Yeni "Toyota Land Cruiser Prado". Bu model barədə nə bilirik?
Toyota Land Cruiser Prado modeli orfrouderlər aləmindəki vacib avtomobillərdən biridir. Avropa və Asiyada çox populyar olsa da, Prado modeli Şimali Amerikada təklif edilmir. Burada onu Lexus GX modeli əvəz edir. Lakin bu çatışmamazlığın tezliklə aradan qaldırılacağı gözlənilir. Prado modelinin yeni nəsli, ABŞ bazarında bir neçə gün bundan əvvəl debüt etmiş üçüncü nəsil GX ofrouderi ilə birlikdə satılacaqdır.
Cari nəsil Land Cruiser Prado modeli 2009-cu ildən buraxılır. Bu müddət ərizdə ofrouder iki yenilənmədən və çoxlu sayda təkmilləşdirmələrdən keçib. Yuxarıda qeyd etdiyimiz kimi, 14 illik fasilədən sonra GX modeli nəsil dəyişdirib, yeni nəsil Prado modelinin isə, 2024-cü ildə debüt edəcəyi gözlənilir. Bəs yeni Prado haqqında məlum olanlar nədir?
Tarixi baxımdan Toyota Land Cruiser Prado və Lexus GX modelləri həm texniki cəhətdən, həm də eksterrer və interyer dizaynı cəhətdən bir-biri ilə sıx bağlı olublar. İki avtomobil arasındakı əsas fərqlər ön tərəfin tərtibatında və emblemlərdə olub. Kuzov panellərinin əksər hissəsi, arxa tərəfin dizaynı demək olar ki, eynidirlər.
Hər iki modelin də ABŞ-da satılacağı onların arasındakı differensiasiyanın daha geniş olacağından xəbər verir. Bu isə, iki model arasındakı dizayn fərqinin daha ciddi olacağına işarə edir. Ən maraqlısı odur ki, Amerikada Prado indeksindən imtina ediləcəyi söylənilir. Land Cruiser 300 modelinin Şimali Amerikada satılmadığını nəzərə alsaq, belə addım məntiqli görünür.
İnteryerə gəldikdə isə, bu sahədə əhəmiyyətli irəliləyişin olacağı gözlənilir. Çox güman ki, avtomobil yapon şirkətinin ən qabaqcıl texnologiyalarını və daha keyfiyyətli tərtibat materiallarını əldə edəcəkdir. Bunlara misal kimi, iri displeyi olan məlumat-əyləcə sistemini və rəqəmsal cihazlar panelini göstərmək olar. Məlum məsələdir ki, yeni Prado geniş salona və baqaj bölməsinə də malik olmalıdır.
Prado modeli də Toyota Sequioa, Tundra, LC 300, Lexus LX və GX modellərinin inşa olunduğu TNGA-F modul arxitekturasına əsaslanacaqdır. Ölçülərə gəldikdə isə, Prado ofrouderi GX modelindən daha qısa olmalıdır.
Yeni ofrouderin 349 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 biturbo mühərriki ilə təchiz ediləcəyi gözlənilir. Bundan başqa, Prado modelinin mühərrik çeşidinə Sequoia modelindən tanış olan i-Force Max hibrid güc aqreqatını da daxil edə bilərlər.
3,5-litrlik V6 biturbo mühərriki və elektromotorun tandemindən ibarət olan bu aqreqat 437 at qüvvəsi və 790 Nm fırlanma anı hasil edir. Dizel versiyasının olub-olmayacağı barədə heç bir məlumat yoxdur, lakin bir sıra bazarlarda belə bir versiyanın təklif olunacağı istisna edilmir.
Nəhayət, Land Cruiser Prado 10-pilləli avtomatik ötürmələr qutusu və daimi tam ötürmə sistemini alacaqdır.
İlkin olaraq, Land Cruiser Prado modelinin yeni nəslinin 2023-cü ildə debüt edəcəyi gözlənilirdi. Lakin sonradan yapon istehsalçısı təqdimatın 2024-cü ilə keçirildiyi bildirilib. Ümid edirik ki, tezliklə ümumi istifadə yollarında peyda olacaq kamuflyajlı prototiplər çoxdan gözlənilən ofrouderin forma və ölçüləri barədə daha dolğun məlumat verəcəklər.
autograph.az