Radarların yerini tez-tez dəyişdirəndə görün nələr baş verir - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ

Avtoxəbər 12 Yanvar 2023 23:18 Oxunub 3312
Radarların yerini tez-tez dəyişdirəndə görün nələr baş verir - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkəmizdə Yeni il tətili vaxtı baş verən kütləvi qəzalar insanlarda həm təəssüf, həm də qəzəb doğurdu. Təkcə yanvarın 1-də Koroğlu metrostansiyası yaxınlığındakı qəzanı xatırlatmaq kifayətdir. Təəssüf ki, bu acı təcrübə hər bayram təkrarlanır. 

Avtosfer.az xəbər verir ki, məsələyə ekspertlər səviyyəsində kifayət qədər münasibət bildirilib. Ekspertlərin ümumi olaraq tənqid etdiyi məqamlardan biri də stasionar radarlardır. Onların arqumenti budur ki, əksər sürücülər radarların yerini əzbər bilir. Radara çatdanda sürəti azldan sürücülər radarı keçən kimi qaza basırlar. 
Bəli, bu arqumentlə tam razıyam. Özüm avtomobil sahibi olmasam da, Bakı-Qazax yolundakı radarların yerini bilirəm. Səbəb də sadədir: rayona işləyən sürücülər radara çatdıqda sürəti azaldırlar. 
Bəs başqa ölkələrdə vəziyyət necədir və polis problemi necə həll edir?
Azərbaycan kimi kiçik bir ölkədə sürücülərin stasionar radarların və polis postlarının yerini tanıması tam normaldır. Hətta Almaniya, İspaniya, İtaliya və Fransa kimi böyük ölkələrdə belə, sürücülər radarların yerini bilir. Lakin bu, heç bir halda, “stasionar radarlar mənasızdır” anlamına gəlmir. Problemin həlli yolu tapılıb. 

Avropa üzrə götürdükdə, stasionar radarların yeri vaxtaşırı dəyişdirilir. Avropanın “qüllə radarları” dediyi, bizdə də geniş yayılmış radarların yerini dəyişmək çox də çətin deyil. Bu qurğular günəş batareyası ilə işləyir, interneti də peykdən götürür. Sadə dildə desək, yerdəyişmə zamanı kilometrlərlə elektrik və rabitə xətti çəkməyə ehtiyac yoxdur. Bir radarın yerini dəyişərək təkrar istismara buraxmaq üçün 1 iş günü kifayət edir. 

Almaniya, Fransa və İspaniyada geniş yayılmış təcrübə isə stasionar radarların orta sürət radarına çevrilməsidir. Yəni, radarlar ani sürəti deyil, orta sürəti ölçərək nəticə çıxarır. Bu zaman radarın qarşısından tısbağa sürəti ilə keçsə belə, qayda pozan sürücü texnikanı aldada bilmir. Çünki əsas nəticə növbəti radarın qeydə aldığı vaxta görə hesablanır. 

İspaniya və Portuqaliyada 2 ildir stasionar radardan 200 metr əvvəl və 300 metr sonra köməkçi radarlar qurulur. Bu radarlar çox vaxt yol kənarında gizlədilir və ya kənarda dayanan maşına quraşdırılır. Məqsəd sürücülərin qüllə radarınadək hansı sürətlə gəldiyini yoxlamaqdır.  

Belçika sürət rejiminə səyyar radarlarla ən çox nəzarət olunan Avropa ölkəsidir. Hətta burada yarızarafat deyirlər ki, yaxın illərdə ölkədə radar sayı avtomobil sayından çox olacaq. 

Almaniyada radarlarla bağlı müvafiq yol nişanının quraşdırılması hər torpağın (Land - ərazi vahidi) özünün ixtiyarındadır. Bu səbəbdən ölkənin əksər yollarında radarları bildirən yol nişanı yoxdur. 

İstənilən Avropa ölkəsində saxta radarlar da “fəaliyyət göstərir”. Əslində bu qurğular sadəcə olaraq radarı imitasiya edir. Sürücülər xəbər tutanda onların yeri artıq dəyişdirilmiş olur. 
Bəzən vətəndaşlar öz təşəbbüsləri ilə də belə imitasiya radarlar quraşdırırlar. Sürücülər xəbər tutanadək bir neçə ay keçir. Ötən il Britaniya, Portuqaliya və Fransada evinin qarşısında “radar” quraşdıranlarla bağlı onadək məhkəmə prosesi olub. Maraqlıdır ki, hüquq sistemləri fərqli olsa da, bütün proseslərdə hakimlər “radar” quraşdıranlarla haqq qazandırıb. Demək olar bütün proseslərdə məhkəmələrin ortaq məxrəcə gəldiyi bir məqam var: yol hərəkətinin təhlükəsizliyinə şərait yaradanları cəzalandırmaq deyil, təşviq etmək lazımdır. 

Nəhayət, bir texniki məqam. Azərbaycanda radarların xətası 10 km/saat götürülür. Yəni bu həddə qədər sürət rejiminin pozulması məsuliyyət yaratmır.  Avropa İttifaqında isə artıq standart olaraq xəta şəhərdə 3 km/saat, şosedə isə 5 km/saat götürülür.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh