Reklam

Bakıda prospektlərdən birinə "İrəvan" adı verilsin! - TƏKLİF

Gündəm 15 Oktyabr 2024 21:45 Oxunub 544
Bakıda prospektlərdən birinə "İrəvan" adı verilsin! - TƏKLİF
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mədəni-tarixi irsimiz olan Qərbi Azərbaycan torpaqları əzəli və əbədi dədə-baba yurdudur. Mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının şüurunda Qərbi Azərbaycan torpaqlarının xatirəsi qorunub saxlanılır.  Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı ilə xalqımızın tarixində təxminən otuzillik qaranlıq bir dövrə 2020-ci ildə Vətən müharibəsindəki Zəfərimiz, 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri ilə son qoyuldu. Beləliklə, son 200 ilin torpaq itkiləri, etnik təmizləmələr və deportasiya erası bitdi. Bu gün ərazi bütövlüyü tam təmin olunan qalib Azərbaycan inkişaf tarixinin yeni dövrünə qədəm qoyub və bu yolda inamla irəliləyir. Beləliklə, Qərbi Azərbaycana, tarixi torpaqlarımıza - Zəngəzur və İrəvana qayıdışla bağlı planlarımız var və işlər görülür.  Bu istiqamətdə görülən işlərin bir parçası olaraq, Bakıda böyük küçə və ya prospektlərdən birinə "İrəvan" adının verilməsi təklif olunur.

Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının üzvü Musa Quliyev bildirib ki, Bakıda böyük küçə və ya prospektlərdən birinə İrəvan adının verilməsi tamamilə mümkündür:

“Toponimya təcrübəsində insanların əvvəl yaşadıqları məkanları köçdükləri yerlərə daşıması və orada əbədlişdirməsi təcrübəsi olduqca geniş yayılıb. Azərbaycanda Tərtər rayonunda "irəvanlı", "qafanlı", Göygöl rayonunda "Yeni Zod" qəsəbəsinin olması yaxın dövrün təcrübəsidir. Mənim Zəngəzurda doğulduğum Urud kəndinin adı dörd ayrı yerdə yaşayış məntəqəsinə verilib. Yəni zaman-zaman insanlar başqa yerə köçəndə öz kəndlərinin adlarını da daşıyırlar. Məsələn Gəncədə böyük bir məhəllə "Yeni İrəvan" adlanır. 1918-30-cu illərdə İrəvandan köçürülmüş soydaşlarımızın yaşadığı böyük məhəllədir. Yerli sakinlərin təşəbbüsü ilə müvafiq şəhərlərin icra başçıları belə qərarlar qəbul edə bilərlər. Təkcə İrəvan deyil, Göyçə, Vedi, Dərələyəz kimi yer adlarımızı da yaşada bilərik. Amma Qərbi Azərbaycan İcmasının mqəsədi bu deyil. Məqsəd ata-baba yurdlarından qovulan insanların geriyə dönüşünü təmin etməkdir. Bu insanların ləyaqətli şəkildə ata-baba yurdlarına qayıtmaq, oraları ziyarət etmək imkanlarına nail olmaqdır. Bu istəyimizə də nail ola bilərik. Müəyyən dövrdən sonra tam realdır ki, biz İrəvanda Bakı və Gəncə küçələrinin salınmasına nail olaq. Bütün bunlar tamamilə normaldır. Ermənistanın özündə vaxtilə İranda, Livanda və Türkiyədə yaşadıqları yerlərin, məhəllələrin adlarından istifadə edirlər. Bu, dünya praktikasında geniş yayılıb və heç bir halda bir dövlətin digərinə ərazi iddiası kimi səslənməməlidir".

Deputat vurğulayıb ki, bu, ictimaiyyətin rəyi ilə bağlı məsələdir:

"Bunun həyata keçirilməsi qaydası da sadədir. Bir qrup sakinin müraciəti əsasında rayon və şəhər icra hakimiyyətləri məsələyə baxa bilər. İctimaiyyət istəyərsə, təşəbbüs qaldırar. Bu, mümkün olan məsələdir. Bu gün bizim əsas niyyətimiz isə Qərbi Azərbaycana dönməkdir. Mən bir millət vəkili, siyasətiçi olaraq hesab edirəm ki, bu, ictimaiyyətin rəyi ilə bağlı məsələdir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh