“Bir papkası, bir də özü olan sürücülük məktəbi heçkimə LAZIM DEYİL”
Yəqin ki, şəhərin müxtəlif yerlərində təlim maşınlarına əksəriyyətimiz rast gəlirik. Belə avtomobillər sürücülərə mane olmaqla yanaşı həm də piyadaları narahat edir. Sözügedən avtomobillərin təlim üçün xüsusi meydançalarda fəaliyyət göstərməli olduğu halda, magistral yolda görünməsi kifayət qədər təhlükəli vəziyyət yaradır.
Sürücülük məktəbində təlimçilərin magistral yolda öyrədilməsi nə dərəcədə doğrudur?
Təlimçi Aqil Rəhimov Bizim.Media-ya bildirib ki, qanunda yazıldığı kimi, təlim müəllimi tələbəni yalnız ilkin vərdişləri, yol hərəkəti qaydaları haqqında elementar bilikləri olduqdan və avtomobili texniki cəhətdən idarə etməyə başladıqdan sonra magistral yollara çıxara bilər.
“İlk təlim vərdişləri xüsusi meydançalarda verilməlidir. Birinci növbədə sıx olmayan yollardan başlamaq lazımdır. Tələbə avtomobilə öyrəşməli, ilkin idarəetmə qaydalarını bilməli və sonra avtomagistrala çıxmalıdır. Birbaşa avtomagistrallarda təlim keçmək çox təhlükəli olduğu üçün qəti qadağandır”.
Həmçinin təlimçi bildirib ki, sürücülük kursları zamanı hər hansı hadisə baş verərsə burada öyrənən tələbə günahkar hesab olunmur.
Bu zaman avtomagistrallarda təlim keçməyə görə təlim müəlliminə cərimə olaraq 100 manat və 4 bal cərimə oluna bilər: “Ümumiyyətlə, nəinki avtomagistrallarda, bütün yollarda hadisə olarsa, cavabdeh müəllimdir. Qanunda da yazılıb ki, təlim avtomobilinin sürücüsü müəllim hesab olunur və cavabdehlik daşıyır. O ki qaldı avtomagistrallarda təlim prosesi keçən təlimçilərin günü-gündən artmasına, bu çox ciddi fəsad və bədbəxt hadisələrə səbəb ola bilər”.
“Yaşayış zonalarında, həyət evlərinin arasında təlim keçmək olmaz. Avtomagistrallarda və xüsusi qaydada elan olunmuş bəzi vacib strateji yollarda təlim keçirmək qadağandır”.
Sürücülük məktəblərinin yaratdığı bu maneəyə kim nəzarət etməlidir?
Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, burada müdaxilə edəcək struktur Elm və Təhsil Nazirliyidir ki, onlar da bu məsələ ilə dəqiq maraqlanmırlar:
“Digər qurumlar da nəzərə almalıdır ki, sürücülük məktəbləri heç bir binası və təlim üçün heçnə olmadan fəaliyyət göstərirlər. Sadəcə arayış satır ki, bu məktəblərin yetirməsi olan sürücülər də sonra çıxıb yolda qəza törədir ölür, öldürür. Bu məsələlərlə çox ciddi məşğul olmaq lazımdır. Bir papkası, bir də özü olan peşə məktəbi heç kimə lazım deyil. Adı gedir ki, sürücü hazırlayır, amma pulunu alıb arayış satır. Bunların aqibətinin necə olmasına isə aidiyyəti qurumlar cavab verməlidir. Bu məsələdə ciddi ölçü götürülməli, nəzarət olunmalıdır”.
Ekspert vurğulayıb ki, ölkəmizdə də xaricdə olduğu kimi, texniki imkanları məhdud olanlar məktəblərin fəaliyyətinə xitam verilməlidir: “Bir çox ölkələr artıq sürücülük məktəbləri ilə bağlı addımlar atıb. Elə qonşu Rusiya da yeni qaydalara cavab verməyən sürücülük məktəblərinin hamısını bağladı. Azərbaycanda da artıq bu addımı atmağın zamanıdır. Çünki sürücülərin hazırlığından danışarkən qeyri-peşəkar, qeyri-ciddi yanaşma yolverilməzdir. Sürücü peşəkar olmalı, onun hazırlığı yüksək səviyyədə həyata keçirilməlidir. Digər çatışmazlıqlar isə aradan qaldırılmalıdır. İnsanları belə formada taleyin ümidinə buraxmaq düzgün yanaşma deyil. Bu insan həyatıdır və təhlükəsizlik qaydalarına ciddi yanaşmaq lazımdır”.