Bir kərə yüksələn bayraq...
Vətəni olan, dövləti olan hər bir şəxsin şüurunda və ürəyində uğrunda ölməyə hazır olduğu bir bayraq var. Bu bayraq həmişə azadlıq və istiqlal uğrunda müqəddəs savaşa gedənlərin başı üstündə dalğalanır.
Bizim də canımız qədər sevdiyimiz bayrağımız və bu bayrağın şərəfində ümumxalq bayramı elan olunmuş tariximiz var. Noyabrın 9-u Dövlət Bayrağı Günüdür. Bayraq da torpaq kimi, uğrunda ölənlərin tapındığı, şəhidlərimizin büründüyü müqəddəs bir varlıqdır.
Üçrəngli Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və iclasın keçirildiyi Nazirlər Şurasının binası üzərində qaldırılıb. “Bir kərə yüksələn bayraq bir daha enməz” deyən Məhəmməd Əmin Rəsul¬zadə bu bayrağı Azərbaycan xalqına miras qoydu.
Az sonra bayrağımızı binalarımızın üzərindən endirsələr də, bu bayraq ətrafında birləşən milyonlarla insanın ürəyindən çıxara bilmədilər. 70 il sonra, 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üç-rəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olundu.
1991-ci il fevralın 5-də isə üçrəngli bayrağımız Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olundu. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı sərəncam imzaladı. Sərəncama görə, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edildi. Beləcə xalq öz istiqlal bayrağına qovuşdu.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim.
İstiqlal şairimiz Bəxtiyar Vahabzadə bu iki misrada bayrağımızın ən dərin mənəvi dəyərini ifadə edib. Babalarımızdan miras qalan, şəhidlərimizin və qazilərimizin qanlı döyüşlərdən keçirib başımız üstündə ucaltdığı Azərbaycan bayrağı xalqımızın bu qəhrəmanlığını bütün dünyaya tanıtdıran kimliyimizdir.
Bayraq milli identikliyimizin nişanıdır. Ən müqəddəs rəmzlərdən biri sayılan bayraq bir millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Onun ucalığını, böyüklüyünü, müqəddəsliyini dilə gətirən ulu öndər Heydər Əliyev “Azərbaycan dövlətinin bayrağı gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun!” – deyərək, hələ o zaman hər bir azərbaycanlını bu müqəddəs bayraq ətrafında birləşməyə çağırmışdı. O deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”
Üçrəngli bayrağımız haqqında böyük məhəbbətlə danışan Heydər Əliyev deyirdi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.
Bayrağımızın bütün işğal olunmuş torpaqlarımızda dalğalanacağına əmin olduğunu dönə-dönə vurğulayan Heydər Əliyev beləcə xalqın mübarizə əzmini mətinləşdirir, qələbə inamını möhkəmləndirirdi.
Azərbaycan xalqı öz bayraq sevgisini döyüş cəbhələrində göstərdi. On minlərlə gənc bu bayrağa sarılaraq “dəmir yumruq” ətrafında birləşdi. Ali Baş Komandan İlham Əliyevin bir çağırışına cavab olaraq düşmən üstünə yeridi, işğal altında qalan torpaqlarımızı azad etdi. Bu bayraq altında gənc oğullarımız azadlıq və müstəqillik uğrunda can verdilər, amma bayrağımızı enməyə qoymadılar. Onu Azərbaycan ərazisinin hər bir guşəsində dalğalandırdılar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bu gün Azərbaycanın Bayrağı Şuşada, Xankəndidə və bütün işğala məruz qalmış torpaqlarımızda qürurla dalğalanmaqdadır.
Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Bu bayraq daim başımızın üstündə olacaq, Azərbaycan varlığını, Azərbaycan dövlətinin gücünü və qüdrətini bütün dünyaya tanıtdıracaq!
Bayrağımız həmişə uca olsun!