"Ferrari FIA WEC" çempionatında çıxış edəcək prototipini nümayiş etdirib - FOTO
Ferrari markası gələn il FIA World Endurance Championship (Dünya Dözümlülük Çempionatında) seriyasına rəsmi olaraq qayıdır. Maranellodan olan zavod komandası Le Mans Hypercar sinfindən olan yeni prototip ilə çıxış edəcəkdir. Ferrari 499P adlandırılmış hiperkar İtaliyada keçirilən Ferrari Finali Mondiali firma şənliyində nümayiş etdirilib. Hiperkarın adındakı 499 rəqəmi onun mühərrikinin iş həcminə, “P” hərfi isə, onun prototip statusuna işarə edir.
Tamötürməli prototip FIA-nın Le Mans Hypercar sinifinin texniki reqlamentinin tələblərinə uyğun olaraq inşa edilib. Ortamühərrikli avtomobil yeni Ferrari 296 GT3 modelindən götürülmüş V6 benzin turbomühərrikinin ciddi şəkildə yenidən işlənmiş versiyasını alıb.
Güc aqreqatı 7-pilləli sekvental ötürmələr qutusu, 272 at qüvvəli ERS rekuperasiya sistemi, habelə xüsusi olaraq prototip üçün yaradılmış 900 voltluq batareya ilə birləşdirilib. Bu sistemin yaradılması zamanı Formula 1 hibrid güc qurğularında əldə edilmiş təcrübədən geniş şəkildə istifadə olunub.
Elektrik mühərriki ilə hərəkətə gələn ön ox həm də generator funksiyasını yerinə yetirir. Əyləcləmə zamanı sistem enerjini yüksək gərginlikli batareyada yığaraq saxlayır, sonra isə, prototip müəyyən sürətə çatdıqda enerjini ön təkərlərə ötürür. Reqlamentin tələblərinə görə, Ferrari 499P prototipinin gücü 680 at qüvvəsinin üzərində olmalı deyil.
Prototipin dizaynı italyan brendinin baş stilisti Flavio Manzoninin rəhbərliyi altında Ferrari Styling Center dizayn mərkəzi tərəfindən hazırlanıb. Modelin xarici görünüşü Ferrari Daytona SP3 yol superkarının üslubunda olsa da, o, yarış avtomobillərinə xas olan xüsusiyyətlərə malikdir - inkişaf etmiş hava girişiləri və aşağı müstəvisinə işıq elementi inteqrasiya olunmuş iki səviyyəli antiqanad. Ferrari 499P prototipi yeni karbon monokokun ətrafında inşa edilib və karbonplastikdən hazırlanmış kuzov panellərinə malikdir.
Yeni hiperkarın yarış livreyası 1970-ci illərin Ferrari 312 P prototipinin döyüş rənglərinin yenidən işlənmiş versiyasıdır. İtalyan markasını bu yarışlarda, 2006-cı ildən bəri Ferrari ilə əməkdaşlıq edən AF Corse komandası təmsil edəcəkdir. Prototiplər 50 və 51 start nömrələrini alacaqlar. Bu nömrələr Ferrari üçün uğurlu nömrələr sayılır.
Bu arada Ferrari prototiplərinə çıxış edəcək pilotların adları açıqlanmayıb. Ferrari P499 prototipinin yarış debütü 2023-cü ilin martına və ABŞ-da keçiriləcək “Sebrinqin 1000 mili” yarışına planlaşdırılıb. Daha sonra prototip Dünya Dözümlülük Çempionatının (FIA WEC) bütün mərhələrində iştirak edəcəkdir.
autograph.az