Yeni nəsil "Lexus LX" modeli Azərbaycanda gələn il satışa çıxacaq

Avtoxəbər 14 Oktyabr 2021 15:03 Oxunub 2010
Yeni nəsil "Lexus LX" modeli Azərbaycanda gələn il satışa çıxacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Toyota Land Cruiser modelinin ardınca, onun premium versiyası olan Lexus LX modeli də nəsil dəyişdirib. Üstəlik, yeni Lexus LX ofrouderi eyni anda model üçün ən vacib üç bazarda - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada canlı olaraq təqdim edilib. Bununla birlikdə, bu ofrouderə Azərbaycanda olan maraq da kifayət qədər böyükdür.

Lexus LX modeli əvvəllər olduğu kimi, barəsində ətraflı məlumat verdiyimiz LC 300 modeli ilə geniş şəkildə unifikasiya edilib. Hər iki model ümumi ramaya, transmissiyaya və hətta əvvəlki nəsildən bəri dəyişməyən 2850 millimetrliki təkər bazasına malikdirlər. Ofroud geometriyası da qorunub saxlanılıb – avtomobilin klirensi (225 millimetr), giriş və çıxış bucaqları da dəyişilməyib. Dam örtüyü də daxil olmaqla, yeni kuzov əsasən alüminiumdan hazırlanır. Rama ilə kuzov Land Cruiser 300 modelindəki kimi 200 kiloqram daha yüngül olub. Təkər disklərinin maksimal diametri indi 21 deyil, 22 düymdür.

Əvvəlki kimi, Lexus ön və arxa hissənin özünəməxsus dizaynı, eləcə də arxa şüşələrinin fərqli forması ilə seçilir. Ancaq indi kuzovun forması da dəyişdirilib: Land Cruiser demək olar ki, şaquli beşinci qapıya malikdirsə, LX modelinin arxa sütunları və şüşəsi bucaq altında quraşdırılmışdır. LED fənərlər artıq markanın minik modellərindən tanış olan BladeScan AHS adaptiv idarəetmə sistemi ilə təchiz edilirlər: iki fırlanan güzgü işıq şüasının dəqiqliyini və uyğunlaşma sürətini artırıb.

 

Lexus ofrouderinin interyeri özünəməxsus dizayna malikdir və donor Toyota modelinin interyerindən fərqlənir. Ancaq ön panelin mərkəzindəki iki ekranı olan konsepsiya Infiniti modelini xatırladır. Üstdəki 12,3-düymlük ekran media sisteminə, avtomobilin tənzimləmələrinə və naviqasiyaya cavabdehdir. Aşağıdakı yeddi düymlük ekran klimat-kontrola və hərəkət rejimlərinə ("off-road" da daxil olmaqla) nəzarət üçündür.

 

Əlbəttə ki, Lexus LX modeli dairəvi görüntü kameralarına malikdir. Multi-Terrain Monitor sistemi, maşının ön və arxa tərəflərinin altında olanların əvvəlcədən yazılmış görüntüsünü ekranda nümayiş etdirə bilər. Land Cruiser modelində opsional avadanlıq olan barmaq izi ilə mühərrik işə salma sistemi, Lexus modelində standart təchizata daxil edilib. Mark Levinson səs sistemi 25 dinamikə malikdir.

 

Modifikasiya çeşidinin zirvəsində dörd nəfərlik salonu olan VIP versiyası yerləşir. Arxa cərgədə, kürək hissəsi 48 dərəcəyə qədər bucaq altında qatlana bilən və fərdi tənzimləmələri olan iki fərdi kreslo quraşdırılıb. Sağ ön oturacaq qatladıqda, cərgələr arasındakı məsafə 1.100 millimetrə çatır. Üstəlik, sağ sərnişin irəli çıxan ayaq dayağından istifadə edə bilər. Ayrıca VIP-salonda mərkəzi dirsəkaltında quraşdırılmış sensorlu ekran, mediasistemin ekranları və tavanda əlavə hava kanalları var.

 

Land Cruiser kimi, Lexus LX modeli də V8 mühərriklərindən məhrum olub və yeni nəsil V6 biturbo mühərriklərini əldə edib. Lexus LX 500d modeli 300 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 3,3-litrlik dizel mühərriki (əvvəlki 4,5-litrlik V8 mühərriki 272 at qüvvəsi və 650 Nm- malik idi) ilə təchiz edilir. Lexus LX 600 modeli isə, 415 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,5-litrlik mühərriklə (əvvəlki modeldə 367 at qüvvəsi və 530 Nm) hərəkətə gəlir. Güc aqreqatları 10-pilləli “avtomat” ilə tandemdə çalışırlar.

Əvvəlki kimi, Lexus LX modeli kuzovun hündürlüyünü dəyişə bilən hidravlik asqıya malikdir. Buna baxmayaraq avtomobilin klirensi sabitdir, çünki dörd qolda bərkidilmiş bütöv arxa körpüsü olan şassi sxemi dəyişməyib. Kuzovun qaldırması və endirməsi sürəti artırılıb, adaptiv amortizatorlar indi yalnız arxada deyil, həm də ön tərəfdə quraşdırılırlar. Asqının gedişi 20 millimetr artaraq 145 millimetrə çatıb. F Sport versiyası isə, daha sərt asqıya və özükilidlənən arxa Torsen differensialına malikdir.

Yeni Lexus LX modelinin Azərbaycandakı satışları gələn ilin əvvəlində başlanmalıdır. Ofrouderin qiyməti satışların başlanmasından öncə açıqlanacaqdır.

Mənbə: autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh