Kondisionerdən necə düzgün istiafdə edilməli – BİR AZ DA FREON HAQQINDA

Avtoxəbər 16 May 2021 09:00 Oxunub 1750
Kondisionerdən necə düzgün istiafdə edilməli – BİR AZ DA FREON HAQQINDA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yəqin hər kəsə aydındır ki, salonda işləyən kondisionerin olması pəncərələri açıq saxlamaqdan yaxşıdır. Klimat-kontrol sistemi isə kondisionerdən də yaxşıdır. Amma sürücülərin heç də hamısı kondisioner vasitəsilə sərinləşdirilən havadan zövq ala bilmirlər.

“Birdən soyuqlayaram”, – deyə onlar düşünürlər. Uşaqlıqdan beyinlərinə yeridilmiş bu fikir onları rahat buraxmır: “Əgər ikitərəfli küləyin qarşısında oturmusansa, deməli, soyuqlayacaqsan”. Formal məntiq baxımından yanaşsaq, kondisionerin havası da mahiyyət etibarıilə ikitərəfli külək kimidir, özü də soyuq külək.

Gəlin məsələyə bir qədər dərindən nəzər salaq. Soyuqdəymənin səbəbi hamıya məlum olan müəyyən hərəkətlərdir. Məsələn, bayırın istisindən sonra otağa daxil olub kondisioneri yandırsanız və üstəlik, onu daha soyuq rejimdə işlətsəniz, nəticədə bayırın istisindən genişlənmiş qan damarları qəflətən müəyyən dozada soyuq hava alar və onu orqanizmin dərinliklərinə aparar.

İstidən sonra daralmaq üçün damarlara müəyyən vaxt lazımdır. Dərhal isti mühitdən soyuq mühitə düşdükdə isə siz orqanizmi həmin vaxtdan məhrum edirsiniz və orqanizmdəki müxtəlif mikroblar bundan məharətlə istifadə edirlər. Nəticədə soyuqdəymə baş verir.

Bəs nə etməli?

Avtomobilin salonunu birdən-birə deyil, tədricən soyuqlaşdırmaq lazımdır. Xüsusən bayırda hava çox istidirsə və siz tez-tez avtomobili tərk etməli olursunuzsa, çalışmalısınız ki, kəskin temperatur dəyişikliklərinə yol verməyəsiniz.

Ümumiyyətlə, həkimlər bayırın temperaturu ilə içərinin temperaturu arasında fərqin ən çoxu 10 dərəcə olmasını məsləhət görürlər. Məhz bu hədd daxilində olan temperatur fərqi orqanizmin sərin havanı problemsiz qəbul etməsinə və soyuqdəymənin baş verməməsinə şərait yaratmış olar.

Kondisioner necə işləyir?

Avtomobilin kondisionerinin iş prinsipi adi məişət soyuducusu ilə eynidir, amma soyuducudan fərqli olaraq burada hər şey tərsinədir. Kondisioner freonla doldurulmuş germetik sistemdir, freonun içərisində isə aşağı temperaturlardan qorxmayan xüsusi soyuducu yağ həll olunub. Orada həmçinin tərkibində xlor olan soyuducu birləşmələr də var.

Müxtəlif istehsalçıların avtomobillərindəki kondisionerlər arasında müəyyən  fərqlərin olmasına baxmayaraq, prinsip etibarıilə onların sxemi eynidir. Kondisioneri işə salan düyməni basdıqdan sonra elektromaqnit muftası işə düşərək hərəkətverici diski şkivə (çarxa) sıxır. Sonuncu isə, öz növbəsində, daim fırlanır.

Bundan sonra kompressor işləməyə başlayır və qaz halında olan freonu sıxaraq onu boru boyunca kondisionerə doğru qovur. Bu sıxılma nəticəsində freon bərk qızır. Kondisionerdə isə təzyiq aşağı düşür və freon soyumağa başlayır.

Soyuduqdan sonra o, kondensasiya edir və artıq kondisionerdən maye halında çıxır. Quruducu resiverdə təmizləndikdən sonra freon avtomobilin salonuna doğru istiqamətləndirilir. Orada o, buxarlandırıcıya düşərək yenidən qaz halına keçir. Bu zaman freon bərk soyudulur.

Buz kimi soyuq freon buxarlandırıcını soyudur, ventilyator isə soyuğu buxarlandırıcıdan salona doğru üfürür. Bundan sonra freon yenidən kompressora düşür və proses yenidən başlayır.

Sistemin düzgün işləməsinə bir neçə sensor nəzarət edir. Onların sayı müxtəlifdir. Adətən soyuducu resiverdə ventilyatorun ikinci sürətini işə salan sensor olur və kondensorun soyutma qüvvəsi yetərincə olmadıqda (məsələn, əgər avtomobiliniz tıxacda dayanıbsa), kondisionerdəki freonun kondensasiya etməsi dayanır.

Sensor təzyiqdəki kəskin dəyişikliyə reaksiya verir və ventilyatoru tam gücü ilə işə salır. “Təzyiq marşrutundakı” təzyiq ən yüksək həddə çatdıqda, təzyiq sensoru sadəcə, kompressoru söndürür.

Bir qədər freon haqqında

Bu maddənin dörd cür təhlükəli keyfiyyəti var: o, narkotik təsirə malikdir, orqanizmdə sonradan ehtiraslı coşğunluğa çevrilən zəiflik yaradır, şüuru dumanlandırır, yuxuculluq əmələ gətirir, böyük konsentrasiyalarda boğulma halları da baş verir. Dəriyə düşdükdə maye halında olan freon dərini dondura bilər.

1987-ci ildə BMT-nin Ətraf Mühit Proqramına (UNEP) uyğun olaraq, “Ozon təbəqəsini dağıdan maddələrə dair Monreal Protokolu” qüvvəyə minib. Həmin sənədə əsasən, hazırda köhnəlmiş R-12, R-22 və digər indeksli freonlar daha işlənmir, onlar təhlükəsiz R-134 ilə əvəz olunur.

Kondisioner sisteminin R-12 indeksli freondan R-134 indeksli freona keçidi prinsipcə mümkündür, amma bunu servis mərkəzlərində etdirmək məsləhətdir. Sadəcə olaraq kondisioneri başqa markalı freonla doldurmaq istəsəniz, bu baş tutmayacaq, orada ştuserlər fərqlidir.

Əgər hansısa “usta” bunu sizin üçün kustar üsulla etsə, o zaman kondisioneriniz qısa müddətdən sonra sıradan çıxdıqda təəccüblənməyin. Səbəb yağların fərqli olmasındadır. Müxtəlif markalı freonlarda hər bir yağ fərqli qaydada həll olur.

Sistemə doldurulan freonun miqdarı barəsində də eyni sözləri deyə bilərik. Əgər freon sistemə normadan az miqdarda doldurularsa, təzyiq aşağı olacaq və kompressor bu “çatışmazlığın” yerini doldurmaq üçün intensiv olaraq fırlanacaq və tez sıradan çıxacaq. Əgər freon normadan artıq miqdarda doldurularsa, sistem sadəcə olaraq, buna davam gətirməyib dağıla bilər.

Məlumat üçün qeyd edək ki, kondisionerlərin doldurulması üçün “stansiyalar” adlandırılan xüsusi qurğulardan istifadə etmək lazımdır. Bir çox avtoservislərdə quraşdırılan balonlar bunun üçün yaramır.

Beləliklə, kondisioner soyuducu kimi sadə qurğudur və ona hansısa qeyri-adi qulluq metodu tələb olunmur. Amma onun necə işlədiyini bilməyiniz məsləhətdir, bu halda siz onun düzgün olmayan istismarından irəli gələn problemlərdən yaxa qurtarmış olarsınız. Kondisioner isə bunun müqabilində sizi uzun müddət sərin hava ilə təmin edər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh