Mitsubishi Outlander turbo versiyaya sahib olub
Yeni Mitsubishi Outlander modeli turbomühərriklə təklif ediləcəkdir. Lakin yeni turboversiya hələlik yalnız Çin bazarı üçün nəzərdə tutulub. Bu günə qədər, Avropada satılan dizel versiyalarını hesaba almasaq, turbomühərrikə yalnız Outlander modelinin 2001-2008-ci illərdə istehsal edilmiş birinci nəsli sahib olub. Bazardan asılı olaraq, 2,0-litrlik 4G63T “turbodördlüyü” 202 - 240 at qüvvəsi arasında güc hasil edirdi.
Lakin bütün sonrakı Outlander modelləri yalnız atmosfer mühərrikləri ilə təchiz ediliblər. Hətta krossoverin yeni, dördüncü nəsli də bu günə qədər Nissan şirkətinin 2,5-litrlik və ya plagin hibrid güc qurğusunun əsasını təşkil edən 2,4-litrlik atmosfer mühərrikləri ilə təklif olunur. Yalnız indi modelin modifikasiya çeşidində turboversiya peyda olub.
Mitsubishi Outlander modelinin turboversiyası Çində debüt edib: yerli bazar üçün avtomobilləri GAC Mitsubishi birgə müəssisəsi istehsal edəcəkdir. Kapotun altında Eclipse Cross modelindən tanış olan 1,5-litrlik 4B40 “turbodördlüyü” yerləşir.
Lakin Çində satılan Outlander üçün mühərriki 48 voltluq startyor-generatorla təchiz edərək, onun hasilatını 215 at qüvvəsi və 280 Nm-ə (Eclipse Cross 161 at qüvvəsi və 250 Nm-ə malikdir) qədər artırıblar. Mühərrik variator, ön və ya tam ötürmə ilə tandemdə çalışa bilər. Turboversiyanın maksimal sürəti 195 km/saatdır.
Zahiri cəhətdən “çinli” Outlander qlobal modeldən heç nə ilə fərqlənmir. İnteryerdə baş vermiş yeganə dəyişiklik isə media sistemindən ibarətdir. Çin krossoveri genişformatlı 10,25-düymlük ekrana sahib olub.
Xatırladaq ki, Yaponiya istehsalı olan krossoverlərdə quraşdırılan ekranın maksimal ölçüsü doqquz düymdür. 12,3-düymlük virtual cihazlar paneli, 10,8-düymlük proyeksiya displeyi və opsional üçüncü oturacaq cərgəsi də yerlərini qoruyublar.
Yeni Mitsubishi Outlander modelinin Çin bazarındakı satılarına bu payızda başlanmalıdır. Çox güman ki, sonradan turboversiya digər bazarlarda da debüt edəcəkdir. Xatırladaq ki, qohum Nissan X-Trail/Rogue modeli artıq bu yolu keçib: o, əvvəlcə Amerikada 2,5-litrlik atmosfer mühərriklə debüt edib, sonra isə, onun 1,5-litrlik turbomühərriki olan versiyası Çində işıq üzü görüb.
Tezliklə turbomühərrikli X-Trail/Rogue modelləri Amerika, Yaponiya və Avropada satılmağa başlayacaqlar.
autograph.az