"Porsche 911" sportkarı T indeksli “purist” versiyasına sahib olub - FOTO
İlkin olaraq T (Touring sözündən) indeksi olan 911 sportkarları Porsche markasının model xəttində 1968-ci ildən 1973-cü ilə qədər mövcud olublar - belə modifikasiya gücü azaldılmış mühərriki, sadələşdirilmiş təchizatı və ilk zamanlarda dörd pilləli ötürmələr qutusu (qalan modifikasiyalar beş pilləli idi) olan ən ucuz versiya idi.
Alman istehsalçısı bu modifikasiyanı 2017-ci ildə canlandırmaq qərarına gəlib. Lakin bu dəfə fərqli fəlsəfə seçilib. Göründüyü kimi, bu ideya uğurlu alınıb, çünki Porsche 911 Carrera T modifikasiyası yeni 992 nəsildə də peyda olub.
Korporativ iyerarxiyada yeni versiya adi Carrera və Carrera S versiyaları arasında yerləşir. Əsas olaraq 385 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli biturbo mühərriki olan Porsche 911 Carrera sportkarı götürülüb.
Lakin Carrera yalnız PDK “robotu” ilə təklif olunsa da, Carrera T standart olaraq yeddi pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Bununla belə, Touring versiyası üçün PDK qutusunu da sifariş etmək olar.
Carrera T versiyasının əsas fərqləri şassi ilə bağlıdır - purist kupe 10 millimetr azaldılmış klirensi olan adaptiv PASM asqısı, özükilidlənən differensial və dartma vektorunu idarə edən PTV elektron sistemi (standart əyləclərdən istifadə etməklə) ilə təchiz edilir.
Bütün bunlar Carrera baza versiyası üçün hətta əlavə ödəniş qarşılığında belə əlçatan deyil. Təchizata həmçinin Sport Chrono paketi də daxildir və opsiyalar arasında arxa təkərlərin dönmə mexanizmi də peyda olub. İndiyə qədər belə mexanizm yalnız ən güclü 911 sportkarları üçün təklif olunurdu.
Bundan əlavə, Carrera T modeli yüngülləşdirilib. Porsche, beş il əvvəl olduğu kimi media sistemini və qapı tutacaqlarını çıxarmayıb, lakin arxa oturacaqlar və səs izolyasiyasının bir hissəsindən imtina edib.
Kiçik ölçülü 12 voltluq akkumulyator quraşdırılıb, şüşələr nazikləşdirilib. Nəticədə Porsche 911 Carrera T kupesi çeşiddəki ən yüngül modeldir: onun boş çəkisi 1470 kiloqramdır ki, bu da “robot” ilə təchiz edilmiş Carrera baza modelində olduğundan 35 kiloqram azdır.
Zahiri cəhətdən Carrera T versiyası qara dekoru, buraxılış sisteminin qara rəngli çıxış boruları və böyük təkər diskləri (öndə 20, arxada isə 21 düymlük) ilə seçilir. Lakin bütün bunları standart Carrera üçün də sifariş etmək olar. Salonda idman oturacaqları quraşddırılıb, yeni dekor və tikişlər əlavə edilib.
PDK qutusu olan avtomobilləri nəzərə alsaq, dinamika baxımından Carrera T versiyası “sadə” Carrera modelində fərqlənmir. 100 km/saat həddinə sürətlənmə müddəti 4,0 saaniyə, 200 km /saat həddinə isə 14,2 saniyədir. Mexaniki ötürmələr qutusu olan kupe nəzərəçarpacaq dərəcədə yavaşdır: müvafiq olaraq 4,5 və 15,1 saniyə. Maksimal sürət - 291 km/saatdır.
Beləliklə, Carrera T versiyasının hədəf kütləsi mexaniki ötürmələr qutusu ilə təchiz edilmiş əfsanəvi 911 sportkarına ehtiyac duyan puristlərdir. Almaniyada seçilmiş sürət qutusundan asılı olmayaraq belə bir kupe 124 min avroya başa gəlir. Bu baza Carrera modelindən 10 300 avro bahadır. Purist versiyasının çatdırılmalarına fevral ayında başlanacaqdır.
autograph.az