Banner

Yol polisini saymayan vəzifəlilər saxlanıldı - FOTOLAR

Yol polisi 13 Dekabr 2014 13:52 Oxunub 3473
Yol polisini saymayan vəzifəlilər saxlanıldı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP iki gündür Göyçay və Ağdaş rayonlarında sürücülərə qarşı reyd keçirir; 500 sürücü cərimələnib

Baş Dövlət Yol Polisi İdarəsi Göyçay və Ağdaş rayonlarında qaydaları pozan sürücülərlə bağlı reyd keçirib. Avtosfer.az-ın verdiyi məlumata görə, reydlər zamanı 500-dən çox sürücü barəsində inzibati tədbir görülüb. Həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran sürücülər cəzalandırılıb. Bundan başqa, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul edib sükan arxasına keçən xeyli sayda sürücü müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Reyd zamanı yol polisi əməkdaşlarının göstərişlərinə əməl etməyən, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib asayiş keşikçilərinə tabe olmaq istəməyən sürücülərə də rast gəlinib. Yoxlanış zamanı bir neçə vəzifəli şəxs də polisin dayanmaq göstərişinə əməl etməyib. Həmin sürücülər saxlanılaraq lazımi tədbirlər görülüb.

Reydlərdə Baş Dövlət Yol Polisi İdarəsinin şöbəsinin müdiri, polkovnik Ərəstun Məcidov da iştirak edib. O, jurnalistlərə açılqlamasında bildirib ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən yol polisi əməkdaşları tərəfindən Ağdaş, Yevlax və Göyçay rayonlarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı yol nəqliyyat hadisələrinin baş verməsinə biləvasitə səbəb ola biləcək qayda pozuntuları aşkar edilib.

Ərəstun Məcidov qeyd edib ki, iki gün ərzində 3 rayonda keçirilən reydlər zamanı yol polisi əməkdaşlarının qanuni tələbinə qəsdən əməl etməyən və ona müqavimət göstərən 3 nəfər şəxs saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsilə materiallar tərtib olunaraq məhkəməyə göndərilib. Həmçinin, reyd zamanı 200-dən çox sürücü təhlükəsizlik kəmərindən istifadə etməməsilə bağlı, 5 sürücü avtoxuliqanlıq etdiyi üçün inzibati məsuliyyətə cəlb olunub. 500-dən çox sürücüyə isə şifahi xəbərdarlıq edilib. Onlarla profilaktik söhbət aparılıb. O, reydlər keçirilən rayonlarda əhalinin bu cür tədbirləri yüksək qiymətləndirdiyini bildirib.

Reydlər zamanı qayda pozan sürücülər tibbi müayinəyə cəlb edilərkən onlardan 6 nəfərin narkotik maddə qəbul edərək sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi müəyyən olunub.

Qeyd edək ki, 2014-cü ilin əvvəlindən bəri ölkədə baş verən 2533 yol-nəqliyyat hadisəsi zamanı 1052 nəfər ölüb, 2590 nəfər xəsarət alıb. Ötən ilin 11 ayı ilə müqayisədə bu il ölkəmizdə yol-nəqliyyat hadisələrinin, eləcə də ölən və yaralıların sayı azalıb. Bu ilin 11 ayı ərzində ölkədə 2429 hadisə qeydə alınıb. Nəticədə 1023 nəfər ölüb, 2453 nəfər xəsarət alıb. 2014-cü ildə baş verən hadisələrin sayı ötən illə müqayisədə 217 ədəd azdır. Bundan əlavə hadisələr zamanı ölənlərin sayı 38 nəfər, yaralıların sayı isə 309 nəfər azdır. Dekabrın ötən 11 günü ərzində isə ölkədə 104 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bu hadisələr zamanı 29 nəfər dünyasını dəyişib, 137 nəfər xəsarət alıb.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh