"Lamborghini" markasının ilk hiperkarı debüt edib
Bir neçə tizer və anonsdan sonra nəhayət ki, LB744 layihəsi üzərindəki sirr pərdəsi tamamilə götürülüb. Beləliklə, qarşılayın - Lamborghini Revuelto! Bu avtomobil 2011-2022-ci illərdə istehsal edilmiş və 11 465 nüsxəlik tirajla satılmış Aventador modelini əvəzləyir. Tarixi perspektivdə isə, Lamborghini Revuelto Miura, Countach, Diablo və Murcielago kimi ortamühərrikli bayraqdar modellər xəttini davam etdirir. Buna görə də, yeni kupe ilk dəfə Countach kupesində debüt etmiş və sonradan bütün 12-silindrli Lamborghini superkarlarında qurşdırılan gilyotin tipli firma qapılarını alıb.
Lamborghini stilistlərinin demək olar ki, on il əvvəl cəkinə-çəkinə tətbiq etməyə başladıqları Y-şəkilli dizayn həllərinin tətbiqi zirvə nöqtəsinə çatıb. Gündüz hərəkət işıqları, arxa fənərlər, yan hava girişləri və digər elementlər belə üçsüalı formaya malikdirlər. Superkarın baza versiyasında öndə 265/35 R20, arxada isə 345/30 R21 ölçülü şinlər taxılmış 20 və 21 düymlük disklər quraşdırılır. Ancaq öndə 265/30 R21, arxada 355/25 R22 ölçülərində olan təkərləri də sifariş etmək (Aventador modelində maksimum 21 düymlük idi) mümkündür.
Kupe yeni karbonplastik monokoka malikdir və onun üçün hətta “mono-füzelaj” termini də yaradılmışdır. Aventador modelindən əsas fərq qatran hopdurulmuş qısa karbon liflərindən hazırlanmış və əvvəlki alüminium konstruksiyadan 20% daha yüngül, habelə iki dəfə sərt olan kompozit ön alt çərçivədir. Ümumiyyətlə, yeni kuzov Aventador modelində olduğundan 10% yüngüldür, onun burulma qarşı sərtliyi isə 25% artaraq 40.000 Nm/dərəcəyə çatıb.
Arxa tərəfdə üç iş mövqeyi olan yuxarı qalxan antiqanad quraşdırılıb. Gərək olan rejim elektronika tərəfindən seçilir, ancaq antiqanadı məcburi şəkildə qaldırmaq da olar. Ümumiyyətlə, avtomobilin dayağı Aventador Ultimae vida versiyası ilə müqayisədə 66% daha çox yerəbasma qüvvəsi yaratmağa qadirdir. Eyni zamanda, Revuelto modeli Lamborghini avtomobillərinə xas olan tanınan görünüşə malikdir. Ancaq texniki baxımdan inqilab baş verib desək, yanılmarıq.
6,5 litrlik kanonik V12 atmosfer mühərriki saxlanılıb. İkinci nəsildən olan mühərrik Aventador üçün hazırlanmışdı, ona görə də ondan imtina etmək hələlik tezdir, lakin genişmiqyaslı modernləşdirmə aparılıb və nəticədə yeni mühərrik L545 indeksini əldə edib. Yeni püskürtmə sistemi quraşdırılıb, sıxılma əmsalı 11,8:1-dən 12,6:1-ə qədər artırılıb, aqreqatın ümumi çəkisi 235-dən 217 kiloqrama endirilib. Təkmilləşdirilmiş mühərrik daha yeyin sürətlənir ki, dövrələrin sayı 9500 dövr/dəqiqəyə qədər artırılıb. Aventador Ultimae modelinin mühərriki ilə müqayisədə maksimal güc 780-dən (8500 dövr/dəqiqədə) 825 at qüvvəsin qədər (9250 dövr/dəqiqədə), fırlanma anı isə 720-dən 725 Nm-ə qədər (eyni 6750 dövr/dəqiqədə) artıb.
Lakin V12 mühərriki Aventador superkarından qalan yeganə elementdir. Lamborghini Revuelto plagin hibriddir, onun üçün şirkət hətta yeni HPEV (High Performance Electrified Vehicle) işarələnməsini də fikirləşib. Buna görə də aqreqatların yerləşdirilməsi tamamilə dəyişdirilib. Mühəndislər E-4WD sisteminin xeyrinə ənənəvi tam ötürməli transmissiyadan imtina ediblər: ön təkərləri idarə etmək üçün oxvari maqnit axını və yağla soyudulması olan fərdi elektrik mühərrikləri quraşdırılıb. Hər bir mühərrik 150 at qüvvəsinə və 350 Nm malikdir, fərdi idarəetmə isə dartma vektoruna nəzarət etməyə imkan verir.
Mərkəzi tuneldə kardan valının əvəzinə 70 kiloqram ağırlığında litium-ion dartma batareyası yerləşir. Onun tutumu kiçikdir (3,8 kilovat/saat), lakin batareya yüksək enerji mübadiləsi göstəricilərinə malikdir. Batareyanı əvvəlcədən rozetkadan doldurmaq da olar: avtomobillə birlikdə 7 kilovat gücündə yükləmə cihazı da verilir. Ancaq əsas odur ki, ön təkərlərin mexaniki ötürməsindən imtina arxa güc modulunun yeni sxemilə nəticələnib.
Uzunlamasına quraşdırılmış V12 mühərriki 180 dərəcə çevrilib, odur ki, ötürmələr qutusu artıq “salonda” deyil, arxa oxun üzərində köndələn şəkildə yerləşir. Eyni zamanda, paylayıcı qutudan və muftadan imtina kokpitin daha geniş olmasına imkan verib. Ötürmələr qutusu yenidir: bu, iki yaş muftası olan ikivallı səkkiz pilləli robotlaşdırılmış transmissiyadır. O, kiçik Huracan superkarının yeddi pilləli preselektiv transmissiyasından daha yüngül və çevikdir. Şirkət belə quruluşu 2020-ci ilin Lamborghini Essenza SCV12 trek kupesində sınaqdan keçirib, baxmayaraq ki, bu modelin ötürmələr qutusu fərqli olub.
Nəhayət, Revuelto “robot” ilə eyni korpusda quraşdırılan 150 at qüvvəsi və 150 Nm hasil edən başqa bir elektrik mühərrikinə malikdir. O, arxa təkərləri hərəkətə gətirir, lakin fərdi mufta onu ötürmələr qutusundan ayıraraq, daxili yanma mühərrikini işə salmaq və ya dartma batareyasını doldurmaq üçün startyor-generator rejimində işləməsinə şərait yaradır. Dördmühərrikli hibrid güc qurğusunun pik hasilatı 1015 at qüvvəsinə bərabərdir. Beləliklə, Revuelto artıq superkar deyil, Lamborghini markasının tarixindəki ilk hiperkar hesab edilə bilər.
Yeri gəlmişkən, transmissiyada arxa ötürmə yoxdur. Yeni Lamborghini superkarı arxaya yalnız elektrik dartması ilə hərəkət edəcəkdir. Tam dolmuş batareya elektrik rejimində (istənilən istiqamətdə) yalnız 10 kilometrlik yürüyüş üçün kifayət edir. Standart olaraq, elektrik rejimində hərəkət üçün yalnız ön mühərriklər cavabdehdirlər (bəli, ön ötürməli Lamborghini ...), lakin elektronika sürüşkən səthi aşkarlayarsa və ya tam ötürmə tələb olunursa, habelə batareyada kifayət qədər cərəyan olarsa, sistem arxa elektromotordan istifadə edərək tam çəkiş rejiminə keçəcək və ya sadəcə V12 mühərrikini işə salacaqdır.
Revuelto tam idarə olunan şassiyə, standart karbon-keramik əyləclərinə və on üç inteqrasiya olunmuş elektron idarəetmə rejiminə malikdir. Məsələn, ən yumşaq Citta (“şəhər”) rejimində hibrid qurğunun gücü 180 at qüvvəsi ilə məhdudlaşdırılır, maksimal 1015 at qüvvəsi isə yalnız ən ekstremal Corsa (“yarış”) rejimində əlçatandır. Üfüqi amortizatorları olan push-rod asqısı keçmişdə qalıb: Revuelto klassik ikiqollu ön və ənənəvi dayaqları olan arxa asqıya malikdir.
Yeni hibrid kupenin boş çəkisi 1772 kiloqram təşkil edir, müqayisə üçün, Aventador Ultimae modeli 1550 kiloqram ağırlığa malikdir. Tam doldurulmuş batareya ilə Revuelto 100 km/saat həddinə 2,5 saniyəyə sürətlənir. Aventador modeli isə bu işə 0,3 saniyə daha çox vaxt sərf edir. 200 km/saata sürətlənmə “yeddi saniyədən az” (8,7 saniyə əvəzinə) vaxt aparır. Lakin maksimal sürət həddi azalıb: 355 km/saat əvəzinə “350 km/saatdan çox” bəyan edilib. İtalyan istehsalçısı boşalmış batareya ilə hiperkarın hansı dinamikaya sahib olacağını dəqiqləşdirməyib.
Yeni kupenin salonunda artıq iki yox, üç displey var. Cihazlar paneli 12,3 düymlük ekrana malikdir, mərkəzi konsolda 8,4 düymlük şaquli displey quraşdırılıb, bundan əlavə, sərnişinin qarşısında 9,1 düymlük köməkçi taçskrin (müasir Ferrari modelləri kimi) peyda olub. Onun vasitəsi ilə media sistemini idarə etmək olar, üstəlik, displeydə spidometrin göstəricisi və bəzi telemetriya məlumatları təkrarlanır. Lamborghini modelinin interyerində ilk dəfə olaraq təkrar emal edilmiş materiallardan istifadə edilib.
Lamborghini Revuelto ilin ikinci yarısında satışa çıxaracaqdır. Amma şirkətin portfelində artıq iki illik öncədən sifariş yığılıb. Hiperkarın qiyməti hələlik açıqlanmayıb, sadəcə onun Aventador SVJ modelindən (ən azı 350 min avro) baha, lakin vida Ultimae versiyasından (468 min avrodan başlayır) ucuz olacağı aydındır.
autograph.az