"DS 3" krossoveri yenilənib və "Crossback" indeksindən məhrum edilib

Orta ölçülü DS 7 krossoveri Crossback indeksindən bu ilin yayında, planlaşdırılmış yeniləmə zamanı məhrum edilib. İndi isə, yığcam DS 3 Crossback modeli eyni aqibətlə üzləşib. Debütündən 4 il sonra, 4118 millimetrlik krossover əvvəlki üçqapılı hetçbek kimi DS 3 adlandırılıb. Yenilənmə geniş miqyaslı xarakter daşımasa da, ən çox dəyişiklik krossoverin elektrik versiyasında baş verib.

Eksteryer dizaynındakı dəyişikliklər əsasən ön tərəfdədir. Krossover yeni bamperi, daha geniş radiator barmaqlığını və cütlənmiş xətlər formasında olan LED gündüz hərəkət işıqlarını əldə edib. LED ön fənərlərin forması və içalatı dəyişdirilib və əvvəlki kimi, əlavə ödəniş qarşılığında onları matrisalı variantla əvəzləmək olar: fənərlərin hər birində 15 seqmentə bölünmüş üç diod var.

Arxa tərəfdə yalnız işıqların ətrafındakı dekorasiya dəyişdirilib, onların arasındakı mərkəzi moldinqdə isə, “DS Automobiles” yazısı peyda olub. Təkər disklərinin (17 və ya 18 düym) dizaynı dəyişdirilib, kuzovun rəng palitrasına yenidən baxılıb və çalarların siyahısında parlaq qırmızı Diva Red rəngi peyda olub. Kuzovun perimetri boyu artırılmış dəqiqliyi olan yeni müşahidə kameraları quraşdırılıb.

Yenidən baxılmış tərtibat materiallarını saymasaq, salonda ən nəzərəçarpan dəyişiklik üzərində çoxsaylı düymələr olan şişman sükan çarxıdır. Yeddi düymlük ekrana malik olan baza media sistemindən imtina edilib, bundan sonra bütün avtomobillərdə əvvəllər opsiya olan 10,3 düymlük ekran quraşdırılacaqdır. DS Iris System multimedia sistemi isə, müasir interfeysə və səslə idarəetmə funksiyasını əldə edib. Opera top versiyasının oturacaqları nappa dərisi ilə üzlənir.

Benzin və dizel mühərriklərinin sayı beşdən üçə endirilib. Yenilənmiş DS 3 modeli mexaniki transmissiya ilə 100 at qüvvəsi, səkkiz pilləli "avtomatla" isə, 130 at qüvvəsi hasil edən 1,2-litrlik PureTech benzin “turboüçlüyü” ilə təklif olunur. 1,5-litrlik BlueHDi turbodizeli isə yalnız avtomatik transmissiya ilə təchiz edilir. Texniki hissədə dəyişiklik olmayıb. Əsas təkmilləşdirmələr DS 3 E-Tense elektrik versiyasına qismət olub. Elektrik mühərrikinin gücü 20 at qüvvəsi artırılaraq 156 at qüvvəsinə çatdırılsa da, fırlanma anı dəyişməyib - 260 Nm. Dartma batareyasının tutumu isə, 50-dən 54 kilovat/saata qədər artırılıb.


Azaldılmış enerji istehlakı ilə birlikdə, bu dəyişiklik yürüş ehtiyatını 340-dan 402 kilometrə (WLTP) qədər artırmağa imkan verib. Krossover 11 kilovatlıq dəyişkən cərəyanlı elektrik yükləmə cihazı ilə təchiz olunur, daimi cərəyanlı cihaz isə 100 kilovat üçün nəzərdə tutulub. Avropada yenilənmiş DS 3 modelinə sifarişlər artıq qəbul edilir.Benzin versiyasının qiyməti 30,100, elektrik versiyasının isə 41,700 avrodan başlayır. DS 3 modeli yalnız Fransada istehsal olunur.
autograph.az
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər











