Rusiya istehsalı olan avtomobil ehtiyat hissələrinin bahalaşması Azərbaycana necə təsir edəcək?

Avtoxəbər 10 İyun 2022 15:13 Oxunub 848
Rusiya istehsalı olan avtomobil ehtiyat hissələrinin bahalaşması  Azərbaycana necə təsir edəcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Azərbaycana Rusiyadan gələn avtomobillərin və onların ehtiyat hissələrinin qiymətində artım müşahidə edilir. Əsasən Rusiyada “Hyundai Accent”, “Opel” və “Toyota”nın, “Renault”nun bəzi modelləri istehsal olunur. Çünki Rusiyada bu modelləri istehsal edən zavodlar bağlanıb və ehtiyat hissələri şirkətlərin məxsus olduğu ölkələrdən təchiz edilir”.

Bunu “Report”a açıqlamasında son zamanlar Rusiyada istehsal edilən avtomobillərin və onların ehtiyat hissələrinin bahalaşması ilə bağlı məsələni şərh edən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev deyib.

E.Əliyevin məlumatına görə, Rusiyanın məşhur “Lada” markası Azərbaycan üçün avtomobil istehsalını dayandırıb:

“Rusiyanın milli markası olan “Lada” Azərbaycan üçün tədarükünü dayandırıb. Bəlli məsələdir ki, bu markanın da ehtiyat hissələrinin bahalaşması olmalı idi. Bunun təbii və süni tərəfləri var. Təbii ki, ehtiyat hissəsi zavodda istehsal olunursa, onun qiyməti qalxmalıdır. Amma həmin məhsulu ölkəyə gətirənlər də süni surətdə qiymət artımına gedirlər. Biz bunu hər zaman müşahidə etmişik. Hətta Yaponiyada zəlzələ olan vaxt da oxşar hadisə ilə qarşılaşmışdıq. Ölkəyə qeyri-leqal yolla ehtiyat hissələri gətirənlər bu məsələlərdən sui-istifadə edirlər.

Əgər təkcə “Lada”nı götürsək, onun Azərbaycanda bazar payı olub. Ən çox satılan avtomobillərin təxminən ilk beşliyində yer alıb. Mən deyərdim ki, hətta bəzən ilk üçlükdə yer alıb. Azərbaycanda ən çox alınan avtomobillər sırasında “Toyota”, “Hyundai”, “Lada”, “Mercedes-Benz” hər zaman ön cərgələrdə olub”.

Avtomobillərin ehtiyat hissələri üzrə ekspert Vüsal Şirməmmədov isə hesab edir ki, Rusiyada istehsal edilən avtomobillər və onların ehtiyat hissələrinin bahalaşması Azərbaycan bazarına təsir etməyəcək:

“Rusiya Azərbaycan üçün iri avtomobillər istisna olmaqla kiçik həcmli avtomobillər üçün ehtiyat hissələri baxımından o qədər də məşhur deyil. Təbii ki, iri kənd təsərrüfatı və sənaye tipli avtomobillər üçün Rusiya bazarı hələ də aktualdır.

Son dörd-beş ildə Rusiyadan Azərbaycana idxal edilən avtomobillərin sayında ciddi fərqlər var. Belə ki, əhali arasında çox məşhur olan VAZ 21-07, VAZ 21-06, “Niva”, “Lada Priora” və s. bu kimi avtomobillərin məşhurluğu azalmaqdadır. Bunların yerini isə əsasən Koreyanın avtomat sürətlər qutusuna malik “Hyundai”, KİA kimi avtomobilləri almaqdadır. Amma ümumilikdə son dörd-beş ildə avtomobil bazarında “Mercedes-Benz”, “Hyundai”, “KİA”, “Toyota” və “Ford” kimi avtomobillərin sayı artmaqdadır.

Düzdür, Rusiyada bəzi Koreya avtomobil modellərinin ehtiyat hissələri hazırlanır. Amma bu, Azərbaycan bazarı üçün o qədər də aktual deyil. Bunun bir çox zəruri səbəbləri var. Təbii ki, ilk növbədə bazarda tələb-təklif məsələsi aktualdır. Təbii ki, məhsul azalırsa, onun qiymətində artım baş verir. Rusiya ilə Ukrayna arasında baş verən müharibənin buna ciddi təsirləri var. Bundan əlavə, Rusiya rublu kifayət qədər ciddi dəyərsizləşmə yaşayır. Bütün bunlar isə qiymətlərə təsir edir.

Amma bir daha təkrar edirəm ki, Azərbaycan ehtiyat hissələri bazarının Rusiya bazarına o qədər də ehtiyacı yoxdur. Bizim qardaş Türkiyədə bir çox brendlərin əsas və köməkçi ehtiyat hissələri yan sənaye deyilən sənaye formatında istehsal edilməkdədir. Bu baxımdan da orada istehsal edilən məhsulların Azərbaycana gətirilməsi artıb”.

Ekspert hesab edir ki, belə məsələlərin az təsiri olması həm də Azərbaycanın Rusiya ilə uğurlu siyasət aparmasının nəticəsidir:

“Rusiya ilə Azərbaycanın mehriban qonşuluq siyasəti məhz bəzi məsələlərdə bizim müəyyən problemlərdən kənarda qalmağımıza şərait yaradıb. Belə ki, bəzi məhsulların Ukrayna, Belarus, Rusiya üzərindən Azərbaycana gətirilməsində logistik problemlər var idi, məhz bu münasibətlər onun həllini təmin etdi. Rublun dəyərdən düşməsi baxımından qiymət artımı istisna olmaqla digər məsələlərdə ciddi problemlərimiz yoxdur.

Onu da əlavə edim ki, biz Çin, Koreya və Avropadan da ehtiyat hissələri idxalı həyata keçiririk. Bunun da qiymətlərin tənzimlənməsinə böyük təsiri var”.

Qeyd edək ki, avtomobil ehtiyat hissələrinin pərakəndə ixracı ilə məşğul olan satıcılar artıq iki həftəyə yaxındır, Rusiyada istehsal edilən avtomobillərin ehtiyat hissələrində iki dəfəyə qədər bahalaşma olduğunu qeyd edirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh