"Peugeot" şirkəti "e-208" elektrik heçtbekini təkmilləşdirib
Peugeot 208 hetçbeki artıq üç il yarımdır ki, satışdadır və 208 ailəsinin planlaşdırılmış restaylinqi gələn ilin yazında keçirilməlidir. Avtomobillərin eksteyer dizaynı yenilənəcək, interyeri dəyişdiriləcək və ola bilsin ki, texniki hissəsi təkmilləşdiriləcəkdir.
Bununla belə, Peugeot e-208 elektrokarını restaylinqi gözləmədən texniki cəhətdən təkmilləşdiriblər. Avropada bu versiya 208 ailəsinin ümumi satışlarının təxminən 18 faizini təşkil edir (artıq 110 000 elektromobil satılıb), lakin ən perspektivlisi versiya məhz bu versiyadır. Üstəlik, erkən modernləşmə digər modellərlə unifikasiya ilə bağlıdır.
Birincisi, modernləşdirilmiş Peugeot e-208 modeli yeni elektrik mühərrikini alıb. Continental şirkətinin mühərrikinin yerini (136 at qüvvəsi, 260 Nm) Emotors (Stellantis konserni ilə Yaponiyanın Nidec şirkətinin birgə müəssisəsi) firmasının yaratdığı güc qurğusu tutub. Eyni elektrik mühərriki artıq Peugeot e-308 və DS 3 E-Tense modellərində də quraşdırılır və 156 at (260 Nm) təklif edir. Üstəlik, yeni mühərrik azaldılmış enerji istehlakı ilə də seçilir.
İkincisi, yuxarıda adı çəkilən modellərlə unifikasiya edilmiş yeni dartma batareyası peyda olub. Təchizatçı dəyişməsə də (bu Çinin CATL şirkətidir), 400-voltluq batareya indi daha sıx şəkildə qablaşdırılıb. Onun gücü 50-dən 51 kilovata qədər artıb, lakin istifadə olunan tutumun artması daha ciddi olub: 46,2-dən 48,1 kilovat/saata qədər.
Bütün bu tədbirlər WLTP dövrünə əsasən pasport üzrə yürüş məsafəsini 400 kilometrə qədər artırmağa imkan verib, lakin bu hələlik hesablama göstəricidir (sertifikasiya hələlik başa çatmayıb).
Xatırladaq ki, əvvəlki Peugeot e-208 modeli dolu batareya ilə 340 kilometr məsafə qət edirdi, keçən ilki modernləşdirmədən sonra (istilik nasosu, başqa ötürmələr qutusu və yeni şinlər peyda olublar) isə, bu rəqəm 362 kilometrə qədər artırılmışdı.
Ancaq "iki yüz səkkizin" batareyası daha yeyin dolmayacaqdır: bir fazalı baza yükləmə cihazı 7,4 kilovata, opsional üç fazalı yükləmə cihazı 11 kilovata, daimi cərəyanlı cihaz isə 100 kilovata hesablanıb.
Təkmilləşdirilmiş Peugeot e-208 modeli gələn ilin fevral ayında Avropa bazarında satışa çıxmalıdır. Bir neçə aydan sonra 208 ailəsinin planlaşdırılmış restaylinqi baş tutacaqdır. Elektrik versiyasının istehsalı isə, Slovakiyadan Opel şirkətinin İspaniyadakı keçmiş zavoduna keçiriləcəkdir. Hazırda burada Opel Corsa, Opel Crossland və Citroen C3 Aircross modelləri istehsal edilir.
autograph.az