Rayon maşınları ilə bağlı tədbirlərin ilkin nəticələri açıqlandı

Yol polisi 21 Sentyabr 2015 15:14 Oxunub 2695
Rayon maşınları ilə bağlı tədbirlərin ilkin nəticələri açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: «Sistem getdikcə təkmilləşəndən sonra kiçik nöqsanlar da tam aradan qalxacaq»

Paytaxta Bakı qeydiyyatı olmayan nəqliyyat vasitələrinin girişinə fasilələrlə məhdudiyyət qoyulmasından sonra şəhərdəki yollarda sıxlıq və tıxaclar xeyli azalıb. Hər halda son 6 gün ərzindəki vəziyyət əvvəlkindən çox fərqlidir. Bunu trend-in sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Şöbə rəisi qeyd edib ki, artıq vətəndaşlar situasiyaya tədricən alışır, qaydalara əməl edir, vəziyyət də normallaşır: “Bizə paytaxta avtomobili ilə buraxılmadığına görə kiminsə narazılıq etdiyinə dair siqnallar gəlmir. İndiyə kimi İdarəyə bununla bağlı hər hansı problemin yaranması ilə əlaqədar rəsmi müraciət və ya şikayət daxil olmayıb”.

K.Əliyev əlavə edib ki, Bakının giriş-çıxışlarında Bakı qeydiyyatı olmayan avtomobillər üçün yaradılmüş duracaqlarda infrastrukturun qənaətbəxş olmaması ilə bağlı səslənən fikirlər isə bəhanədən başqa bir şey deyil: “Duracağa birdən-birə onun tutumunun tam sayı qədər avtomobil daxil olmur. Gözləmə zalları isə adətən ora gələn insanların 3-5 faizi üçün nəzərdə tutulur. Ora gələn şəxslər də duracaqda 3-5 dəqiqə qalıb gedirlər. Məgər min, iki min nəfərlik kinoteatrda bir o qədər insan üçün gözləmə zalı olur?». BDYPİ sözçüsü bildirib ki, sistem getdikcə təkmilləşəndən sonra kiçik nöqsanlar da tam aradan qalxacaq: "Nömrətanıma" sistemi tam işə düşdükdən sonra Bakı qeydiyyatında olan və olmayan avtomobillər avtomatik qaydada müəyyən ediləcək. "99” seriyalı avtomobillərin Bakı və ya rayon qeydiyyyatlı olması məsələsi də yalnız texniki vasitələrin köməyi ilə öz həllini tapacaq. Yollarda sıxlıq yaratmamaq üçün, digər nəqliyyat vasitələrinin fasiləsiz keçməsi məqsədi ilə bu gün hələ ki, “bir pəncərə” sistemində ölkəyə idxal olmuş avtomobillərin qeydiyyata alınması zamanı verilən dövlət qeydiyyat nişanlarına görə onları yoxlamaq bir az çətinlik yaradır. Lakin "nömrətanıma" sistemi tətbiq edilsə, nəqliyyat vasitəsinin harada qeydiyyatda olması avtomatik göstəriləcək və konkret olaraq məhz həmin avtomobillər saxlanılacaq. "Nömrətanıma" sistemi həm patrol avtomobillərində, həm də stasionar kameralarda var. Lakin bununla bağlı müvafiq proqram və dəqiq məlumat bazası olmalıdır ki, sistem onları konkret müəyyən edə bilsin”.

Xatırladaq ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan avtomobillər səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacaqlar. Onlar yalnız gecə saat 24:00-dan səhər saat 07:00-a qədər Bakıya daxil ola bilərlər.

Bakıya fərdi avtomobili ilə gələnlər nəqliyyat vasitəsini şəhərin cənub və şimal girişlərində yaradılan duracaqlarda saxlamalıdırlar. Bununla əlaqədar paytaxta şimal və cənub istiqamətlərindən gələn avtonəqliyyat vasitələri üçün Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və “VAZ yol qovşağı” adlanan sahədə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində, Lökbatan qəsəbəsi yaxınlığındakı duracaqlar yaradılıb. Duracaqlardan istifadə ödənişsizdir.

Hələlik 2 duracaq istifadəyə verilib. Yaxın gələcəkdə onların sayı 3-ə çatdırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh