəldən bütün telekanallarda, internet saytlarında, qəzetlərdə məlumat verirdik ki, noyabrın 15-i pərdə ilə maşın sürməyin son günüdür. Amma bu günə olan protokollara baxıram, artıq 38 sürücü barəsində tədbir görülüb. Sürücülər yenə də yol polisi tərəfindən saxlanılarkən «bilmədim», «xəbərim yox idi» kimi ifadələr işlədirlər. Amma sözsüz ki, bu ifadələr onları məsuliyyətdən azad etmir. Məlumat üçün bildirirəm ki, saxlanılan 38 avtomobilə aid ödənilməmiş cərimələr və elektron qaydada tərtib olunmuş protokollar aşkar edilib. Həmin avtomobillər yol hərəkətindən kənarlaşdırılaraq cərimə meydançalarına yerləşdirilib».

Vaqif Əsədov sürücüləri öz hüquq və vəzifələrini öyrənməyə, onların tələblərini düzgün yerinə yetirməyə çağırıb: «Elə bir mexanizm yoxdur ki, hər bir sürücüyə ayrı-ayrılıqda məlumat verək. Sürücülər arasında Şamaxıda qeydiyyatda olub Bakıda yaşayanlar var, bəziləri qəzet, sayt oxumur, televizora baxmır. Başa düşürük, yol polisi əvvəlcədən xəbərdarlıq etməlidir və biz də bunu etmişik. Sürücü bu xəbəri oxumursa, öyrənmirsə, qanunun tələblərinə riayət etmirsə, biz nə etməliyik? Əlbəttə, belə sürücülər məsuliyyətdən kənarda qala bilməzlər. Necə olur ki, pərdəni maşına vurmağın vaxtını əzbər bilirlər, amma nə vaxt yığışdırmaq lazım olduğunu bilmirlər? Bir daha deyirəm ki, «bilmədim», «xəbərim yox idi» kimi ifadələr onları məsuliyyətdən azad etmir. Hər kəs qaydaları öyrənməli və ona düzgün əməl etməlidir. Sürücülər özləri də xəbərləri izləməlidir, məlumatlı olmalıdır. Biz gedib hər sürücüyə bir-bir məlumat verə bilmərik».

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh