Sürücülük vəsiqəsi ala bilməyən almanın ixtirası - Vankel mühərriki - FOTO - VİDEO

Avtodünya 9 İyun 2023 16:09 Oxunub 1422
Sürücülük vəsiqəsi ala bilməyən almanın ixtirası - Vankel mühərriki     - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Klassik daxili yanma mühərriklərinin (DYM) icadından 150 il ötsə də, onların iş prinsipi dəyişməz olaraq qalır. Lakin ağıllı mühəndislər hər zaman enerji itkisini minimuma endirə bilmək barədə baş sındırmışlar. 
Bu sualın cavabını tapmaq 1953-cü ildə 2 almana - Feliks Vankel və Vilhelm Froudeyə nəsib olur. Onlar klassik mühərrikdən daha yüngül, daha səmərəli və detalların həcmi 70% az olan rotor mühərriki patentləşdirirlər. Bu ixtira avtomobil sənayesində həyəcana səbəb olur. “Mercedes” bu mühərriklərin təkmilləşməsi işinə girişir və 1973-də beynəlxalq sərgiyə 400 at gücündə ikikameralı rotor mühərriki çıxarır. Lakin model o qədər də diqqət çəkmir və rotor mühərrikli yeganə “Mercedes”in son dayanacağı Ştutqart muzeyi olur. 
Həmin illərdə “Mazda” və “Lada” (VAZ) bu layihəyə maraq göstərirlər. “Mazda” kiçik seriya ilə rotor mühərrikli avtomobillər buraxmağa başlayır. İş elə gətirir ki, bu model sadə amerikalıların diqqətini çəkir və artıq 1980-in əvvəllərində ABŞ-a ixrac olunan “Mazda”ların 80%-i məhz bu motorla komplektləşdirilirdi. Mazda bu tip mühərrikləri indi motosikletlərə də tətbiq edir. 
1973-cü ildə VAZ-ın nəzdində rotor mühərriklərini təkmilləşdirmək üçün büro yaradılır. Peterburqdakı Elmi-tədqiqat Avtomobil Nəqliyyatı İnstitutunun (NİİAT) əməkdaşları da bu işə cəlb olunur. Məqsəd KQB (Dövlət Təhlükəsizlik Komitəsi) üçün çevik, lakin görünüş etibarilə digərlərindən seçilməyən avtomobillərin hazırlanması idi. Məqsədə əsasən nail olunur, lakin mühərrikin resursunun azlığı əsas qüsur olaraq qalır. Vankel motoru ilə “Jiquli” maksimum 20 000 km hərəkət edə bilirdi. Sovet mütəxəssisləri NİİAT-da dünyanın ən kiçik mühərrikini də hazırlayırlar. Ölçüsü təqribən yumurta boyda, kütləsi 200 qram olan bu mühərrik 5 at gücündə idi! Bu nadir eksponat indi Tolyattidə VAZ-ın muzeyindədir.  
Vankelin texniki təhsili olmayıb. Bu dahi hər zaman “mən riyazi formullara nifrət edirəm” deyirdi. 
Bu mühərrikin hazırlanmasında Vankellə yanaşı Vilhelm Froudenin də böyük əməyi olmuşdur. Lakin bir jurnalist xətasına görə Froudenin “haqqı yeyilir”, unudulur. Elmi dairələr bu texnikanın “rotor mühərriki” adlandırılmasını daha savadlı seçim hesab edirlər. Azərbaycan Sovet ensiklopediyasında «Vankel mühərriki» əsas götürülüb. 
Görmə problemləri olduğu üçün Vankel sürücülük vəsiqəsi əldə edə bilməyib.
Mazda bu gün də daxili bazara və ABŞ-a rotor mühərrikli modellərini təqdim edir. Lakin bu dəfə hibrid avtomobillərdə. Rotor mühərriklərinin təkmilləşməsinə töhfəsini vermiş ruslar da SSRİ-nin süqutundan sonra üzərindən məxfilik qrifi götürülən layihələrdən pul qazanmaq niyyətinə düşürlər. Vankel mühərrikləri təkmilləşdirilir, mövcud qüsurlar aradan qalxandan sonra 2 model bazara çıxarılır. Biri “klassik Jiquli”, digəri isə “Samara” üçün nəzərdə tutulmuş bu mühərriklərin yalnız asqıları (rusca – подвеска двигателья) fərqlidir. Mühərriklər dərhal mafiyanın və çılğın gənclərin diqqətini çəkir və zavod bu modellərin sifarişlə istehsalına başlayır. Rus mənbələrinə görə bu tip 07 və ya 099 ilə 2-ci ötürmədə 140 km saat sürət yığmaq mümkündür. Qarşıdakı avtomobili vurmamaq üçün şəhərdə birbaşa 4-cü ötürmədə hərəkətə başlamaq tövsiyə edilir. Müqayisə edək:
VAZ 2106 mühərriki: 1600 sm3, 140 kq, 75 at gücü, 5500 dövr dəqiqə
VAZ 409 Vankel: 1100 sm3, 70 kq, 110 at gücü, 8000 dövr dəqiqə. 
Kompressorla təchiz olunmuş eyni mühərrik 180 at gücü hasil edir. Bu da kütləsi 900 kiloqram olan LADA üçün həddən ziyadə artıqdır. Müasir krossoverlərin çoxunda bu gücdə mühərrik yoxdur. Bir sözlə, bu mühərrik əsl avtoşlar üçündür.
Rotor mühərrikin üstünlüyü: Yüngüldür, eyni həcmli klassik DYM-dən 2 dəfə artıq güc hasil edir, maya dəyəri aşağıdır, yanacaq sürtkü materiallarının keyfiyyətinə az həssasdır, səsi azdır, çevikdir.
Çatışmazlığı: Resurs azdır, sex şəraitində təmir mümkün deyil, ekoloji problemlər tam həllini tapmayıb, mühərriklə tormozlama az effektlidir. Bu tip mühərriklə təchiz edilən avtomobilə daha güclü tormoz sistemi quraşdırmaq lazım gəlir. Güclü mühərrik naşı sürücülərə şəhər rejimində problemlər yaradır.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh