Yol polisi vətəndaşlardan dəstək istədi – FOTO-VİDEO GÖNDƏRİN
DİN Baş Dövlət Yol Polisi İdarəsi küçəyə, yola zibil atan sürücü və sərnişinlərin aşkar olunub məsuliyyətə cəlb edilməsində vətəndaşlardan dəstək istəyib. Bu barədə Avtosfer.az-a açıqlımasında Baş İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. O bildirib ki, İlk Avropa Oyunlarına gələcək çoxsaylı idmançıların, turistlərin, kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycanın tarixi, mədəniyyəti ilə yaxından tanış olmalarına şans yaranıb: «Biz də bundan maksimum dərəcədə yararlanıb Azərbaycanın tarixinin, mədəniyyətinin dünyada tanıdılmasına çalışmalıyıq. Aydın məsələdir ki, vaxt azlığına görə gələn qonaqlar bizimlə uzun müddət ünsiyyətdə olub xalqımızın bir çox xüsusiyyətləri, mənəvi keyfiyyətləri ilə yaxından tanış ola bilməyəcəklər. Yəni, sadəcə, vizual olaraq gördüklərinə əsaslanıb bizə qiymət verəcəklər. Yol mədəniyyətindən danışırıqsa, ola bilsin, hansısa bir ziyalı, mədəni insan yolda elə bir xoşagəlməz hərəkətə yol versin ki, onun o hərəkətinə görə xaricilər bizim bütöv xalqa qiymət versin. Mən özüm xaricə gedəndə adətən yol hərəkətinə, yol mədəniyyətinə, yol hərəkəti təhlükəsizliyinin təşkilinə, insanların yollardakı davranışlarına diqqət edirəm və həmin ölkə haqqında müəyyən fikirlərim olur. Eynilə, xaricdən Azərbaycana gələnlər də o fikirdə olacaqlar. Baxacaqlar ki, bizim yollarda, küçələrdə nələr baş verir. Məsələn, mən özüm şəhərdə bir çox neqativ hallarla rastlaşıram. Dünən görürəm ki, bir sürücü maşını Günəş şüalarından qorumaq üçün avtobus dayanacağının içərisində saxlayıb. Bəzi insanlar var ki, yol nişanlarının üstünə nələr yazırlar, elanlar yapışdırırlar. Nişanları bilərəkdən yararsız vəziyyətə salırlar. Avtomobildə gedən sərnişinlər, sürücülər bayıra siqaret kötüyü, kağız, cürbəcür əşyalar atırlar. Bəlkə heç özləri də fikir vermirlər ki, belə hərəkətlər kənardan çox pis görünür. Bu, əsl mədəniyyətsizlik göstəricisidir. Bu yaxınlarda Xırdalan dairəsində bir sürücü maşından yerə siqaret kötüyü atdı. Saxlayıb deyirəm ki, niyə onu yerə atırsınız, maşında külqabı yoxdur? Cavab verir ki, var, amma doludur. Deyirəm, doğrudanmı o boyda külqabında bir siqaret kötüyü üçün yer olmadı? Cavabı bu oldu ki, bir siqaret kötüyü ilə heç nə olmaz.
İnsanlar başa düşmək istəmirlər ki, hər sürücü küçəyə, yola bir siqaret kötüyü atsa, onda hansı mənzərə yaranar? Təəssüflər olsun ki, belə sürücülər bir yox, minlərlə, yüz minlərlədir. Axı niyə biz zibillik içində qalmalıyıq? İnsanın gərək daxili mədəniyyəti olsun. Bu gün heç kim zibili evdən nə bayıra atır, nə də evin içinə. Bu yaxınlarda yenə küçəyə kağız atan bir sürücünü saxlamışdım. Soruşuram ki, niyə küçəyə zibil atırsınız? Danışığınız, xarici görünüşünüz məndə ziyalı təəssüratı yaratdı. Özünə də dedim ki, mən zibili küçəyə atmağınızı özüm görməsəydim, inanmazdım ki, bu hərəkəti siz etmisiniz. O adam qəribə şəkildə üzümə baxıb sual verdi ki, salfetka zibildir? Dedim, əgər siz salfetkanı zibil hesab etmirsinizsə, o salfetkadan evinizdə istifadə edəndən sonra yerə atırsınız? Cavab verdi ki, yox. Dedim, onda küçəyə də atmayın.
Bəzi insanlar var ki, bu hərəkətlərə fikir vermirlər. Amma kənardan baxanda bu hərəkətlər bizim millət üçün heç də başucalığı gətirmir. Bu əməllər haradasa bizim mədəniyyət səviyyəmizə mənfi təsir göstərir. Mən də bu Vətənin oğlu kimi, bir orqan işçisi kimi, insanlarımızdan xahiş edirəm ki, gəlin, tarixi mədəniyyətimizi qoruyaq və düşünülməmiş hərəkətlərlə adımıza ləkə gətirməyək».
Kamran Əliyev bildirib ki, küçəyə zibil atan sürücüləri aşkar edib cərimələmək bir qədər çətindir: «Bunu aşkar etmək üçün sürücü və ya sərnişin yol patrul xidməti əməkdaşının qarşısında küçəyə nəsə atmalıdır, yaxud du, bunu sübut edəcək video olmılıdır. Belə olduqda, İnzibati Xətalar Məcəlləsində sürücüləri 40, sərnişinləri isə 30 manat cərimə etmək mümkündür. Amma yenə deyirəm ki, bu halları aşkar etmək çətindir».
Bununla yanaşı, DYP rəsmisi bildirib ki, əgər vətəndaşlar küçəyə zibil atan sürücü və sərnişinlərin foto-videosunu yol polisinə təqdim edərlərsə, həmin xəta ilə bağlı tədbir görülə bilər: «Əgər kimdəsə belə foto və videolar varsa, çox xahiş edirik ki, onları bizə təqdim etsinlər. Bundan əlavə, düşünürəm ki, belə sürücülərin görüntülərini sosial şəbəkələrdə, ayrı-ayrı internet saytlarında, kütləvi-informasiya vasitələrində yayıb ictimai qınağa cəlb etmək lazımdır. Yəni, bu gün bəzilərinə 30-40 manat cəriməni ödəmək daha rahatdır. Amma belələri istəyər ki, etdiyi hərəkəti, küçəyə zibil atmasını başqaları görməsin. Belə insanların, sürücülərin, sərnişinlərin ən böyük cəzası ictimai qınağa cəlb olunmaqdır. Qoy həmin şəxslər etdiyi hərəkətin ayıb olmasını, mədəniyyətsizlik olmasını dərk etsinlər».
Elməddin Muradlı