Reklam

Çinli iş adamı: Yaxın illərdə elektromobil istehsalçılarının sayı azalacaq

Avtodünya 10 May 2023 12:29 Oxunub 642
Çinli iş adamı:  Yaxın illərdə elektromobil istehsalçılarının sayı azalacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2035-ci ilə hələ çox qalsa da, dünyada elektromobilə keçid sürətlənir. Bir çox istehsalçı artıq 2030-cu ildən ənənəvi modellərin istehsalı ilə vidalaşacaq. Lakin keçid problemsiz ötüşmür. Ekspertlər ciddi rəqabətə hər şirkətin davam gətirə bilməyəcəyi qənaətindədirlər. 
  
Avtosfer.az-ın xəbərinə görə, Avropa Avtomobil istehsalçıları Assosiasiyası elektromobillə bağlı nikbin rəqəmlər açıqlayır. Son hesabata görə mart ayında Avropada elektromobil satışı 58% artaraq 150 min ədədə çatıb. Hesabat dövründə ən ciddi artım Niderlandda qeydə alınıb.  Bu ölkədə sıfır emissiyalı avtomobillərin satış həcmi ay ərzində 132%  artıb. 
Assosiasiya istehsal və satışla bağlı kifayət qədər nikbin proqnozlar verməyə davam edir. Lakin materikin əks tərəfində başqa cür düşünürlər. Dünyanın ən böyük avtomobil bazarında belə düşünürlər ki, elektromobil istehsalında konsolidasiya qaçılmazdır. Çinli iş adamlarının fikrincə, elektromobil bazarında çox sayda istehsalçının olması və satışların sürətlə getməsi əbədi davam edə bilməz. Təkcə Çində yüzdən artıq şirkət elektromobil istehsal etdiyi halda, məhsul ixrac edən şirkətlərin sayı ona çatmır. Tesla şirkəti ciddi endirimə gedərək çinli istehsalçıların ucuz məhsulla bazarı doldurmaq cəhdlərinin qarşısını alıb. Digər tərəfdən, Avropa bazarı cəlbedici olsa da, təhlükəsizlik standartlarına görə Çin modelləri burada ciddi yer tuta bilmir. Xpeng şirkətinin icraçı direktoru Brian Qunun fikrincə daxili bazarla kifayətlənən istehsalçıların həyatda qalmaq şansı minimumdur: “5-10 ildə elektromobil bazarı daha kompakt olacaq. Zənnimcə, yaxın vaxtlarda qlobal aktorların sayı ona enəcək. Yalnız illik satış həcmi 3 milyonu keçən istehsalçılar bazarda qala biləcək”. 

İş adamının fikrincə bir çox ölkədə elektromobil alışı üçün dotasiyaların kəsilməsi istehsaçılara ciddi zərbə vurub. Bu tendensiya getdikcə daha çox ölkəni əhatə edir. Sıfır emissiyalı avtomobillər kütləviləşdikcə dotasiya, pulsuz elektrik, pulsuz parkinq kimi güzəştlər də ləğv edilir. 
Bununla belə, Çin hökuməti qarşınına qoyduğu 3 məqsəddən vaz keçməyib. Bura cari ildə dünyanın ən böyük avtomobil ixracatçısı olmaq, Avropa və Amerika bazarını ələ keçirmək daxildir.

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh