Yol polisnin kağıza qənaəti sürücüləri narazı saldı - FOTO

Yol polisi 13 Sentyabr 2014 12:45 Oxunub 2798
Yol polisnin kağıza qənaəti sürücüləri narazı saldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lənkəran şəhər DYP İdarəsi sürücüyə radar məktubu göndərərkən lazım olan materialları «unudur»

Bugünlərdə Lənkəran şəhərindən olan bir qrup sürücü Avtosfer.az saytına müraciət edərək dövlət yol polisinin fəaliyyətindən narazılıq ediblər. Məlum səbəbdən adlarının çəkilməsini istəməyən sürücülər bildirirlər ki, Lənkəran şəhər Dövlət Yol Polisi İdarəsindən sürücülərə göndərilən radar məktublarında çatışmazlıqlar var: «Lənkəranda qeydiyyatda olan avtomobillər «agıllı radar»a düşəndə Lənkəran DYP tərəfindən sürücüyə balaca kagızda məktub gəlir. Məktubda yazılır: «Xüsusi texniki vasitənin görüntüləri və protokolun surəti sizə göndərilir».

Amma qeyd etdiyimiz sənədlər məktuba əlavə olunmur. 2 ildən artıqdır ki, Lənkəran DYP-i vətəndaşları bu formada aldadır. Dəfələrlə iradlarımızı bildirsək də, nəticəsi olmayıb. Bizə bildiriblər ki, həmin sənədləri göndərməyə borclu deyilik. Sürücü təyin olunmuş otağa dəvət olunur və komputer qarşısında onlara harada və nə vaxt radara düşdükləri deyilir. Təxminən bir ildir ki, proses bu cür davam edir. Dəvət edirlər 3 nömrəli otağa. Gedirsən ora. Deyirlər ki, filan qədər crimən var. Dyirsən ki, sübut elə. Sürücülərə komputer vasitəsilə cərimənin yeri və tarixi barədə məlumat verirlər. Yəni komputerin monitorunu çevirirlər sürücüyə tərəf, sürücü də komputerdə maşınının şəkilini görüb inanır».

Şikayətçilərin bildirdiyinə görə, onlardan biri Lənkəran DYP-də bu halla bağlı etirazını bildirib və qanunun tələbi ilə sürücüyə bildirişlə yanaşı, digər müvafiq sənədlərin də göndərilməsini tələb edib. «Bildirdim ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə mənim sənədlərlə tanış olmaq hüququm var, niyə onları məktuba əlavə etməmisiniz? Cavab verdilər ki, bu, Bakının radarıdır, biz borclu deyilik onu məktuba əlavə edək. Polis kapitanı Rəsul Şükürov bu işə baxır. Qabaqlar cərimələri biz onlara verərdik. Sonralar banka ödəməyə başladıq».

Yaranmış vəziyyətlə bağlı yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, qeyd olunan halda inzibati xəta haqqında elektron protokol tərtib edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 429-3.3.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında elektron protokolda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar göstərilməli və inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar bu protokola əlavə edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 429-6.2.3-cü maddəsində isə deyilir ki, inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində rəsmi qaydada xəta törətmiş şəxsə verilir (göndərilir). Deməli, qayda pozmuş şəxsə göndərilən bildirişə mütləq protokol və sürət rejimini pozmanı əks etdirən fotoşəkil və ya videogörüntü əlavə edilməlidir. Bunlar əlavə edilmədən sadəcə bildirişin göndərilməsi Məcəllənin qeyd olunan normalarını pozur. Həm də nəzərə almaq lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 429-2-ci maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən DYP orqanına çağırılmasıni qadağan edir. Bu normaya da riayət edilməlidir.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh