"Lancia" yeni loqotipini və dizayn üslubunu təqdim edib - FOTO

Avtodünya 30 Noyabr 2022 16:58 Oxunub 1144
"Lancia" yeni loqotipini və dizayn üslubunu təqdim edib   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son zamanlar Lancia markası öz tənəzzül dövrünü yaşayır, lakin italyan markasının tarixin arxivinə göndəriləcəyi barədə danışmaq hələ tezdir. Son illərdə Lancia yalnız İtaliyada satılan yaşlı Ypsilon hetçbekini istehsal edir. Özü də hetçbekin satış həcmini məqbul saymaq olar: məsələn, keçən il 44 min avtomobil öz alıcısını tapıb.

Lakin Stellantis konserninin rəhbərliyi Lancia ilə vidalaşmaq niyyətində deyil. Bir il yarım bundan əvvəl açıqlanmış inkişaf planında Lancia markasının üç yeni modeli buraxılacağı öz əksini tapıb. Hətta bu günlərdə Lancia ilk təqdimatını da keçirib.

 

Təəssüf ki, təqdimatda gələcək avtomobillər nümayiş etdirilməyiblər. Lancia Design Day adlı tədbirdə daha yüksək məsələlər müzakirə olunub: markanın mövqeləndirilməsi, dizayn və fəlsəfəsi. Hələlik yalnız yeni loqotip hazırdır, lakin onu diler salonlarının fasadlarında və reklam materiallarında yalnız 2024-cü ildə - yeni dalğanın ilk modelinin debütü ilə eyni vaxtda görmək mümkün olacaqdır.

Emblem üzərində işləyən dizaynerlər, 1957-ci ilin loqotipini əsas götürüblər və müasir dəbə uyğun olaraq, qrafikanı sadələşdirib və yeni şrift hazırlayıblar.

 

Avtomobillərə gəlincə, onların xarici görünüşü üzərində Stellantis alyansının Avropa bölməsinin baş dizayneri Jan-Pyer Plue şəxsən işləyib. Xatırladaq ki, Plue 2009-cu ildə PSA qrupunun dizayn departamentinə rəhbər təyin edilmişdi. Yeni dizayn konsepsiyası Lancia Pu + Ra Design (yəni Pure (“Saf”) və Radical (“Radikal”)) adlanır, onun təcəssümü isə, Lancia Pu + Ra Zero adlı heykəldir.

Heykəl gələcək avtomobillərdə istifadə olunacaq bir sıra həlləri özündə cəmləşdirib, üstəlik, onların bəziləri keçmiş illərin modellərindən götürülüb. Məsələn, arxa tərəfin dizaynı birbaşa Lancia Stratos idman avtomobilinə istinaddır.

 

İnteryer konsepsiyasına gəlincə, hələlik baxılası bir şey yoxdur, lakin onun yaradılmasına İtaliyanın dəbdəbəli mebelləri hazırlayan Cassina şirkəti cəlb ediləcəkdir. İnteryer tərtibatında ekoloji cəhətdən təmiz materiallardan geniş istifadə olunacaqdır.

Ən əsası isə, gələcək Lancia avtomobilləri tam hüquqlu premiuma çevrilməlidirlər. İtalyan markasının rəhbəri Luka Napolitano :"Lancia yenidən Avropanın premium avtomobilləri bazarında arzu olunan, hörmət edilən və etibarlı bir brend olmalıdır", - deyə bildirib.

Hələlik, bu qədər. Xatırladırıq ki, 2024-cü ildə yeni nəsil Lancia Ypsilon modeli debüt etməlidir – bu, yalnız hibrid və elektrik güc qurğuları ilə hərəkətə gələn dördmetrlik hetçbek olacaqdır. 2026-cı ildə uzunluğu 4,6 metr olan Lancia Aurelia elektrik krossoverinin buraxılması, 2028-ci ildə isə, 4,4 metr uzunluğa malik olan Lancia Delta hetçbekinin dirçəldilməsi planlaşdırılır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh