"Toyota bZ3" sedanı rəsmi olaraq debüt edib
Toyota şirkəti bZ (beyond Zero) ailəsinin ikinci üzvünü təqdim edib: bZ4X krossoverinə bZ3 adlı sedan qoşulub. Bununla belə, bZ4X modeli Yaponiya və Çində istehsal olunsa və dünyanın bir çox ölkələrində satılsa da, bZ3 lokal məhsula çevriləcəkdir. Elektrik sedanının təqdimatı Çində baş tutub, onun yaradılmasında isə yerli şirkətlər - FAW və BYD konsernləri iştirak ediblər.
Toyota bZ3 sedanı elektrik krossoveri ilə eyni üslubda dizayna malikdir: həm işıqlandırma texnikasının forması, həm də kuzovun ümumi plastikası oxşardır. Tərtibatçılar aerodinamika üzərində yaxşıca işləyiblər: yastı burun, hamar altlıq, “batırılmış” qapı tutacaqları, təkərlərin xüsusi dizaynı və digər elementlər çox aşağı (Cd=0,218) aerodinamik müqavimət əmsalını əldə etməyə imkan veriblər. Bununla belə, Tesla Model S və Lucid Air modelləri daha üstün göstəricilərə malikdirlər.
Elektrik sedanı indiki Corolla modelindən daha böyükdür: onun uzunluğu 4725 millimetr (+ 95 millimetr), eni - 1835 millimetr (+ 55 millimetr), hündürlüyü isə 1475 (+ 40 millimetr) millimetrdir. Təkər bazası baxımından isə elektromobil hətta Camry modelini belə qabaqlayır: 2825 millimetrə qarşı 2880 millimetr. Sedan 16 və ya 18 düymlük təkər diskləri təklif olunur.
Beş nəfərlik salon hətta Toyota standartlarına görə qeyri-ənənəvi həllər toplusudur. Məsələn, rekuperasiya sisteminin sükanaltı ləcəklərindən imtina edilib! Dönmə siqnalları sükan çarxının qollarındakı düymələrlə idarə olunur, xarici işıqlandırma və şüşəsilənlər üçün isə, sükan sütununda ayrıca coystiklər quraşdırılıb. Qapı qıfıllarını açmaq üçün tutacaqlar dirsəkaltılara quraşdırılıb, üstəlik, sürücü tərəfində elektrik şüşəqaldıranlarının mərkəzləşdirilmiş idarəetmə paneli yoxdur: burada yalnız bir düymə var.
Demək olar ki, bütün ikinci dərəcəli funksiyalar - iki zonalı klimat-kontroldan tutmuş baqaj qapağının kilidinin açılmasına qədər, - media sisteminin böyük planşetinə inteqrasiya olunub. Proyeksiya displey yoxdur, lakin adi cihazlar panelinin ekranı hündürdə və sürücüdən uzaqda yerləşir. İkinci sırada - düz bir döşəmə və qızdırılan divan var.
Sedan da krossover kimi e-TNGA platformasına əsaslanır. Lakin yeni elektrokarın elektrik mühərrikləri və litium-dəmir-fosfat dartma batareyaları Çinin BYD şirkəti tərəfindən təmin ediləcəkdir. İndiyə qədər rəsmi olaraq yalnız dolu batareya ilə maksimal yürüş məsafəsi açıqlanıb: Çin CLTC dövrünə əsasən 600 kilometrdən çox.
Toyota 10 illik istifadədən sonra batareyanın ən azı 90% tutumunu saxlayacağını vəd edir. Lakin bu bütün istismar şəraitlərinə aid deyil. Digər xüsusiyyətlər isə, yalnız sedanın Çin versiyası üçün sertifikatlaşdırılıb. İki versiya bəyan edilib və onların hər ikisi də arxa ötürməlidirlər, elektrik mühərriklərinin gücü 184 və ya 245 at qüvvəsidir.
Avtomobillərin boş çəkisi müvafiq olaraq 1710 və 1835 kiloqramdır. Hər iki halda maksimal sürət 160 km/saat həddində məhdudlaşdırılıb.
Çində bZ3 modelinin istehsalı ilə Toyota şirkətinin tərəfdaşı FAW konserni məşğul olacaqdır. Yeni elektromobil bu ilin sonuna kimi Toyota- FAW Birgə müəssisəsinin konveyerə çıxmalıdır. Onun satışlarına isə gələn ilin yazında başlamaq planlaşdırılır. Lakin bZ3 modelinin digər bazarlara çıxarılacağı barədə hələlik məlumat verilməyib.
Eyni zamanda, Toyota şirkəti bZ ailəsinin üçüncü üzvünü təqdim etməyə hazırlaşır – yeni model böyük elektrik liftbəki olacaqdır.
autograph.az