"Kia" bayraqdar elektrik krossoveri barədə ətraflı məlumat verib
Kia EV9 elektromobilinin seriya versiyası iki həftə bundan əvvəl nümayiş etdirilib. Lakin o zaman Cənubi Koreya istehsalçısı avtomobilin eksteryer və interyer dizaynını göstərmişdi. Bu gün isə, Kia texniki detalları açıqlayıb, çünki bu günlərdə Seulda keçirilən avtosalonda EV9 modeli geniş kütlə qarşısında canlı şəkildə debüt edəcəkdir. Həmçinin elektrokrossoverin istehsalına da başlanacaqdır.
Bu, Hyundai Motor konserninin E-GMP elektrik modul platformasına əsaslanan ən böyük modeldir. Krossoverin uzunluğu 5010, eni – 1980, hündürlüyü isə 1755 millimetrdir. Ölçülərinə görə, Kia EV9 modelini Kia Telluride krossoveri və ya Mohave ofrouderi ilə müqayisə etmək olar. Bununla belə, elektromobilin təkər bazası daha böyükdür: müvafiq olaraq 2900 və 2895 millimetrə qarşı 3100 millimetr. Asqı - adi yaylıdır.
Düzbucaqlı formalarına baxmayaraq, Kia EV9 yaxşı aerodinamikaya malikdir. Demək olar ki, hamar altlıq, ön bamperdəki idarə olunan qapaqlar (yalnız lazım olduqda açılır) və xüsusi təkər diskləri (19-21 düymlük) Cd=0,28 aerodinamik müqavimət əmsalını əldə etməyə imkan verib. Bəzi bazarlarda yan güzgülər əvəzinə kameralar da təklif olunacaqlar.
Baza versiyası ilə birlikdə Kia EV9 GT-Line versiyası (şəkildəki mavi rəngli avtomobil) da təqdim olunub. O, bamperlərin aqressiv dizaynına, damdakı daha iri reylinqlərə (hündürlüyü 25 millimetr artırır) və ön tərəfdə quraşdırılmış əlavə işıq elementlərinə malikdir.
Sonradan yalnız GT-Line versiyası üçün üçüncü səviyyəli HDP (Highway Driving Pilot) avtopilotu da təklif olunacaqdır ki, bu sistem də magistral yollarında sükanı tutmadan hərəkət etməyə imkan verəcəkdir.
Sistem iki lidar da daxil olmaqla 15 sensora malikdir, lakin onun dəqiq tənzimlənməsi hələlik tamamlanmayıb. Bununla belə, bütün versiyalarda adi adaptiv kruiz-kontrol quraşdırılacaqdır.
Kia EV9 modeli üç oturacaq cərgəsinə malikdir. Avtomobilin altında yerləşən batareya olan elektromobil platforması salondakı döşəməni rəvan etməyə və yeni transformasiya imkanları yaratmağa imkan verib.
Məsələn, ikinci cərgənin "kapitan" oturacaqları üçün təklif olunan üç variantdan biri dönmə mexanizmi ilə tamamlanır: oturacaqları tam ölçülü minivenlərdə və ya mikroavtobuslarda olduğu kimi hərəkət istiqamətinin əksinə döndərmək olar. Giriş və çıxışın rahatlığını təmin etmək üçün onları qapıya tərəf 90 dərəcə çevirmək mümkündür.
İkinci cərgənin ən dəbdəbəli oturacaqları belə imkandan məhrumdurlar, lakin onlar qismən elektrik ötürməsinə, qızdırılma və havalandırma funksiyalarına malikdirlər. EV9 modelinin baza versiyasında isə ikinci cərgədə üç nəfərlik divan quraşdırılır.
İstənilən halda, ikinci və üçüncü cərgələrin kürək hissələri qatlandıqda, rəvan döşəmə təşkil edirlər. Salon üzrə çoxlu sayda stəkanaltılar və USB portları var. Top versiyanın təchizatına 10 ədəd hava yastığı daxildir.
Ön paneldə özündə iki ekranı (hər biri 12,3 düymlük) birləşdirən günəşliksiz panel var. Media sistemi havadan yenilənmə funksiyasına malikdir ki, onun vasitəsilə avtomobili aldıqdan sonra Kia Connect Store firma mağazasından yeni proqramları və opsiyaları əlavə etmək mümkündür. Klimat-kontrolu idarə etmək üçün bir neçə analoq düyməsi saxlanılıb, lakin media sisteminin “qaynar” düymələri sensorludurlar.
Maraqlıdır ki, qızdırılan və havalandırılan oturacaqların idarəetmə paneli (həmçinin qızdırılan sükanın) qapıda yerləşir. Transmissiyanın selektoru sükan sütununa quraşdırılıb, lakin bir çox müasir modellərdə olduğu kimi sağ dəstəyin yerində deyil, onun altında yerləşir. Salon tərtibatında təkrar emal edilmiş və bitki mənşəli materiallardan istifadə edilir.
Krossover üç modifikasiyada təklif olunur. Kia EV9 RWD Standard adlı baza versiyası tək elektrik mühərrikinə (218 at qüvvəsi, 350 Nm), 76,1 kilovat/saatlıq dartma batareyasına və arxa ötürməyə malikdir. O, 100 km/saat həddini təxminən 8,2 saniyəyə toplamalıdır.
RWD Long Range versiyası 99,8 kilovat/saatlıq batareyaya malikdir və ailənin ən uzunmənzilli üzvüdür: dolu batareya ilə belə krossover WLTP dövründə əsasən 541 km məsafə qət edir (digər variantların yürüş məsafəsi açıqlanmayıb). Üstəlik, belə göstəricini əldə etmək üçün elektrik mühərrikinin gücü hətta 204 at qüvvəsinə endirilib (fırlanma anı - eyni 350 Nm-dir). Eyni zamanda, 100 km/saat həddinə sürətlənmə vaxtı 9,4 saniyəyə qədər artıb.
Çeşidin zirvəsində 385 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən ikimühərrikli güc qurğusuna malik olan tamötürməli Kia EV9 AWD krossoveri qərarlaşıb. Top versiya 100 km/saata sürətlənməyə 6,0 saniyə sərf edir.
Belə bir elektromobil üçün onlayn mağaza vasitəsilə aktivləşdirilən pullu opsiya mövcuddur: Boost rejimi qısa müddətə fırlanma anını 700 Nm-ə qədər artıra bilər. Bu zaman 100 km/saata sürətlənmə vaxtını 5,3 saniyəyə qədər azaldır. Bütün tamötürməli versiyalarda 99,8 kilovat/saatlıq batareya quraşdırılır.
E-GMP modul platforması 800 voltluq elektrik sisteminə və 350 kilovata qədər sabit cərəyan yükləmə qurğusuna malikdir. 15 dəqiqə ərzində 239 kilometrlik yürüyüşə kifayət edəcək cərəyanı doldurmaq mümkündür. Krossoverdən başqa elektromobili və ya kiçik bir evi elektrik enerjisi ilə qidalandırmaq üçün istifadə etmək olar: rozetka 3,7 kilovat qədər güc istehsal edir.
Kia EV9 Cənubi Koreyada istehsal olunacaqdır. Yerli dilerlər flaqman elektrik krossoverinə sifarişləri ikinci rübdə qəbul etməyə başlayacaqlar, onun satışlarına isə ilin ikinci yarısında start veriləcəkdir. Bununla belə, flaqman elektrik krossoverinin əsas bazarı Şimali Amerika olacaqdır. Qiymətlər hələlik açıqlanmayıb. Kia EV9 modelinin ABŞ-dakı satış qiymətinin 56.000 dollardan başlayacağı ehtimal edilir.
autograph.az