Beşinci nəsil "Toyota Prius" - iki hibrid versiya və tam ötürmə - FOTO

Avtodünya 16 Noyabr 2022 19:45 Oxunub 1996
Beşinci nəsil "Toyota Prius"  - iki hibrid versiya və tam ötürmə  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Toyota markasının ilk seriya hibridi olan Prius modelinin bu il 25 yaşı tamam olur. 1997-ci ildən bəri dünya üzrə 5,05 milyon ədəd Toyota Prius modeli satılıb! Toyota şirkəti göstərilən müddət ərizndə bu avtomobil parkının, benzinlə işləyən avtomobillərlə müqayisədə, CO2 emissiyalarını 82 milyon tondan çox azaltmağa nail olduğunu bildirir.

Bir neçə il əvvəl Toyota elektromobillərin yaradılması üzərində fəal şəkildə işləməyə başlayıb, lakin onlar hələ də bahadırlar və hamı üçün uyğun deyillər. Bu səbəbdən də, yapon istehsalçısı artıq öz tutarlığını sübut etmiş hibridlərlə işləməyə üstünlük verir. Elan edildiyi kimi, bu gün beşinci nəsil Prius təqdim olunub.

 

Yeni Prius çox effektiv alınıb. Tərtibatçıların da əsas məqsədi məhz belə reaksiyaya nail olmaq idi: planlaşdırıldığı kimi, yeni Prius yalnız aşağı yanacaq sərfiyyatı ilə deyil, həm də dizaynı ilə alıcıları cəlb etməlidir. Prius modelinin ikinci nəsilində peyda olan beşqapılı liftbek form-faktoru saxlanılıb. Bununla belə, təmiz xətləri və böyük təkərləri (19 düymədək) olan pazşəkilli siluet tamamilə yenidən çəkilib.

Hibridin təkər bazası əvvəlki modellə müqayisədə 50 millimetr (2750 millimetr) uzadılıb. Yeni liftbək sələfindən 25 millimetr uzun (4600 millimetr) və 20 millimetr enlidir (1780 mm), lakin ondan 40 millimetr alçaqdır (1430 millimetr). Arxa çıxıntı 50 millimetr qısalsa da, ön çıxıntı 25 millimetr uzanıb. Baza hibridi (HEV) və plagin hibridi (PHEV) indi təkərlər istisna olmaqla, eyni görünürlər.

Toyota Prius HEV

Yeddi il əvvəl, cari Prius modeli TNGA modul arxitekturasında (GA-C platforması) inşa edilən ilk model olmuşdu. İndi isə, yeni hibrid TNGA platformasının təkmilləşdirilmiş versiyasını alan ilk modeldir. Arxitektura eynidir: öndə McPheron dayaqları, arxada isə müstəqil ikiqollu asqı var, dartma batareyası isə, arxa divanın altında yerləşir. Lakin Prius modelinə drayver avtomobili xarakterini vermək üçün onun ağırlıq mərkəzi aşağı salınıb, kuzovun sərtliyi isə artırılıb.

Benzin və elektrik mühərrikinin dartma qüvvəsini birləşdirən elektromexaniki variatoru olan firma hibrid transmissiyası yerini qoruyub. Toyota şirkəti hələ də Prius modelini öz sinfindəki ən səmərəli hibrid adlandırır. 

Toyota Prius PHEV

Baza versiyası 1,8-litrlik benzin mühərrikini saxlanılacaqdır, lakin sistemin pik gücü 122-dən 140 at qüvvəsinə qədər artırılıb. İlk dəfə olaraq, ona 2,0-litrlik astmosfer mühərrikinə əsaslanan hibrid qoşulacaqdır: belə qurğunun gücü 193 at qüvvəsidir. Hibridin 100 km/saata qədər sürətlənmə vaxtı müvafiq olaraq 9,3 və 7,5 saniyə təşkil edir. Əlavə ödəniş qarşılığında arxa oxda ayrıca elektrik mühərriki olan E-Four tam ötürməsi təklif olunur.

Çeşidin zirvəsində, əvvəlki kimi, Prius PHEV plagin hibridi durur, lakin onun mövqeləndirilməsi yenidən nəzərdən keçirilib. İndi bu, sadəcə olaraq "qoşulan Prius" deyil, əsl "qaynar" top versiyadır. Kapotun altında Dynamic Force ailəsindən olan 148 at qüvvəli 2,0-litrlik atmosfer mühərriki var. 

Toyota Prius PHEV

Dartma elektrik mühərriki, modelin tarixində ilk dəfə olaraq, güc baxımından daxili yanma mühərrikini üstələyir: o, indi 160 at qüvvəsinə malikdir. Plagin qurğunun ümumi gücü əvvəlki 122 at qüvvəsinin əvəzinə 223 at qüvvəsinə bərabərdir.

Belə bir Prius 100 km/saat həddini 6,7 saniyəyə toplayır. Tərtibatçılar yanacaq sərfiyyatının əvvəlki kimi qaldığını iddia edirlər. Litium-ion dartma batareyasının tutumu 8,8-dən 16,3 kilovat/saata qədər artırılıb, buna görə də, hibridin elektrik rejimindəki yürüş məsafəsi 1,5 dəfə artıb.

 

İnteryer tamamilə yenidən işlənib və indi daha ənənəvi hala gəlib. Cihazlar panelinin yeddi düymlük ekranı sükan çarxının üstündə yerləşsə də, o artıq ön panelin mərkəzində deyil, sürücünün qarşısındadır.

Transmissiyanın idarəetmə coystiki isə, konsoldan mərkəzi tunelə keçib. İki zonalı klimat-kontrolun ayrıca displeyli olan düyməli pultu var. Tərtibatçılar üç iş sahəsi olan belə dizaynı Island Architecture adlandırırlar.

 

Toyota Prius 1500 vata qədər gücə malik olan elektrik cihazlarını birləşdirməyə imkan verən iki məişət rozetkası ilə təchiz edilib: onlardan biri sərnişin salonunda, ikincisi isə baqajda yerləşir. Yenidən doldurulan versiya üçün günəş panelini də sifariş etmək olar: o, panoram dama quraşdırılır və ideal şəraitdə ildə 1250 kilometrlik "pulsuz" yürüyüşü təmin edir.

Bundan başqa, belə Prius, avtomobilin terminala qoşulu olması halında, salonu əvvəlcədən soyutmaq funksiyasına malikdir – bu funksiyanın əsas təyinatı batareyanın enerjisinin kondisionerə sərf edilməsinin qarşısını almaqdır. 

Hibridin təchizatına ön kameralı Toyota Safety Sense elektron köməkçiləri dəsti və uzaqdan idarəetmə funksiyası olan (pultdən) avtomatik parkinq sistemi daxildir.

Yeni Toyota Prius modelinin debütünün bu gün Yaponiyada baş tutmasına baxmayaraq, onun kütləvi nümayişi sabah Los Anceles avtosalonunda keçiriləcəkdir. Adi hibridlərin satışına qarşıdan gələn qış aylarında başlanmalıdır, plagin hibridlər isə, 2023-cü ilin yazında bazara çıxarılacaqlar. Üstəlik, Avropa və bir sıra ölkələrdə Toyota yalnız güclü təkrar doldurulan versiyanı satmağı planlaşdırır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh