"Audi e-tron" krossoverləri yenilənib və "Q8" ailəsinə qoşulublar - FOTO
Dörd il ərzində 150 min nüsxədən çox satılan Audi e-tron elektrik krossoverinin planlaşdırılan modernləşdirilməsi ad dəyişikliyi ilə üst-üstə düşüb. Xatırladaq ki, e-tron Audi markasının ilk seriya elektromobili olub və buna görə də alman istehsalçısı ona heç bir seriyaya bağlamadan sadə ad vermək qərarına gəlib.
Xatırladaq ki, ilk dəfə belə şərəfə tamötürməli olan Audi quattro kupesi layiq görülmüşdü. Amma artıq Audi markasının elektrik xəttində e-tron GT sedanı, Q2 L e-tron, Q4 e-tron və Q5 e-tron krossoverləri var, yeni elektrik avtomobilləri də yoldadır, ona görə də ilk e-tron krossoveri Audi Q8 ailəsinə daxil edilib.
Audi Q8 e-tron quattro
Bu birləşmə unifikasiyanı genişlənməyib: elektrik avtomobillərini Q8 benzin və dizel krossoverləri ilə yalnız şassi elementləri və bəzi elektron sistemlərin blokları yaxınlaşdırır. Bununla belə, keçmiş Audi e-tron modeli indi Audi Q8 e-tron adlanır, kupeyə bənzər variant Audi Q8 Sportback e-tron, ən güclü e-tron S isə Audi SQ8 e-tron modelinə çevrilib.
Eksteryer dizaynındakı dəyişikliklər azdır: onlar fərqli bamperlər, daha böyük hüceyrələrə malik ön barmaqlıq (Q8 modelinin üslubunda tərtib edilib), arxa tərəfdəki böyüdülmüş diffuzor, təkər disklərinin yeni dizaynından ibarətdir.
Audi Q8 e-tron Sportback
İlk dəfə olaraq, mərkəzi sütundakı qapı çərçivələrində modelin tam adı olan bir yazı meydana çıxıb: sonradan bu fənddən bütün model xəttində istifadə olunacaqdır. SQ8 modellərində barmaqlıq və onun çərçivəsi eyni rəngə, Q8 modellərində isə müxtəlif rəngə boyanırlar.
Yeni dayaq üzərində aerodinamik tunelində ciddi şəkildə işlənilib, üstəlik avtomobilin altındakı qalxan və spoylerlərin konfiqurasiyası dəyişdirilib. Nəticədə, baza krossoverinin aerodinamik müqavimət əmsalı 0,28-dən 0,27-yə endirilib. Arxa təkərlər sahəsində əlavə qalxan əldə etmiş Sportback variantında isə bu rəqəm 0,25-dən 0,24-ə endirilib. Krossoverlərin ümumi uzunluğu 4901-dən 4915 millimetrə qədər artıb.
Elektrik texnikası da modernləşdirilib. İki mühərrikli versiyalarda yeni arxa elektrik mühərriki peyda olub: sarğıdakı dönmələrin sayı 12-dən 14-ə qədər artırılıb, nəticədə enerji sərfiyyatı azalıb. Audi Q8 50 e-tron quattro baza modelində iki mühərrikin ümumi hasilatı 313 at qüvvəsi və 540 Nm-dən 340 at qüvvəsi və 664 Nm- qədər artırılıb.
Dartma batareyasının effektiv tutumu isə 64,7-dən 89 kilovat/saata qədər artırılıb, beləliklə, Dolu batareya ilə yürüş ehtiyatı 341-dən 491 kilometrə (WLTP) yüksəlib (Sportback versiyasında 505 kilometrə).
Audi SQ8 Sportback e-tron quattro
Audi Q8 55 e-tron quattro modelindəki mühərriklərin hasilatı eyni qalıb: 408 at qüvvəsi və 664 Nm. Audi SQ8 krossoverləri də arxa oxda iki müstəqil elektrik mühərriki olan üçmühərrikli güc qurğusunu qoruyub saxlayıb. Ümumi hasilat da dəyişməyib (503 at qüvvəsi, 973 Nm). Amma hər iki modifikasiyada 86,5 kilovat/saatlıq batareyanın əvəzinə 106 kilovat/saatlıq variant quraşdırılır.
Buna görə də, yürüş məsafəsi nəzərəçarpacaq dərəcədə artıb: ikimühərrikli krossoverin yürüş ehtiyatı 436-dan 582 kilometrə, üçmühərrikli versiyanın isə 370-dən 494 kilometrə yüksəlib. Axıntılı kuzovu olan Sportback modelərinin ehtiyatı isə, müvafiq olaraq 600 və 513 kilometrdir. İkimühərrikli avtomobillərin maksimal sürəti 200 km/saat ilə məhdudlaşır, üçmühərrikli avtomobillər isə 210 km/saata qədər sürətlənə bilərlər.
Audi SQ8 e-tron quattro
Dəyişən cərəyanlı yükləmə cihazı əvvəlki kimi 11 kilovata və ya 22 kilovata (opsional) hesablanıb. Lakin daimi cərəyanlı yükləmə cihazının gücü artırılıb: baza versiyasında 120-dən 150 kilovata, digər modifikasiyalarda isə 150-dən 170 kilovata qədər yüksəldilib.
Sükan mexanizminin ötürmə nisbəti dəyişdirilib: sükan daha kəskin olub. Pnevmatik asqının tənzimləmələrinə də yenidən baxılıb – belə asqı artıq standar təchizata daxildir və klirensin hündürlüyünü 76 millimetr diapazonda dəyişə bilir.
Audi Q8 e-tron quatrro
Amma interyer demək olar ki, dəyişməyib. Ön paneldə əvvəlki kimi üç ekran var (cihazlar paneli, media sistemi və klimat-kontrol), onların ölçüləri dəyişməyib, opsiyalar siyahısına isə proyeksiya displeyi daxil edilib. Tərtibat materiallarına yenidən baxılıb.
Məsələn, təkrar emal edilmiş plastik butulkalardan hazırlanmış yeni oturacaq üzlüyü var. Təkrar emal edilmiş materiallarından səs izolyasiyası və döşəmə örtüyünün hazırlanmasında istifadə olunur. Yeni bir opsiya - pultdan uzaqdan idarəetmə funksiyası olan avtoparklayıcıdır.
Audi Q8 e-tron elektromobillərinin satışı yalnız gələn il başlanacaqdır. İlk satış bazarı Almaniya olacaqdır. Avtomobillər diler salonlarında fevral ayında peyda olacaqlar. Minimal qiymət 74 400 avrodan başlayır.
autograph.az