Yol polisindən «Bozbaş Pictures»ə xəbərdarlıq – QANUNU POZURLAR

Yol polisi 18 May 2015 12:44 Oxunub 9072
Yol polisindən «Bozbaş Pictures»ə xəbərdarlıq – QANUNU POZURLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Bozbaş Pictures»in aktyorları DYP-yə çağırılıb və onlara irad bildirilib

 

 

«Seriallarda yol hərəkəti qaydalarının kobud şəkildə pozulması pis nümunə olur»

 

Son vaxtlar Azərbaycan teleməkanında yayımlanan yeni yerli teleseriallarda, filmlərdə yol hərəkəti qaydalarının kobud şəkildə pozulması halları təbliğ olunur. Məsələn, sükan arxasında mobil telefondan istifadə, təhlükəsizlik kəmərinin taxılmaması, sürət həddinin aşılması kimi hallar nədənsə rejissorların diqqətindən yayınır. Lakin əcnəbi seriallarda, filmlərdə, elə qardaş Türkiyənin seriallarında biz görürük ki, hətta filmin, serialın ən gərgin anlarında belə qəhrəmanlar sükan arxasında təhlükəsizlik kəmərindən istifadə edirlər, mobil telefonla yalnız blutuz vasitəsilə danışırlar. Bizdə isə qaydaları pozaraq pis nümunə olmaqla yanaşı, bəzən qanunları ələ də salırlar. Məsələn, ATV kanalında yayımlanan «Bobzaş Pictures» serialında yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə yanaşı, qanunlara qarşı açıq hörmətsizlik edilir. Belə ki, bu serialın qəhrəmanları sükan arxasında mobil telefonla danışır, təhlükəsizlik kəmərini taxmır, bəzən avtomobil hərəkətdə ola-ola hər iki əlini sükandan çəkib oynayır, hərəkətdə olan maşının pəncərəsindən bədənini yarıya kimi bayıra çıxarıb müxtəlif hərəkətlər edir, hətta, maşın sürə-sürə ayaqlarını pəncərədən bayıra çıxarıb şou göstərirlər. Belə hərəkətlərlə insanları güldürdüklərini düşünən qəhrəmanlar, əslində, başqaları üçün pis nümunə olurlar. 

Bu serialdakı gənclərin aktyorluq məharətini yüksək qiymətləndirmək olar. Onlar cəmiyyətdə sevilirlər. Onların bəzi hərəkətləri cəmiyyətdə müəyyən təbəqinin, xüsusən də gənclərin dilində, hərəkətlərində təkrar olunur. O zaman heç şübhəsiz ki, həmin aktyorların sükan arxasında etdiyi hərəkətləri də təkrar edənlər var. Bu qədər istedad varkən nədən yaxşı şeyləri təbliğ etmirlər? Nə üçün pis nümunələri hər serialda təkrar edirlər? 

Azərbaycanda Ş hərfi ilə nömrə olmadığı bir halda, «Bozbaş Pictures»in qəhrəmanları ŞŞ seriyası ilə saxta nömrəni necə və harada hazırlayırlar? Bunu yol polisi ilə razılaşdırırlarmı? Axı beynəlxalq qanunvericiliyə görə, nömrələrin hərifləri yalnız latın əlifbəasındakı həriflərdən ibarət olmalıdır. Dünyanın qəbul etdiyi qaydalarda isə Ş hərfi ilə nömrə yoxdur. Deməli, «Bozbaş Pictures» saxta nömrə hazırlayır. Bu da qununlara açıq-aşkar hörmətsizlikdir. Bunu televiziya ekranında açıq-aşkar nümayiş etdirmək isə başqalarına pis nümunədir. Çünki başqaları da bunu təkrar edə bilər.

Bu azmış kimi, bu yaxınlarda sözügedən serialın qəhrəmanları ŞŞ seriyası ilə hazırladıqları saxta nömrənin olduğu «Pobeda» markalı avtomobilin guya radara düşdüyünə dair MMX radar protokolunun oxşarını hazırlayaraq sosial şəbəkələrdə yayıblar. Bunun nəticəsində bəziləri elə zənn edib ki, həqiqətən də yol polisi «Bozbaş Pictures»in maşınını radara salıb. Özü də kilometrajı 160-dan o yana olmayan avtomobil guya 240-la radara düşüb. Çünki «Bozbaş Pictures»in əməkdaşları MMX radar protokolunun oxşarını elə hazırlamışdılar ki, bilməyənlər bunu həqiqi protokol zənn edib sosial şəbəkələrdə yol polisini gülüş obyektinə çevirmişdilər.

Bu və digər hallar, əlbəttə, cəmiyyətə pis nümunədir. Bu cür baxımlı serialda cəmiyyətə yol hərəkəti qaydaları ilə bağlı daha ciddi mesajlar verilə bilər ki, bu da təbliğat üçün vacib olar. Amma biz «Bozbaş Pictures» və digər bu kimi seriallarda, filmlərdə bunun tam əksini görürük.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, ayrı-ayrı prodakşnlar seriallar, filmlər çəkərkən müxtəlif neqativ hallara yol verirlər: «Bəlkə, özləri də bilmədən tamaşaçılarda pis vərdişlərin yaranmasına bilavasitə təkan vermiş olurlar. Sözsüz ki, bunlar yolverilməzdir. Biz nəinki televiziyalara, hətta Milli Teleradio Şurasına da müraciətlər ünvanlamışıq ki, televiziyalardan, prodakşnlardan tələb olunsun ki, bu seriallar, filmlər çəkilərkən istər nəqliyyat vasitəsini idarə edən, istərsə də avtomobildə sərnişin qismində əyləşən şəxslər təhlükəsizlik kəmərindən istifadə etsinlər. Çünki əhalinin bəzi hissəsi bu seriallara baxır və oradakı bəzi hərəkətləri özünə örnək kimi götürənlər olur. Bəzən serialdakı qəhrəmanların müxtəlif mənfi hərəkətlərini gənclər özünə nümunə kimi götürür. Xarici filmlərdə, seriallarda vəziyyət başqadır. Orada hətta cinayət törətmiş şəxs avtomobilə əyləşib qaçarkən belə təhlükəsizlik kəmərindən istifadə edir. Biz televiziyalara müraciətlərimizdə bu məqamları qeyd etmişik və bildirmişik ki, görün, xarici filmlərdə yol hərəkəti təhlükəsizliyinə necə önəm verirlər. Son vaxtlar çəkilən seriallarda görürük ki, artıq müəyyən irəliləyiş var, rejissorlar aktyorlardan yol hərəkəti təhlükəsizliyi ilə bağlı qaydalara əməl etməyi tələb edirlər. Ssenaridə bunları nəzərə alırlar».

O ki qaldı «Bozbaş Pictures» və digər bu kimi əyləncəli veriliş və seriallara, Kamran Əliyev bildirdi ki, onlar da bu məsələlərə diqqətlə yanaşmalıdırlar. Onun sözlərinə görə, bu tipli məsələlərlə bağlı «Bozbaş Pictures»ə bir neçə dəfə DYP rəhbərliyi tərəfindən irad bildirilib: «Bir müddət əvvəl «Bozbaş Pictures»in aktyorlarını Baş Dövlət Yol Polisinə İdarəsinə dəvət edib vəziyyəti izah etmişik. Amma indi görünür, onlar əhalini güldürmək üçün bu hərəkətləri davam etdirirlər. Lakin insanları güldürmək üçün başqa ideyalar da fikirləşmək olar. Mən dəqiq görməmişəm, amma doğrudan da maşından ayaqlarını çıxarmaq və digər bu kimi hallar varsa, bu, yaxşı deyil və qarşısı alınmalıdır».

 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh