Dizel mühərrikli maşınlar daha çox bahalaşacaq - Azərbaycanda YENİ QİYMƏT ARTIMI

Avtoxəbər 10 Yanvar 2022 16:05 Oxunub 2432
Dizel mühərrikli maşınlar daha çox bahalaşacaq - Azərbaycanda YENİ QİYMƏT ARTIMI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vergi Məcəlləsinə edilən və bu il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdən bəziləri avtomobil bazarına təsir edəcək.
Həmin dəyişikliklər bunlardır:
1. İstehsal tarixi 3 ildən və mühərrikinin iş həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilir. Bu dəyişiklik yeni hibrid avtomobillərin idxalı zamanı gömrük ödənişlərinin azalması və belə avtomobillərin daha ucuz qiymətə başa gəlməsi deməkdir. Düşünürük ki, bunun nəticəsində yeni hibridlərə maraq bir qədər artacaq.
2. Mühərrikinin iş həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan daxili yanma mühərrikli minik avtomobillərinə aksiz vergisi artırılır.
Artımdan sonra mühərrikinin iş həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə tətbiq edilən aksiz vergisi belədir:
- mühərrikin həcmi 3001-4000 kubsantimetr arası olduqda - 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 15 manat (son artıma qədər 13 manat idi).
- mühərrikin həcmi 4001-5000 kubsantimetr arası olduqda - 20600 manat (son artıma qədər 18600 manat idi) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 40 manat (son artıma qədər 35 manat idi).
- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda - 60600 manat (son artıma qədər 53600 manat idi) + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə 80 manat (son artıma qədər 70 manat idi).
3. Mühərrikinin iş həcmindən asılı olmayaraq istehsal ili 7 ildən artıq olan minik avtomobillərində aksiz vergisi artırılır. Özü də bu artım yanacaq növünə (benzin və ya dizel yanacağı) görə də fərqlənir (dizel üçün artım daha yüksəkdir). İdxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz məbləği benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır. Bu o deməkdir ki, mühərrikinin iş həcmindən asılı olmayaraq istehsal ili 7-dən artıq olan benzinlə işləyən minik avtomobillərinin aksiz vergisi 20%, dizel yanacağı ilə işləyən minik avtomobillərinin aksiz vergisi isə 50% artacaq.
Məsələn, mühərrikinin iş həcmi 2500 kubsantimetr və istehsal ili 2010 olan dizel yanacağı ilə işləyən minik avtomobilinin aksiz vergisi ötən il 3100 manat idi. Eyni avtomobilin aksiz vergisi bu il 4650 manat olacaq. Mühərrikinin iş həcmi 5700 kubsantimetr və istehsal ili 2010 olan benzinlə işləyən minik avtomobilinin aksiz vergisi ötən il 102600 manat idi. Eyni avtomobilin aksiz vergisi bu il 139920 manat olacaq.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh