Reklam

Azərbaycanın istehsal etdiyi avtomobillərə maraq NİYƏ AZDIR?

Avtoxəbər 29 Avqust 2023 13:18 Oxunub 1046
Azərbaycanın istehsal etdiyi avtomobillərə maraq NİYƏ AZDIR?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

12 ildir ki, Azərbaycanda avtomobil istehsalına başlanılıb. Naxçıvanda «Lifan», «FAW», «Changan», Neftçala zavodunda isə «Khazar», «AzSamand» və «Peugeot» markalı avtomobillər istehsal olunur.

Amma bu müddət ərzində yerli avtomobillərin satış tempi qalxmayıb. Əksinə illər keçdikcə aşağı düşür. Son illər isə yerli istehsal olan avtomobillərdən imtina edilir.

İstehsal bir qədər artsa da istifadədə kəskin azalma müşahidə edilir. Hətta bir vaxtlar dövlət müəssisələri yerli istehsala üstünlük verirdilərsə, hazırda bu prosesin əksi baş verir. 

Məlumat üçün bildirək ki, Azərbaycanda bu ilin yanvar-iyul aylarında 1866 ədəd, 2022-ci ildə 2049, 2021-ci ildə isə 940 ədəd minik avtomobili istehsal edilib.  

Əmlak məsələləri üzrə ekspert Vüqar Oruc Bizim.Media-ya açıqlamasında yerli istehsala marağın artırılması üçün təşviqə ehtiyac olduğunu vurğulayıb. 


Ekspertin fikrincə, dövlət müəssisələrindən inzibati qaydada tələb olunmalıdır ki, xidməti maşınlar yerli istehsalın təqdim etdiyi avtomobillər olsun:

“Birdən-birə ölkə vətəndaşlarının və yaxud hansısa dövlət müəssisəsinin, xidməti maşın əldə etmək istəyən qurumların xarici maşınlardan imtina edib, yerli avtomobillərə üstünlük verəcəyini gözləmək olmaz. Bu məsələdə psixoloji uyğunluq var. İnsanlar hər zaman düşünür ki, bu günə qədərki komfort artan sıra ilə davam etməlidir. Çünki xarici maşın firmaları getdikcə öz məhsullarını daha da təkmilləşdirirlər. 

Bizim vətəndaşlar, o cümlədən dövlət müəssisələri daha çox təkmilləşmiş və inkişaf etmiş avtomobillər əldə etmək istəyirlər. Bunun üçün güzəştlər müəyyən olunmalıdır. Əvvəllər ölkədə nağdsız ödənişlərə o qədər də meyl yox idi. Müəyyən bonuslar verməklə və təşviq siyasəti həyata keçirməklə nağdsız ödənişlərə üstünlük verilməyə başlandı. 

Oxşar siyasəti məhz yerli avtomobillər üçün də nəzərdə tutmaq lazımdır. Onları alan, istifadə edən vətəndaşlar bu və ya digər hüquqlara, yaxud güzəştlərə malik olmalıdır. Bir sözlə vətəndaşlar bu avtomobilləri əldə etməyə maraqlı olmalıdırlar”. 

Ekspert hesab edir ki, yerli avtomobillərin ehtiyat hissələri də xaricdən alınmamalı, yerli istehsal olmalıdır:

“Avtomobil zavodlarımız istehsaldan daha çox yığma qurumudur. Belə olmasın deyə biz ehtiyat hissələrinin istehsalına önəm verməliyik və bunun üçün Azəbaycanda çox ciddi potensial var. Ehtiyat hissələri bacardıqca ucuz olmalıdır. Xaricdən gətirilən hissələrin ölkədə yığılması baha olduğu üçün vətəndaşlarımız eyni qiymətə olan yerli istehsaldan daha çox xarici istehsala üstünlük verirlər. Düşünürlər ki, yerli istehsal brend deyil və müəyyən texniki problemlərlə üzləşə bilərlər. 

Bu fikrin aradan qaldırlması üçün Azərbaycan brendləri özünü yerli bazarda sübut etməlidir. Dövlət müəssisələri və vətəndaşlar bu avtomobillərin alıcılarına çevrilməlidirlər. Əks təqdirdə bu problem illərlə davam edəcək və yerli istehsal heç vaxt xarici brend avtomobillərini üstələyə bilməyəcək”. 

Vüqar Orucun sözlərinə görə illər əvvəl “Lifan” avtomobillərindən istifadəni cənab Prezident başda olmaqla bir sıra dövlət qurumları təbliğ və təşviq etdi:

“İndi də bu prosesin stimullaşdırılmasına ehtiyac var. Birmənalı olaraq dövlət müəssisələri xarici avtomobillərdən imtina etməlidir. Bunun üçün müvafiq dövlət siyasəti həyata keçirilməli və yerli brendlərin məşhurlaşdırılması və əsas olması istiqamətində addımlar atılmalıdır. 

Vətəndaşlarımız yerli brendlərdən ona görə imtina edirlər ki, bir çox hallarda istədikləri dizayn və keyfiyyət tam olaraq bu avtomobillərdə olacaq. Ona görə də yerli zavodlar istehsalçıdan daha çox yığma qurum kimi fəaliyyət göstərirlər. Azərbaycanda avtomobil istehsalı üçün detallatın ən azı 25 faizi ölkədə istehsal olunmalıdır. Məhz onda avtomobil istehsalı sənayesinin yaradılması haqqında danışmaq mümkündür”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh