38 ermənini yox edən 19 yaşlı şəhidimiz - FOTO

Gündəm 2 Mart 2021 10:00 Oxunub 660
38 ermənini yox edən 19 yaşlı şəhidimiz   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qısa və şərəfli ölümü ilə xalqımızın qəhrəmanlıq salnaməsini yazan igidlərimizdən biri də Şahin İsgəndərovdur. 19 yaşlı qəhrəman Böyük Vətən müharibəsində 38 ermənini məhv edib. Torpağını canından çox sevən bu igid 44 günlük müharibədə hərb tarixinə keçən ən nadir qəhrəmanlıq nümunələri göstərib, 170-ə yaxın yoldaşını isə döyüşün ən qaynar nöqtələrindən xilas edib.

Oğlu haqqında xatirələrini bölüşən şəhid atası Ziyad İsgəndərov bildirib ki, Şahin Oktyabrın 8-də Cəbrayıl döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Azərbaycan xalqına bu tarixi zəfəri bəxş edən qəhrəmanlardan biri olan şəhidin həyat yolundan atası danışıb:

İkinci Vətən müharibəsinin qəhrəmanı Şahin Ziyad oğlu İsgəndərov Zaqatala rayonunun Qandax kəndində 2001-ci ilin 21 avqust tarixində, sadə, zəhmətsevər bir ailədə dünyaya göz açıb. Ailədə iki qardaş olublar:

“2018-ci ildə Müdafiə Nazirliyinin Ağcabədidə yerləşən “N” saylı hərbi hissəsində xidmətə başladı. Adını könüllü şəkildə Xüsusi Təyinatlı Dəstələrə yazdırdıqdan sonra Cəlilabada 052-də qulluq etməyə başladı. Sentyabrın 27-dən döyüş bölgəsində olub, Ağdərə, Murov, Füzüli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib, bütün tapşırıqları yerinə yetirib, son döyüşdə əsl vətənpərvərlik hünəri göstərib. Komandiri dedi ki, Şahin qorxmadan, çəkinmədən düşmənin üstünə şığıyırdı. Heç bir hərbi sirrini bizimlə bölüşməsə də, zəng edəndə deyirdi ki, ermənilər bizim dəstəni görən kimi qorxub qaçırlar. Bu qələbənin bir parçası olduğu üçün sevinirdi.

Sonuncu dəfə oktyabrın 6-da danışmışdıq, hamıya salam göndərdi. Vurulmazdan əvvəl silahdaşlarına vəsiyyət edib ki, əgər şəhid olsam, anamı mənim yerimə qucaqlayıb alnından öpərsiniz. Cənazəsi gətiriləndə əsgər yoldaşı gəldi və oğlumun vəsiyyətini yerinə yetirdi”.

“Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilən Şahin İsgəndərov Tovuz döyüşlərindən sonra ağır təlimlər keçib:

“Oktyabrın 8-də Cəbrayıl döyüşlərində başından snayperlər vurulub, 2 gün yaralı qalıb. 8-indən 9-una keçən gecə yuxumda oğlumun yaralandığını gördüm. Başını dizlərimə qoyub təsəlli verməyə çalışanda yuxudan ayıldım... Bir neçə saat sonra şəhid xəbəri gəldi... Şahinin Tovuz döyüşlərindən sonra təlimləri gücləndirilmişdi, 9 ay idi ki, oğlumun üzünü görmürdüm. İndi yuxularıma gəlmir, amma inanıram ki, ruhu şaddır. Şəhid atasının bundan başqa təsəllisi yoxdur, bu inanc bizi sakitləşdirir. O, həmişə arzu edirdi ki, bu vətənin layiqli bir qəhrəmanı olsun, birinci Qarabağ müharibəsində öldürülən körpələrimizin qısasını alsın. Şahin öz arzusuna çatdı, ailəsinin və vətənin başını uca edən oğullardan oldu”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh