"Bentley Bentayga" hibrid krossoveri iki yeni versiyaya sahib olub - FOTO
Bentley şirkəti Bentayga hibrid krossoverinin iki yeni versiyasını təqdim edib - idman üslublu Bentayga S və rahatlığa köklənmiş Bentayga Azure. Hər iki modifikasiya da təkmilləşdirilmiş güc qurğusuna və xüsusi təchizata sahib olub. Məsələn, Bentayga S modeli daha sərt amortizatorlara və yenidən sazlanmış sabitləşdirmə sisteminə malikdir, Bentayga Azure isə, rahat ön oturacaqları və Touring Specification elektron köməkçilər dəsti ilə öyünə bilər.
İdman üslublu Bentayga S və komfortlu Bentayga Azure artıq hibrid güc aqreqatı ilə təklif olunurlar. Hibrid güc qurğusu əvvəlki 3,0-litrlik V6 biturbo mühərrikinə əsaslansa da, yeni elektrik üstqurumuna sahib olub. Üstəlik, hibridin təchiz edildiyi batareyanın tutumu da 17,3-dən 18 kilovat/saata, elektrik mühərrikinin hasilatı isə, 136 at qüvvəsinə və 400 Nm-ə qədər artırılıb.
Hibrid qurğunun ümumi hasilatı 462 at qüvvəsi və 700 Nm təşkil edir ki, bu da hibrid krossoverin 100 km/saata sürətlənmə müddətini 0,2 saniyəyə azaltmağa imkan verib. Hazırda Bentayga S modeli bu işə 5,3 saniyə sərf edir.
Bentayga S Hybrid krossoveri elektrik ötürməsi ilə 40 kilometrdən çox məsafə qət etməyə və maksimal 254 km/saata qədər sürətlənməyə qadirdir. Adi Bentayga S V8 modeli kimi, S indeksli model daha sərt amortizatorları əldə edib, sabitləşdirmə sisteminin Sport rejimi isə yenidən sazlanıb.
Üstəlik, səs sistemi sayəsində, mühərrikin salondakı səsi daha dolgun eşidilir. Ən əsası isə, bu səsi ön və arxa sərnişinlər üçün ayrıca tənzimləmək mümkündür.
Bentley Bentayga S krossoverləri standart olaraq Blackline anti-xrom paketi ilə təchiz olunurlar. Bu paketə 22-düymlük təkər diskləri və qırmızı əyləc supportları da daxildir.
Digər mütləq atributlar arasında isə, Speed versiyasından götürülmüş spoyler, tündləşdirilmiş arxa işıqlar və buraxılış sisteminin oval formalı çıxış boruları var. İnteryerin tərtibatında Dinamica mikrofiberi və əlbəttə ki, əsl dəri istifadə olunur.
Azure seriyasından olan krossoverlər S indeksli modellərin tam əksidir. Onlar standart olaraq 22 istiqamətdə tənzimlənən, qızdırılma və havalandırma funksiyaları olan rahat ön oturacaqlarla təchiz edilirlər.
Bundan əlavə, krossoverlər Touring Specification elektron köməkçilər dəsti ilə təchiz olunur və 15 variantda interyer tərtibatını nəzərdə tuturlar. Bentayga Azure Hybrid krossoverlərini seçmiş müştərilər ətraf işıqlandırmasına, iki rəngli qızdırılan sükan çarxına və 22-düymlük təkər disklərinə görə əlavə pul ödəmək məcburiyyətindən azaddırlar.
autograph.az