Banner

Sürücülərə bəd xəbər: Yol polisi saxlayanda «dosta zəng»ə son qoyulacaq

Yol polisi 6 Mart 2015 11:05 Oxunub 9372
Sürücülərə bəd xəbər: Yol polisi saxlayanda «dosta zəng»ə son qoyulacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni DYP avtomobillərindəki kameralar aşkar olunan qayda pozuntusunu dərhal sistemə vuracaq

Təxminən bir ay əvvəl Dövlət Yol Polisi üçün yeni müasir patrul avtomobilləri gətirilib. “Elektron patrul” sistemi ilə təchiz olunmuş bu avtomobillərin may ayından küçə və yollarımızda istifadəyə veriləcəyi gözlənilir. Avtosfer.az-ın məlumatına görə, bu patrul avtomobillərinin özəlliyi ondan ibarətdir ki, onlar 360 dərəcədə (yəni dörd tərəfdə) tam müşahidə aparmaq funksiyasına malik videokameralarla və bu videokameraların qeydə aldığı bütün qayda pozuntularının DYP-nin Mərkəzi Məlumat Sisteminə ötürülməsi üçün avadanlıqla təchiz edilib. Bu, o deməkdir ki, həmin patrul avtomobilləri küçə və yollarda hərəkət edərkən qanunvericilikdə nəzərdə tutulan qayda pozuntularını qeydə alaraq real vaxt rejimində DYP-nin Mərkəzi Məlumat Sisteminə ötürəcək, bunun əsasında isə sürücülərin “MMX protokol” kimi tanıdıqları elektron protokollar tərtib olunacaq. Özü də bu zaman patrul avtomobillərində xidmət edən DYP əməkdaşlarının qaydanı pozan sürücünü saxlamasına, yerində uzun-uzadı söhbətlər aparmasına, daha sonra protokol tərtib etməsinə heç bir ehtiyac qalmayacaq. Bu avtomobillərdə quraşdırılan “elektron patrul” hətta istənilən kütləvi qayda pozuntularını da qeydə alaraq sənədləşdirməyə və bunu edən sürücüləri cərimələməyə imkan verəcək.

Sürücülərə bu məlumatı verməkdə məqsədimiz onları bəri başdan xəbərdar etməkdir. Nəzərə alın ki, bu avtomobillər istifadə ediləndən sonra yol polisi saxlayanda “dosta zəng”, “mən filankəsin adamıyam”, “paqon yoldaşıyam” və s. bu kimi məsələlər öz əhəmiyyətini itirəcək. Avtomobil “gördüyü” hər şeyi qeydə alacaq və sürücülərə yalnız elektron protokollar göndəriləcək. Ona görə də intizamı artırmaq lazımdır. Qabaqdakı iki aylıq müddətdən istifadə edərək yol hərəkəti qaydalarını mükəmməl öyrənmək və qaydalar çərçivəsində hərəkətə vərdiş etmək lazımdır. Sürücülərimizin indiki intizamsızlığı şəraitində belə nəzarət sistemi tam işə düşərsə, xeyli sürücü ya cərimələr hesabına müflis olacaq, ya da qısa müddətə 20 və daha çox bal toplayaraq öz vəsiqəsi ilə müvəqqəti də olsa vidalaşacaq. Xatırlatmaq istəyirik ki, son illərin rəsmi statistikası da göstərir ki, DYP nəzarəti gücləndirməkdə israrlıdır və bunu öz əməli fəaliyyətində göstərməkdədir. Məsələn, 2013 ildə DYP təxminən 1,4 milyon qayda pozuntusunu qeydə almışdırsa, 2014-cü ildə bu rəqəm artıq 2,4 milyona yaxın olmuşdur. Özü də diqqət etdikdə aydın olur ki, əsas artım məhz elektron nəzarət qurğularının hesabınadır. Məsələn, 2013-cü illə müqayisədə 2014-cü ildə sürət rejimini pozmanın qeydə alınma sayı 2,4 dəfə artmışdır. Yəqin ki, DYP cəmiyyətimizi sürücü və piyada intizamsızlığından qorumağa yönələn bu faydalı fəaliyyətini 2015-ci ildə daha da artıracaq. Ona görə də hörmətli sürücülərə və piyadalara bircə məsləhət verə bilərik: ÖYRƏNİN VƏ RİAYƏT EDİN.

 

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh