Reklam

"BMW 5" Series elektrik versiyasında debüt edib

Avtodünya 25 May 2023 17:44 Oxunub 1170
"BMW 5" Series elektrik versiyasında debüt edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mercedes-Benz E-Class (W214) sedanı debüt etdikdən cəmi bir ay sonra, onun əsas rəqibi, yeni G60 nəslindən olan BMW 5 Series sedanı işıq üzü görüb. Əgər Mercedes-Benz açıq şəkildə ənənəvi E-Class modelini EQ elektrokarlarından ayırırsa, BMW fərqli strategiyanı izləyir: G60 seriyasına BMW i5 indeksli batareyalı versiyalar da daxildir.

Beşinci seriya ön tərəfin ənənəvi dizaynını saxlayıb: ikimərtəbəli optika və nəhəng “burun dəlikləri” olan yeni sima hələlik BMW markasının ən bahalı modellərinin (yeddinci seriya, X7, XM) imtiyazı olaraq qalır. Lakin kuzovun plastikası tamamilə yenidən işlənib: sedanın hamar yan divarları və iri arxa hissəsi var. Qapı tutacaqları “batırılıb”, Hofmayster əyrilərinə yenidən baxılıb, arxa dayaqda isə “5” rəqəmi ilə bəzədilmiş qara əlavələr peyda olub.

Maraqlıdır ki, daxili yanma mühərrikləri olan sadə versiyalarda belə, "burun dəlikləri" şaquli lövhələrlə bəzədilsə də, funksional dəliklər ümumi sahənin yalnız üçdə birini tutur. Qalanları parlaq tıxaclardır. Əlavə ödəniş müqabilində “burun” haşiyəsinin işıqlandırılması təklif olunur.

Baza təkər diskləri 18 düymlükdür, lakin 21-düymlük “ayaqqabıları” da sifariş etmək olar. Dərhal daha aqressiv dizaynlı bamperləri olan M Sport və M Sport Pro paketləri təklif edilirlər.

Beşinci seriya əhəmiyyətli dərəcədə böyüyüb: əvvəlki G30 modeli ilə müqayisədə onun uzunluğu 97 millimetr (5060 millimetr), eni 32 millimetr (1900 millimetr), hündürlüyü isə 36 millimetr (1515 millimetr) artıb. Sonuncu artım, dartma batareyasının kuzovun döşəməsinin altında yerləşdirilməsi ehtiyacı ilə bağlıdır.

Təkər bazası 20 millimetr uzadılıb və indi 2995 millimetrə çatır. Eyni zamanda, baqajın həcmi kiçilib: əgər əvvəlki sedanda bu göstərici 530 litr idisə, indi daxiliyanma mühərrikli avtomobillərdə bu rəqəm 520 litr, i5 elektrokarında isə 490 litrdir. Yanacaq çəninin həcmi də 68 litrdən 60 litrə endirilib.

Maraqlıdır ki, kuzovun "hamarlanması" ilə bağlı olan bütün fəndlər aerodinamikanın yaxşılaşmasına səbəb olmayıb. Təqaüdə göndərilən "beşliyin" Cd əmsalı 0,23 (bəzi versiyalarda 0,24) idi, lakin indi yalnız hamar dibi olan BMW i5 elektromobili belə bir göstərici ilə öyünə bilər.

Daxili yanma mühərrikləri olan avtomobillərdə isə bu göstərici ən azı 0,24-dür. Lakin baza klirensi əvvəlki modeldəki 144 millimetrin əvəzinə 154 millimetrdir.

CLAR platforması prinsipcə dəyişməyib: öndə qoşa köndələn qollar, arxada beşqollu asqı var, elastik elementlər isə yalnız yaylardır (sedanda pnevmatik asqı olmayıb və indi də yoxdur).

Baza şassisi passiv amortizatorlara təchiz olunur, əlavə ödəniş qarşılığında adaptiv asqını və ya hündürlüyü azaldılmış M Sport şassisini, adaptiv sükan mexanizmini, aktiv könədələn dayanıqlılıq stabilizatorlarını (48 volt elektrik şəbəkəsindən qıdalanır) və tam idarəolunan şassini sfariş etmək olar. Ancaq bütün bunlar əvvəlki modeldə də mövcud idi.

İnteryer dizaynı baxımından beşinci seriya yeddinci seraynın yolu ilə gedir: düymələrin və tutacaqların sayı azalıb, əyri günəşliksiz panel özündə 12,3 düymlük cihazlar panelini və multimedia sisteminin 14,9 düymlük sensorlu ekranını birləşdirir.

Sükan çarxındakı və ekranın altındakı sensorlu düymələr titrəyişli əks əlaqə ilə təchiz olunublar. İqlimə nəzarət sistemi media sisteminə inteqrasiya olunub, havalandırma sisteminin gizli deflektorlarını tənzimləmək üçün isə, ön panelin aşağı hissəsində ayrıca coystiklər nəzərdə tutulub.

Əlavə ödəniş müqabilində  BMW Interaction Bar təklif olunur – bu, ön panelin eni böyu uzanaraq qapılara keçən və toxunuşa həssas əlavələri olan işıq zolağıdır. Opsiyalar arasında proyeksiya ekranı da var.

Media sistemində yenidən işlənmiş menyu strukturu olan yeni BMW OS 8.5 əməliyyat sistemi var, tətbiqlər arasında isə oyunlar da peyda olub – avtomobil sahibi yükləmə terminallarında gözləyərkən bu funksiyadan yararlana bilərlər.

Maraqlıdır ki, baza oturacaqları artıq “idman” kreslolarıdır, rahat oturacaqlarə isə sifariş verərkən ayrıca müzakirə etmək gərəkdir. Baza interyeri tamamilə sintetik tərtibata malikdir, Merinos dərisi isə opsiyadır.

Adi sürüşərək açılan lyukdan əlavə, Sky Lounge - 840 millimetr uzunluğunda, demək olar ki, bütün dam boyu uzanan möhkəm şüşə paneli sifariş etmək olar. Arxa sərnişinlər üçün nəzərdə tutulmuş opsiyalar arasında dördzonalı klimat-kontrol, qızdırılan oturacaqlar və ön oturacaqların arxa hissəsindəki planşetlər üçün bərkitmələr daxildir.

Bütün benzin və dizel versiyalarında quraşdırılmış 48 voltluq startyor-generator olan səkkiz pilləli “avtomata” malikdirlər. O, baqajdakı ayrıca akkumulyatordan qidalanır. Modifikasiya çeşidini və 2,0-litrlik “turbodördlüyü” (190 at qüvvəsi, 310 Nm) ilə hərəkətə gələn arxa ötürməli BMW 520i versiyası açır.

Elektrik üstqurumu sayəsində güc qurğusunun hasilatı 208 at qüvvəsi və 330 Nm fırlanma anına çatır. Əgər əvvəlki 520i modeli  1610 kiloqram ağırlığında idisə, yenisinin çəkisi 1725 kiloqrama çatır! Bununla belə, onun 100 km/saata sürətlənmə vaxtı 7,9-dan 7,5 saniyəyə endirilib. Maksimal sürət 235-dən 230 km/saata azalıb.

Digər benzin versiyaları yalnız ixrac üçündür (məsələn, ABŞ bazaırna) və Avropada satılmayacaqlar. Bu, 2,0-litrlik turbomühərrik (258 at qüvvəsi, 400 Nm), arxa və tam ötürməli BMW 530i, həmçinin 3,0-litrlik (381 at qüvvəsi və 540 Nm, startyorr-generator nəzərə alınmaqla) sıralı altısilindrli turbomühərrik ilə təchiz olunan tamötürməli BMW 540i xDrive modelləridir.

Hələlik yalnız bir dizel modifikasiyası var: BMW 520d modeli 197 at qüvvəsi və 400 Nm hasil edən 2,0-litrlik dördsilindrli mühərrikə malikdir. Dizel sedan arxa və ya tam ötürməli ola bilər, lakin ötürmə növündən asılı olmayaraq, ilk “yüzlüyə” sürətlənmə vaxtı eynidir - 7,3 saniyə. Altısilindrli dizellər mühərrik çeşidində yalnız 2024-cü ildə peyda olacaqlar. 

Eyni zamanda, tamölçülü təkrar doldurulan hibridlər də bazara çıxacaqlar. İki palgin versiya nəzərdə tutulub – 2,0-litrlik benzin mühərriki olan arxa ötürməli BMW 530e (299 at qüvvəsi, 450 Nm) və 3,0-litrlik mühərriki olan tamötürməli BMW 550e xDrive (489 at qüvvəsi, 700 Nm).

Bununla belə, konveyerə ilk gedən BMW i5 elektrokarları olacaqlar. Artıq iki modifikasiya təqdim olunub. Boş çəkisi 2130 kiloqram olan başlanğıc BMW i5 eDrive40 sedanı arxa ötürməyə, habelə 340 at qüvvəsi və 430 Nm hasil edən yeganə elektrik mühərrikinə malikdir. 

Doğrudur, belə göstəricilər, yalnız Sport Boost və ya Launch Control rejimləri aktivləşdirildikdə, özü də qısa müddət ərzində əlçatandır. Sadalanan rejimlər aktiv olmadıqda fırlanma anı maksimum 400 Nm təşkil edir. Belə sedan 100 km/saat həddinə 6,0 saniyəyə sürətlənir, onun maksimal sürəti 193 km/saat həddində məhdudlaşdırılıb.

Çeşidin zirvəsində burun dəliklərində başqa tıxacları olan tamötürməli BMW i5 M60 xDrive qərarlaşıb. Ön elektrik mühərriki 261 at qüvvəsi və 365 Nm, arxadakı isə 340 at qüvvəsi və 430 Nm hasil edir, sistemin maksimal hasilatı isə 601 at qüvvəsi və 820 Nm-ə bərabərdir. Xüsusi qısamüddətli rejimlərin aktivləşdirilməsi ilə, boş çəkisi 2305 kiloqram olan sedan 100 km/saata 3,8 saniyəyə sürətlənir. Maksimum sürət həddi də məhdudlaşıdırılıb - 230 km/saat.

Hər iki elektrik versiyası istilik nasosu olan qabaqcıl termotənzimləmə sistemi ilə təchiz edilmiş eyni, 81,2 kilovat-saatlıq dartma batareyasına malikdir. Batareyanın iş gərginliyi 400 voltdur. Arxa ötürməli baza sedanının pasport üzrə yürüş mənzili 497 kilometr (WLTP dövrünə görə), M60 xDrive versiyasının isə 455 kilometrdir. Kondisioner kimi mühərriklərin gücünü məhdudlaşdıran bütün "əlavə" enerji istehlakçılarını söndürən Max Range rejimini aktivləşdirməklə bu mənzili təxminən 25% artırmaq olar.

Dəyişkən cərəyanlı baza yükləmə cihazı bir fazalıdır və 7,4 kilovat (ABŞ və Yaponiya üçün - 11 kilovat) gücə malikdir, opsional üçfazalı yükləmə cihazının gücü isə 22 kilovatdır. Daimi cərəyanlı cihaz isə, 205 kilovat üçün nəzərdə tutulub. İlk dəfə olaraq Plug & Charge funksiyası təklif olunur: avtomobil bir neçə yükləmə barədə lazımi məlumatları yadda saxlayaraq, sahibini onlayn proqrama və ya giriş kartına vaxt sərf etməkdən qurtarır.

Adaptiv kruiz-kontroldan əlavə, zolaqda saxlama və dayanmadan sonra hərəkəti avtomatik bərpa etmə funksiyalarına malik olan Driving Assistant Professional kvazi-avtopilotu da təklif olunur. Bir sıra bazarlarda (Almaniya, ABŞ, Kanada) 130 km/saat sürətlə hərəkət zamanı əlləri sükandan götürməyə imkan verən Highway Assistant köməkçisi də mövcuddur.

Amma elektronika hələ də sürücünün baxışının yola yönəldiyindən əmin olmalıdır. Bununla belə, müvafiq arxa görünüş güzgüsünə baxmaqla zolaq dəyişdirmə və ya ötmə əməliyyatını aktivləşdirmək olar. Dayanacaq yardımçısı qət edilən məsafənin 200 metrini yadda saxlaya və təkrarlaya bilər.

Bütün əvvəlki modellər kimi, yeni beşinci seriya G60 Almaniyada (Dinqolfinqdəki zavodda) istehsal ediləcəkdir. Satışların başlaması oktyabr ayına planlaşdırılıb, lakin qiymətlər artıq açıqlanıb. Vətənində avtomobilin qiyməti 57 550, BMW i5 elektrokarının qiyməti isə ən azı 70 200 avrodan başlayır.

Ən gücülü i5 M60 xDrive top versiyasının qiyməti isə 99 500 avrodur. Çin bazarı üçün nəzərdə tutulmuş uzunbazalı sedanlar (benzin və elektrik) 2024-cü ilin əvvəlində, G61 kodlu universal isə yazda buraxılacaqdır. Universal həm də daxili yanma mühərrikli model kimi, həm də BMW i5 Touring modeli kimi təklif olunacaqdır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh