Yol polisinin gecə həyatı; içənlər, çəkənlər, qaçanlar – REYDDƏN ŞOK VİDEO
DYP-nin keçirdiyi reyd zamanı 200-ə yaxın sürücü cəzalandırldı
Dekabrın 5-də və 6-da gecə saatlarında Bakıda yol hərəkəti təhlükəsizliyini gücləndirmək məqsədilə, habelə sərxoş və avtoxuliqanlıq edən sürücülərə qarşı genişmiqyaslı reyd keçirilib. Avtosfer.az-ın əməkdaşı da reyddə iştirak edib. Görülən tədbirlərlə bağlı müşahidələrimizi qələmə almaq qərarına gəldik ki, hər kəs Bakının gecə həyatından və yol polisi əməkdaşlarının hər cür əziyyətə qatlanıb necə xidmət aparmasından xəbərdar olsun.
Bəri başdan deyim ki, paytaxtın bütün ərazilərini əhatə edən reyddə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbər şəxsləri, bölmə və şöbə əməkdaşları, 8 və 11-ci tağımın, eləcə də eskort-müşaiyət tağımının şəxsi heyəti iştirak edib. Təxminən 50-dən artıq yol polisi əməkdaşının qatıldığı reyddə jurnalistlərin də iştirakı qayda pozan sürücülərin «kefinə soğan doğrasa» da, cəmiyyət belələrini görüb tanımalı və onlar ictimai qınağa cəlb olunmalıdırlar.
Təəssüf doğuran məqam budur ki, iki günlük reyd zamanı saxlanılan sürücülər arasında 10-a yaxın xanım sürücünün də olması heç də yaxşı hal deyil. Üstəlik, onların arasında sərxoş vəziyyətdə avtomobil idarə edənlərin olduğunu və bir xanımın sərxoş halda qəza törədib yol polisindən qaçmağa çalışdığını da demək ağırdır. Görünür, gender bərabərliyi sərxoş və «avtoş» sürücülər arasında da özünü göstərməyə başlayıb.
İki gecəlik reyddə iştirak etmək elə iki gecə yol polisi həyatı yaşamaq kimi bir işdir və bu, doğrudan da, çətin işdir. Hər tip insana rast gəlmək mümkündür. Birini saxlayırsan, düşən kimi deyir, «generalın oğluyam». Başqası deyir, «məhkəmə işçisiyəm». Sükan arxasında sərxoş tutulan xanım sürücü «dövlət işçisiyəm» deyir. Adam belələrinin yerinə xəcalət çəkir. Hələ başqa ad çəkənlər də oldu. Lakin bu reyddə şəxsən mən həmin ad çəkənlərin, iş yeri ilə hədə-qorxu gələnlərin sərbəst buraxılacağını düşünməyə başlasam da, gözlədiyimin əksini gördüm. Onların hamısı məsuliyyətə cəlb olundu. İzlədiyiniz video və fotolarda həmin şəxslər də var və konkret ad çəkmədən, kiminsə işinə, ailəsinə problem yaratmadan sadəcə bununla kifayətlənirik. Yəqin onlar özləri də bunu görür və özlərindən əlavə, dost-tanışları, yaxınları da xəbər tutub. Bütün bunlar ictimai qınağın bir formasıdır.
Təsəvvür edin, tranzit nömrə ilə avtomobil idarə edən Yalçın adlı şəxs maşındakı nömrənin saxta olduğunu bilə-bilə «dünya çempionuyam, hörmət edin gedim» deyir. Amma «hörmət» görməyəndə jurnalistlərə hücum çəkib təhqir edir. Axırda da maşını cərimə meydançasına aparıldı.
Başqa bir idmançı isə sərxoş vəziyyətdə müayinəyə gətirilərkən «araq içmişəm də, cinayət törətməmişəm ki» deyib, özünə haqq qazandırırdı. Görəsən, bu təfəkkürlə yaşayan «idmançı» nə vaxtsa irəli gedə biləcəkmi?
Maşın cərimə meydançasına, sürücü məhkəməyə…
«Pajero» markalı, 10 SH 016 və 90 LP 918 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri şəhərin mərkəzində sərxoş vəziyyətdə avtoxuliqanlıq edir, polisə tabe olmur, sonra da qaçıb gizlənirlər. 90 KA 992 nömrəli maşının sürücüsü yolu tərsinə gedir. 10 MK 530 dövlət nömrə nişanlı «BMW»nin sürücüsü narkotik tərkibli dərman atdığını və «hallı olduğunu» fəxrlə deyirdi.
10 LK 287 dövlət nömrə nişanlı «07»nin sürücüsü Turalın 20 yaşı var. Heç yerdə işləmir. Neftçilər prospektində «avtoş»luq edib, nömrəni çirkli saxlayıb və buna görə də polis onu saxlamağa çalışdıqda qaçmağa başlayıb. Xeyli qaçdı-qovdudan sonra süni tıxac yaradaraq Turalı «Nargilə»də tutmaq mümkün oldu. Yolda bir maşını vurub qaçan bu sürücü and-aman edirdi ki, «avtoş»luq etməyib, sadəcə, çoxlu sayda ödənilməmiş cəriməsi olduğu üçün saxlanılıb. Bütün hallarda, maşın cərimə meydançasına, sürücü isə məhkəməyə aparıldı…
Gündüz arvad paltarı satır, gecə «fifa» siqnalla 100 minlik maşın sürür
Reyd zamanı qadağan olunmuş səs siqnallarından istifadə edən sürücülərə də rast gəldik. Gecə vaxtı əhalinin sıx yaşadığı küçə və yollarda əcaib səslər çıxaran səs siqnallarından istifadə edən sürücülərin də işi məhkəməlik oldu. Çünki məhkəmə qərarı ilə həmin siqnallar müsadirə olunub məhv edilir. Yol polisi isə ən azı 500 manat cərimə yazır, əməli təkrar törədənləri isə 1000 min manat cərimə gözləyir.
Təsəvvür edin ki, həmin siqnalı 2 min manata aldığını deyən bir sürücü tanınmış ticarət mərkəzlərinin birində qadın paltarı satır. Sürdüyü maşın da elə-belə maşın deyildi, aşağı-yuxarı 80-100 min qiyməti olardı. Baxın, qışın soyuğunda, yayın istisində alver edib pul qazanır, onu da aparıb «fi-fa» siqnala verir. Özü də boynuna alır ki, bu siqnalın qadağan olunduğunu bilir. Görəsən, beləsinin axırı necə olacaq?
İldırımsürətli maşınlar və çala-çökək yollar
Reyd zamanı ekstremal hallar da yaşadıq. 9-cu mikrorayon istiqamətində hərəkət edən «Mersedes» markalı 90 TV 411, nömrəsi tnanzit 525 olan «Niva»nın sürücüsü sərxoh halda «avtoş»luq edib svetoforun qırmızı işığında hərəkət etmişdilər. DYP rəhbərliyi radioqəbuledici vasitəsilə həmin maşınların saxlanılması barədə göstəriş verəndən sonra onlara «saxla» işarəsi verildi. Elə ki, sürücülər DYP maşınlarının sayrışan işıqlarını gördülər, sanki ildırım çaxdı. Şəxsən mən darısqal yollara o cür sürətlə girən maşınları ilk dəfədir gördüm. Özü də, bunlar hələ təqib olunmurdular. Sadəcə, «saxla» işarəsi verildi. 5 saniyədə binaların arasında necə yoxa çıxdılarsa, izləri-tozları da qalmadı. Biz maraq üçün həmin yerə girib baxmaq istədik. Lakin yollar o qədər bərbad halda idi ki, giriləsi deyildi. O maşınların o cür çala-çökək yollarda azı saatda 100-120 sürətlə necə hərəkət etməsinə hər kəs təəccüblənmişdi.
Vaqif küçəsində ağ rəngli «Niva»nın sürücüsünü də «avtoş» kimi saxladılar. Ayaq üstdə güclə dayanan sürücünün sənədləri yox idi. Onun dediyinə görə, maşın başqasınındır, o da götürüb sürür və gecə saat 3-də yudurtmağa aparır(?!): «Mən maşını belə götürmüşəm».
Videoda hər şey aydın görünür. 90 RO 011 nömrəli «Niva»nın bütün şüşələri pərdə və plyonkadır. Ön tərəfi qaldırılıb, arxası da aşağı salınıb. Elə buna görə də, sürücü «moyka»ya yox, məhkəməyə gedəsi oldu.
Yeri gəlmişkən, iki günlük reyddən aydın oldu ki, «avtoş»lar öz əməllərini daha «07»lərdə yox, «Niva» və «Priora»larda davam etdirirlər.
Gecə yarısı nömrə təmizlədilər
Avtomobilin dövlət nömrə nişanını çirkli vəziyyətdə saxlayan sürücülərə də rast gəldik. Bəziləri özünə haqq qazandırdı ki, «xəbərim yoxdur». Amma onlara izah edildi ki, xəbəri olmamaq sürücünü məsuliyyətdən azad etmir. Həmin sürücülər reyd zamanı nömrələri təmizlədilər və cərimə olundular.
Avtomobili qadağan olunmuş yerlərdə saxlayan, eləcə də ikinci-üçüncü cərgədə park edib tıxac yaradan sürücülərə də rast gəldik. Bahalı maşınlarla bahalı restoranların qarşısında bu cür inizamsızlığa yol verən sürücülərdən cərimələnənlər də oldu, tənbeh edilib başa salınanlar da. Söz verdilər ki, bir daha belə etməyəcəklər. Kaş ki, sözlərinə əməl edəydilər. Amma şəxsən mən inanmadım. Çünki bu reyddə bir daha əmin oldum ki, bizim sürücülərin əksəriyyəti yalnız və yalnız polis və jurnalist kamerası görəndə özünü yığışdırıb qayda-qanuna əməl edirlər.
Yol polisinə güc göstərən sürücülər
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədovun Avtosfer.az-a bildirdiyinə görə, iki günlük reyd zamanı tabesizlik nümayiş etdirərək yol polisinə qarşı müqavimət göstərən 21 sürücü barəsində müvafiq tədbir görülməklə cərimələnib. Bundan əlavə, avtoxuliqanlıq edən 22 sürücü DYP əməkdaşları tərəfindən saxlanılıb. Onların barəsində protokol tərtib olunduqdan sonra rayon məhkəmələrinə aparılıb və hər biri barəsində müxtəlif müddətlərə inzibati həbs qərarı çıxarılıb.
Reyd zamanı sərxoş vəziyyətdə «avtoş»luq edən sürücülərə də rast gəlinib. Onların sayı 7 nəfər olub və saxlanılaraq məhkəmələrə aparılıblar. Ümumilikdə isə reyddə avtomobili sərxoş vəziyyətdə idarə edən 78 sürücü aşkar olunaraq barələrində tədbir görülüb. Həmin sürücülər cərimələnməklə yanaşı, avtomobilləri cərimə meydançasına aparılıb.
Vaqif Əsədovun dediyinə görə, yol polisindən qaçmağa çalışan 11 sürücü müxtəlif vasitələrlə saxlanılıb. İki gün ərzində 5 sürücü yol polisinin «saxla» əmrinə tabe olmayaraq qaçmağı bacarıb: «Onların barəsində raport hazırlanıb və növbəti günlərdə tapılıb məsuliyyətə cəlb olunmaları təmin ediləcək. Bəziləri yolda hərəkət edərkən saxlanılır, bəzilərini yaşadığı ünvanda tapmaq mümkündür. Bütün hallarda, onlarda qaçmaqla vəziyyətlərini daha da ağırlaşdırırlar».
Reyd keçirilən günlərdə yol polisinə tabe olmamaqla yanaşı, fiziki güc tətbiq etməklə kobudluq edən, DYP maşınlarına qəza şəraiti yaradıb qaçmağa çalışan bir neçə sürücü isə Post-Patrul Xidməti əməkdaşları tərəfindən polis bölmələrinə aparılıb.
Artıq 20 gündür istifadəsi qadağan olunmasına baxmayaraq pərdə və plyonka ilə avtomobil idarə edən 10 sürücü də yol polisi tərəfindən cərimə edilib. Avtomobillərdən plyonkalar yerindəcə soyulub, pərdələr yığışdırılıb. Həmin avtomobillərin bir neçəsində konstruksiya dəyişikliyi aşkarlandığı üçün nəqliyyat vasitələri cərimə meydançalarına aparılıb. Nəqliyyat vasitəsini heç bir sənəd olmadan idarə edən 5 sürücü də saxlanılıb. Onların maşınları da cərimə meydançasına aparılıb. Həmin sürücülərdən yalnız biri 1 saatdan sonra sənədləri tapıb gətirdiyi üçün avtomobil cərimə meydançasından buraxılıb.
DYP əməkdaşları avtomobili palçıqlı, dövlət nömrə nişanı görünməz halda idarə edən 6 sürücünü də cərimələyib. Reyd zamanı psixotrop maddənin təsiri altında avtomobil idarə edən 1 sürücü saxlanılıb.
Aeroport yolunda keçirilən reyd zamanı isə yüksək sürətlə hərəkət edən, səsboğucu qurğusuna müdaxilə olunduğu üçün gurultulu səs çıxaran 8 bayker saxlanılıb. Onların idarə etdiyi motosikletlər də cərimə meydançasına aparılıb.
Reydlərin olduqca əhəmiyyətindən danışan Vaqif Əsədov bildirib ki, bu cür reydlər mütəmadi keçiriləcək: «Çünki son vaxtlar yol hərəkəti qaydalarının pozulması halları narahatçılıq doğurub, eləcə də, yol polislərinə də qarşı kobudluq edən sürücülərin sayı artıb. Əsasən də gecə saatlarında sərxoş və avtoxuliqanlıq edən sürücülərlə bağlı məlumatlar əldə edirik. Belə hallara qarşı mübarizə aparmaq məqsədilə rəhbərliyin də iştirakı ilə genişmiqyaslı bir reyd keçirmək qərarına gəldik. Kütləvi informasiya vasitələrinin də qatıldığı reyddə məqsəd odur ki, kobud qayda pozuntusuna yol verən, yol polisinə qarşı hətta fiziki güc tətbiq edən sürücüləri aşkar edib cəzalandıraq. Həm də, ictimaiyyət belə sürücüləri tanısın. Hesab edirik ki, bu cür kobud sürücüləri ictimai qınağa cəlb etməklə qaydalara əməl etmək vərdişini aşılaya bilərik. Bu baxımdan, belə reydləri mütəmadi şəkildə keçirəcəyik. Bir məqama xüsusi toxunmaq istərdim ki, reyd zamanı olduqca maraqlı bir hal müşahidə olundu. Belə ki, bəzi sürücülər yol polisinə tabe olmayıb kobudluq nümayiş etdirsə də, jurnalistlərin çəkiliş apardığını görən kimi özlərini yığışdırıb əmrə tabe olurdular. Sözsüz ki, əmrə tabe olmayanlar da oldu. Lakin onlar da məsuliyyətdən kənarda qalmayacaqlar».
İnamla yalan arasında qalan DYP
Gecələr avtoxuliqanlara qarşı təkcə yol polisi deyil, Post-Putrul Xidməti, Çevik-Polis Alayının əməkdaşları da mübarizə aparır. Hər bir çağırışa, hər bir müraciətə dərhal cavab verilir. Gənc və idmançı cüssəli bu polislərin gecə yarısı yuxulamadan, deyib-gülərək şən əhval-ruhiyyədə xidmət aparması bizi daha da ruhlandırdı. Bu hissi sözlə ifadə etmək bir qədər çətindir. Görmək daha yaxşı olardı. Sadəcə olaraq, onların əksəriyyəti əməliyyatçı olduğu üçün üzlərini çəkib göstərmək yaxşı deyil. Əsas odur ki, evimizdə rahat yata bilərik. Çünki bizi qoruyan polis var. Həqiqətən də, bu iki günlük «yol polisi» rolunda o qədər hadisələrin şahidi oldum ki, «polis olmasa, şəhəri dağıdarlar» kəlməsini bütün dost-tanışa ucadan demək istəyirəm. Təsəvvür edin, polis Bakının Həsən Əliyev küçəsi kimi darısqal bir küçədə saatda 180 km sürətlə hərəkət edən maşını saxlayıb, sürücü oturub maşında, telefonla danışır, pəncərəni də aşağı salmır ki, söz deyəsən. Gecənin şaxtalı havasında 20 dəqiqə bu sürücüyə nəyisə başa salmaq, qanuna əməl etməyə dəvət etmək çətin məsələdir. Amma DYP əməkdaşları bunu bacardı. «Evakuator çağırın» sözünü eşidən kimi sürücü qapını açıb təslim oldu. Əlbəttə, bu, polisin taktikası idi. Amma hər sürücünün də nazı ilə oynamaq çətin məsələdir. Sürücü var ki, Allaha and içib sərxoş olmadığını deyir. Biz az qala inanmışdıq. Lakin yol polisləri şübhələndikləri üçün onu müayiəyə apardıqda ağır dərəcəyi sərxoşluq müəyyən edildi.
Biz iki gün ərzində gördüklərimizi yazdıq, siz də oxudunuz. Amma polis, xüsusən də yol polisi bunu hər gecə görür və yaşayır.
Elməddin Muradlı