Banner

Taksi, yoxsa qaz kamerası? - VİDEO

Avtoxəbər 22 Avqust 2023 16:29 Oxunub 1118
Taksi, yoxsa qaz kamerası?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əslində bu mövzuda yazmaq bir qədər çətindir. Çünki ilk baxışda qərəz kimi anlaşıla bilər. Hətta bu yaxınlarda Avropada yaşayan bir tələbə yoldaşım da mənə təxminən aşağıdakı mövzuda bir vatsap mesajı göndərmişdi: “Azərbaycanda hər gün “Prius”la bağlı şikayət eşidirik. Mən özüm bu avtomobili 5 ildir sürürəm, heç bir qüsur görməmişəm”. 

Bəli, tələbə yoldaşım haqlıdır, “Toyota” mühəndislərinin qabiliyyəti kimdəsə şübhə doğurmur. Burada sadəcə olaraq məşhur sovet ifadəsi özünü doğruldur: “pis texnika yoxdur, pis istifadəçi var”. 

Məni də yazmağa məcbur edən məhz bu pis istifadə amili oldu. Deyəcəyim nüansı bəlkə də çoxları hiss etməyə bilər, amma mən dəfələrlə şahidi olmuşam. Şəhərdə taksi kimi istifadə edilən “Prius”ların əksəriyyətində işlənmiş qazlar salona dolur. Bu da ürəkbulanma, baş ağrısı və qusma ilə nəticələnir. Səbəb intoksikasiyadır. Ötən gün Bilgəhdən Lökbatana gələrkən (60 km) istifadə etdiyimiz maşın da eyni vəziyyətdə idi. Azyaşlı qızım evə gəldikdən sonra bir özünə gələ bilmədi. Üstəgəl, kondisionerin işləməsi işi daha da pisləşdirir. Bəs salona qaz dolmasının səbəbi nədir?

Burda qeyri-adilik axtarmağa ehtiyac yoxdur. Marka və modelindən asılı olmayaraq avtomobilin arxa hissəsi zərbəyə məruz qaldıqda və ya rezin detallar köhnəldikdə kiplik pozulur və səsboğandan xaric olan qazlar salona keçir. Başqa bir məqam isə Bakıdakı “Prius”ların mütləq əksəriyyətinin səsboğanlarının qaz sızdırmasıdır. Əksər maşınlarda katalizator çıxarılıb və həmin hissə çox kobud şəkildə qaynaq edilib. Həmin hissədə iynə ucu boyda dəlik işlənmiş qazların xaric olaraq salona keçməsinə kifayətdir. 

Məsələnin ciddiliyinə gəlincə: bu cür maşında uzun müddət getmək həm sürücü, həm də sərnişində halsızlıq yaradır, sürücü yorulur, diqqəti dağılır, aqressiv olur və beləcə qəza riski artır. Həftələrlə bu cür maşında çörək qazanan sürücüdə tənəffüs yolları və onkoloji xəstəliklərin ortaya çıxması üçün əlverişli mühit yaranır. 

Vaxtilə III Reyxdə insanları öldürmək üçün qaz avtomobillərindən geniş istifadə edilirdi. Faşizm və irqçiliyi qətiyyən yaxına buraxmayan biz azərbaycanlılar isə təəssüf ki, məşhur “Qazvagen”lərə bənzər maşınları öz əllərimizlə düzəldirik. Həm də söhbət təkcə kiminsə taksi kimi icarəyə göürdüyü maşından deyil, illərlə şəxsi istifadədə olan maşınlardan da gedir. 

PS. Bir daha xatırlatmaq istəyirəm ki, burada səsləndirilən iradların heç biri “Toyota” şirkətinə ünvanlanmayıb və yaponiyalı istehsalçı ilə heç bir problemimiz yoxdur.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh