"GSe" indeksini daşıyan ikinci "Opel" modeli debüt edib - FOTO
Bu yaxınlarda Opel seriya avtomobillərin ən drayver və ən dinamik versiyalarına veriləcək GSe indeksini yenidən canlandırıb. Bir ay əvvəl debüt etmiş Opel Astra GSe yeni seriyanın ilk nümayəndəsi olub. İndi isə növbə ikinci modelə gəlib çatıb – bu, Opel Grandland GSe krossoveridir. Doğrudur, “qaynar” krossover yeniliklərlə öyünə bilməyəcək.
“Qaynar” krossoverin əsası olaraq 2019-cu ildən istehsal edilən tamötürməli Grandland Hybrid4 plagin hibridi götürülüb. Yeni GSe versiyasında quraşdırılmış güc qurğusunda dəyişiklik yoxdur. Qurğunu tərkibinə 1,6-litrlik benzin turbomühərriki (200 at qüvvəsi, 300 Nm) və iki elektrik mühərriki daxildir.
Birinci elektrik mühərriki (110 at qüvvəsi, 320 Nm) səkkiz pilləli “avtomata” quraşdırılıb və daxili yanma mühərriki ilə birlikdə ön təkərləri hərəkətə gətirir. İkinci elektrik mühərriki (113 at qüvvəsi, 166 Nm) isə, arxa oxda quraşdırılıb. Hibrid sistemin ümumi hasilatı 300 at qüvvəsi və 520 Nm bərabərdir. Arxa divanın altında 13,2 kilovat-saatlıq dartma batareyası yerləşdirilib.
GSe versiyasının əsas xüsusiyyəti drayver şassisidir. Krossover amplitudadan asılı Koni FSD amortizatorlarını və orijinal yayları alıb. Yeri gəlmişkən, tamötürməli hibrid modifikasiya çeşidindəki müstəqil arxa asqıya malik olan yeganə versiyadır. Sükan və əyləclər avtomobilin komandalara reaksiyasını artırmaq üçün yenidən sazlanıblar.
Sabitləşdirmə sisteminin sazlamalarına da yenidən baxılıb. Bütün bunlar krossoverin xarakterini dəyişib, lakin onun dinamik xüsusiyyətlərinə təsir göstərməyiblər. Belə hibridin maksimal sürəti 235 km/saat, elektrik rejimində isə 135 km/saata çata bilir. Opel Grandland Gse ilk "yüzlüyə" sürətlənməyə 6,1 saniyə sərf edir.
GSe versiyası adi Grandland modelindən bəzi elementləri ilə fərqlənir. O, ötənilki Opel Manta GSe ElektroMOD şou avtomobili üslubunda dizayna malik olan orijinal 19-düymlük təkər disklərinə, arxa bamperin yeni aşağı örtməsinə sahibdir.
Əlavə ödəniş müqabilində qara kapot da təklif olunur. Salonda yan dəstəyi artırılmış ön oturacaqlar quraşdırılıb və yüngül idman dekoru əlavə edilib.
Opel Grandland GSe modelinin Avropa bazarındakı satışlarına yanvar ayında başlanacaqdır. Hazırda Almaniyada 300 at qüvvəli Grandland Hybrid4 versiyası ən azı 51 800 avroya başa gəlir. Məlum məsələdir ki, idman paketi olan avtomobillər bir qədər baha olacaqlar.
autograph.az