Yol polisi-sürücü münasibətləri araşdırılacaq
«Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Yol polisi-sürücü münasibətlərinə həsr olunmuş layihə həyata keçirməyə başlayıb. Layihənin bu ilin aprel-iyul aylarında icra olunması nəzərdə tutulur. Bu layihənin əsas məqsədi ölkəmizdə yol hərəkəti mədəniyyətinin yüksəldilməsi, yol hərəkəti iştirakçıları arasında nizam-intizamın gücləndirilməsi naminə Dövlət Yol Polisi əməkdaşları ilə sürücülər və digər hərəkət iştirakçıları arasında qarşılıqlı inam və etimadın daha da gücləndirilməsidir.
Layihə barədə məlumat verən «Jurnalistika və İnkişaf Mərkəzi»nin sədri Elməddin Muradlının sözlərinə görə, yol hərəkəti təhlükəsizliyinin müasir səviyyədə təmin olunmasını DYP-nin səmərəli nəzarəti olmadan təsəvvür etmək mümkün deyil: «Bu nəzarətin ali məqsədi yollarımızı daha təhlükəsiz etmək, cəmiyyətin fasiləsiz və rahat nəqliyyata olan ehtiyaclarının ödənilməsinə şərait yaratmaqdır.
Son zamanlar daxili sabitlik və dinamik inkişaf ölkəmizin nəqliyyat parkının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Nəticədə yollarımızda hərəkət intensivliyi xeyli dərəcədə yüksəlib, yeni yollar salınıb, əvvəlki yol infrastrukturu əhəmiyyətli dərəcədə yenilənib. Belə intensiv hərəkət yol hərəkəti iştirakçılarından daha yüksək intizam, yol hərəkətinə nəzarət edən Dövlət Yol Polisi əməkdaşlarından isə daha yüksək peşəkarlıq tələb edir. Son dövrlər yol hərəkətinə dair qanunvericilikdə, xüsusən də müasir texnologiyalardan istifadə etməklə yol hərəkəti təhlükəsizliyinə nəzarətin həyata keçirilməsinin hüquqi tənzimlənməsində əhəmiyyətli yeniliklər olub. Hesab edirik ki, bu yeniliklərin həm hərəkət iştirakçılarına, həm də Dövlət Yol Polisi əməkdaşlarına izah edilməsi ölkədə hərəkət təhlükəsizliyinin daha da yaxşılaşmasına, Dövlət Yol Polisi və sürücülər arasında inam və etimadın yeni yüksək səviyyəyə qalxmasına kömək edəcək.
Qeyd olunanları nəzərə alaraq, layihə çərçivəsində sürücülərin müxtəlif istiqamətlərdə maarifləndirilməsi ilə yanaşı, yol polisi əməkdaşları ilə görüşlərin keçirilməsi, yollarımızda mövcud olan tipik problemlərin öyrənilməsi, xüsusən sürücülərin daha çox səhvə yol verdiyi məqamların aydınlaşdırılması və onların aradan qaldırılması istiqamətində konkret təbliğat işi zəruridir. Həmin problemləri isə sözsüz ki, ən aydın şəkildə Dövlət Yol Polisi əməkdaşları bilirlər. Ona görə də layihə çərçivəsində ölkəmizin dörd regionunda - Mingəçevir, Lənkəran, Yevlax və Xaçmazda, habelə paytaxt Bakıda DYP əməkdaşları ilə birgə görüşlərin və fikir mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Belə görüşlərdə əsas məqsədimiz Dövlət Yol Polisi - sürücü münasibətlərinin daha da yaxşılaşdırılmasına xidmət edəcək ideyaları aşkara çıxarmaq, daha sonra həmin ideyaları həyata keçirməkdir».
Təşkilat sədri bildirib ki, artıq DYP əməkdaşları ilə görüşlərin təşkilində dəstək göstərilməsi üçün «Jurnalistika və İnkişaf Mərkəzi» İB tərəfindən daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət şazırlanıb. Bundan əlavə, yaxın günlərdə Avropa Yay Oyunları ərəfəsində Azərbaycan-ingilis dili lüğətinin şazırlanıb DYP əməkdaşlarına pulsuz paylanılması da nəzərdə tutulur.
Fidan