Sürücülərin ən böyük NARAZILIĞI: "10 manata görə..." - FOTO

Avtoxəbər 4 Avqust 2021 19:25 Oxunub 10130
Sürücülərin ən böyük NARAZILIĞI: "10 manata görə..."   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son vaxtlar sürücülərin kütləvi narazılığına səbəb olan hallardan biri ödənilməmiş cəriməyə görə avtomobilin müvəqqəti saxlanma dayanacaqlarına aparılması halları ilə bağlıdır.

Belə ki, bəzən, az məbləğdə cəriməsi olan avtomobillərə məhkəmə tərəfindən həbs qoyulur və həmin nəqliyyat vasitəsi hərəkətdə olarkən saxlanılaraq cərimə meydançasına aparılır. Bu da əksər sürücülərdə narazılıq yaradır. 

“Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev mövzu ilə əlaqədar Lent.az-a bildirib ki, avtomobilin cərimə meydançasına aparılması bir neçə halda baş verə bilər.

Onun sözlərinə görə, bununla bağlı sürücülərə əvvəlcədən məlumat verilməlidir:

“Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev

“Ümumiyyətlə İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə qərar olduqda şəxsin idarəetmədən kənarlaşdırılması qeyd edilib. Eyni zamanda, avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxsin qanunvericiliyin müddəalarına uyğun olaraq məlumatlandırılması təmin edilməlidir. Əksər hallarda vətəndaşlar onların elektron qaydada barələrində  inzibati qərar qəbul edilməsindən  xəbərdar olmurlar. Bu eyni zamanda ünvanda yanlışlıq olmasına görə də yaranır.

Qanunvericiliyin tələbinə  görə  məsuliyyətə cəlb edilməsindən xəbərsiz olan şəxsə elektron qərarların, sənədlərin surətinin verilməsi məqsədi ilə nəqliyyat vasitəsi dayandırılır. Sənədlər təqdim edildikdən sonra isə nəqliyyat vasitəsi dərhal sərbəst buraxılmalıdır.

Bundan başqa məsuliyyətə cəlb edilməsi barədə xəbərdar olan sürücü isə cəriməni yerində müvafiq sistem və kart vasitəsi ilə ödədiyi halda avtomobilin mühafizə olunan duracağa aparılmasına yol verilmir.

Həmçinin İnzibati Xətalar Məcəlləsinin tələbinə görə qanuni qüvvəyə minmiş qərarı 3 ay ərzində  icra etməmə sürücülük hüququnun məhdudlaşdırılmasına da səbəb olur. 

Hər iki müddəa ödənməmiş cəriməyə görə avtomobilin cərimə  meydançasına aparılması və sürücülük hüququnun məhdudlaşdırılması prinsiplərinin olması hüququnun ümumi müddəasına ziddir. Hətta məcəllədə cərimənin ödənməsinin təxirə salınma müddəaları var”.

Hüquqşünas az miqdarda cərimələrə görə avtomobillərin duracağa yerləşdirilməsini isə qınayıb. O bildirib ki, bu kimi əməllər insanların qanun pozuntularına yol verməsinin qarşısını almaq üçün görülən maarifləndirmə işlərinə kölgə salır:

“Bununla bağlı qanunvericiliyə  dəyişiklik edilməsi daha çox fayda verə bilər. Məsələn, 10-20 manatlıq cəriməyə görə avtomobilin saxlanılması, mühafizə  olunan duracağa aparılması həm vətəndaşlara, həm də polisə əlavə iş yükündən və narahatlıq yaratmaqdan başqa bir şey deyil. Bu halda cərimə ödənməsi ilə bağlı məhdudlaşdırma tədbirlərinin miqdarı azı 500 manatdan çox təşkil etdikdə, vətəndaşın qərəzli olaraq cəriməni  ödəmədiyi, inzibati xəta haqqında qərarı  icra etmədiyi hallarında olması daha ağlabatandadır.

İnzibati tənbeh tətbiq etmək vətəndaşın incidilməsinə, narazılıq yaratmasına hesablanmamalıdır. Məqsəd eyni zamanda burda cəzalandırma, cərimə etmək yox, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək xarakteri almalıdır. Eyni zamanda inzibati tənbeh və cərimə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ancaq 10 manatlıq cəriməyə görə vətəndaşın maşınını mühafizə olunana duracağa aparılması inzibati tənbehin məqsədinə nail olmasına heç bir halda kömək etmir. Əksinə insanlarının qanuna hörmət ruhunda yaşamasına mane olur”.

Şamil Paşayevin sözlərinə görə, avtomobil cərimə meydançasına yerləşdirildikdən sonra sürücünün idarəyə çağırılması qanunsuzluqdur. Həmsöhbətimiz vətəndaşların hansı hallarda idarəyə gedə biləcəklərinə də aydınlıq gətirib:

“Cərimələrin ödətdirilməsi, ödənməmiş cərimələrə görə bir neçə yol polisi avtomaşının xidmətə cəlb edilməsi, xüsusi reydlər keçirilməsi isə tamamilə əsassızdır. Xüsusilə, paytaxt yol polisi idarəsində, Nərimanov və  Nəsimi rayonlarında bu kimi hallar özünü daha qabarıq biruzə verir. Vətəndaşlara avtomaşın cərimə meydançasına yerləşdirildikdən sonra hansısa otaqlara yaxınlaşmaq və ya cərimə ödəmək üçün sistemlər təklif edilir.
İnzibati Xətalar Məcəlləsinə görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır.

Vətəndaş yalnız inzibati xətanın törədilməsi, hadisənin mövcudluğu, hadisədə iştirakının olmaması ilə bağlı qərarla  razılaşmadığı məqamlar və inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməsi tələbi etdikdə vəzifəli şəxs tərəfindən inzibati binaya çağırıla bilər.

İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar.

Nəzərə almaq lazımdır ki, İXM-nin prinsiplərində qeyd edilir ki, bu insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh