Elektron xidmətlərin inkişafı dövlət idaarəçiliyini optimallaşdırır - İQTİSADÇI EKSPERT

Gündəm 5 May 2026 17:41
Elektron xidmətlərin inkişafı dövlət idaarəçiliyini optimallaşdırır - İQTİSADÇI EKSPERT
WhatsApp kanalımıza abunə olun

Elektron xidmətlərin genişlənməsi və rəqəmsallaşma prosesinin sürətlənməsi daha aydın şəkildə müşahidə olunur. Dövlət və özəl sektor tərəfindən həyata keçirilən rəqəmsal yeniliklər vətəndaşlara xidmətlərin daha çevik, şəffaf və əlçatan şəkildə təqdim olunmasına geniş imkanlar yaradır. Bu proses həm idarəetmənin müasirləşməsinə, həm də gündəlik xidmətlərin sadələşdirilməsinə xidmət edir.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, elektronlaşmanın iqtisadiyyatda çoxlu müsbət təsirləri var. Bunlardan biri xərclərin azalmasıdır, kağız istifadəsinin aşağı düşməsi və fiziki ofis ehtiyacının azalmasıdır. İnsan fəaliyyətlərinin səmərəliliyini artırdığı üçün qənaət təmin edir:

 


"Yəni insanların fiziki məkana getmə ehtiyacı azalır, əməliyyat xərcləri də aşağı düşür. Rəqəmsallaşma şəffaflığı artırır, kölgə iqtisadiyyatının azalmasına kömək edir. Rəqəmsallaşma işin sürətini artırır, maneələri azaldır, vaxt itkisinin qarşısını alır və biznes mühitini yaxşılaşdırır. Rəqəmsallaşma iqtisadiyyatda inklüzivliyi də artırır. Məsələn, hərəkət məhdudiyyəti olan şəxslər belə rəqəmsal xidmətlərdən istifadə edərək dövlətə müraciət edə, bildiriş göndərə və müxtəlif xidmətlərdən yararlana bilirlər. Beləliklə, fiziki hərəkətə ehtiyac olmadan tələbatlarını ödəyə bilirlər. Dövlət idarəçiliyində isə idarəetməni optimallaşdırır və qərarvermə prosesinin səmərəliliyini artırır".
İKT (İnformasiya və Kommunikasiya Texnologiyaları) məsələləri üzrə mütəxəssisi Fərid Kazımovun fikrincə, burada bir məsələni qeyd etmək lazımdır. Elektron xidmətlərin inkişafı dedikdə, dövlət elektron xidmətlərini nəzərdə tuturuqsa, bunun müəyyən mənada fərqli təsiri var.

 


“Bu xidmətlər birbaşa olaraq iqtisadiyyata çox güclü təsir göstərməsə də, dövlət idarəçiliyinin effektivliyini artırır və vətəndaşlara, eləcə də hüquqi şəxslərə göstərilən xidmətlərin keyfiyyətini yüksəldir. Bununla yanaşı, rəqəmsal xidmətlərin tətbiqi və ümumi rəqəmsal transformasiya nəticəsində güclü təhlil imkanları yaranır. Bu da imkan verir ki, hansı sahədə problemlər var, harada inkişaf zəifdir və hansı istiqamətlərdə əlavə dəstəyə ehtiyac var, bunlar daha aydın şəkildə müəyyən edilsin. Bu baxımdan, elektron xidmətlərin dolayı təsiri mövcuddur. Lakin elektron xidmətlərə biznes və ya kommersiya baxımından yanaşsaq, onların iqtisadi təsiri daha böyükdür. Qlobal təcrübə göstərir ki, rəqəmsal məhsullar və xidmətlər ölkələrin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır. Məsələn, “Apple” brendinə baxsaq, burada təkcə fiziki məhsullar, telefonlar, noutbuklar və digər cihazlar deyil, həm də geniş rəqəmsal xidmət ekosistemi mövcuddur. “AppStore” üzərindən tətbiqlərin satışı, müxtəlif ödənişli xidmətlər, musiqi platformaları və digər xidmətlər şirkətə böyük gəlir gətirir. Eyni yanaşmanı “Meta” şirkətində də görmək olar. “Facebook”, “Instagram” və “WhatsApp” kimi platformalar rəqəmsal xidmətlər kimi fəaliyyət göstərir və böyük maliyyə axını yaradır. “Google” isə daha geniş ekosistemə malikdir və müxtəlif rəqəmsal məhsulları birləşdirərək istifadəçilərə təqdim edir. Bu nümunələr göstərir ki, rəqəmsal xidmətlər artıq qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Bu sahədə fəaliyyət göstərən platformalar milyardlarla dollar gəlir formalaşdırır və iqtisadi inkişafda mühüm rol oynayır. Bu baxımdan, Azərbaycanda da rəqəmsal xidmətlərin inkişafı böyük əhəmiyyət daşıyır. Bu sahədə düzgün strategiya tətbiq olunarsa, ölkə həm daxili idarəetmədə səmərəliliyi, həm də qlobal bazarda rəqabətə davamlı məhsullar təqdim edərək iqtisadi gəlirlərini artıra bilər. Azərbaycanın hazırda, ümumiyyətlə, böyük ölkələrin unikal bir şansı var ki, rəqəmsal transformasiya üçün imkan yaradılıb. Bu imkan sayəsində ölkələr öz rəqəmsal məhsullarını Azərbaycandan dünyanın istənilən nöqtəsinə, ölkəsinə və istifadəçilərinə çatdıra bilirlər”.
Ekspert əlavə edib ki, əvvəlki illərdə Azərbaycan pomidor və ya kartof kimi məhsullar istehsal edir və onları müəyyən məhdud həcmdə xaricə göndərə bilirdi. Amma fiziki məhsulların daşınması, saxlanması və yolda xarab olma kimi problemləri var idi. Fərqi yoxdur pomidor, fındıq və ya digər kənd təsərrüfatı məhsulu olsun, onların ixracı müəyyən məhdudiyyətlərlə üzləşirdi.
“Amma bu gün rəqəmsal xidmətlərdən danışırıq. Rəqəmsal xidmətlər isə dünyanın istənilən nöqtəsində istifadə oluna bilir. Məsələn, Braziliyanın hansısa kəndində, Argentinada və ya Alyaskada yaşayan bir ABŞ vətəndaşı Azərbaycan şirkətlərinin yaratdığı rəqəmsal xidmətlərdən rahatlıqla istifadə edə bilər. Bunun üçün demək olar ki, heç bir coğrafi maneə yoxdur. Dünya artıq bu mərhələyə çatıb. Bu baxımdan bir neçə ölkəni nümunə göstərmək olar. Məncə, Azərbaycanın öyrənə biləcəyi ölkələrdən biri İsrail, digəri isə Belarusdur. Belarus Azərbaycan kimi postsovet ölkəsidir və əhalisi təxminən 10 milyon civarındadır. Onlar 2005-ci ildən etibarən bu istiqamətdə ciddi addımlar atıblar, texnoparklar yaradılıb və vergi güzəştləri tətbiq olunub. Nəticədə, onların illik rəqəmsal məhsul ixracı 3 milyard dolları keçib. Digər nümunə İsraildir. İsrail də təxminən 9–10 milyon əhaliyə malik ölkədir, lakin onların rəqəmsal məhsul, “hardware və proqram təminatı ixracı 50 milyard dolları keçib. Bu onu göstərir ki, kiçik ölkələr düzgün strategiya ilə qlobal bazarda böyük uğur qazana bilirlər. Estoniya kimi ölkələr də buna nümunədir. Kiçik əhali və resurslara baxmayaraq, rəqəmsal xidmətlər sayəsində qlobal səviyyədə uğur əldə ediblər. Bu ölkələrin əsas üstünlüyü ondan ibarətdir ki, onlar bazarı yalnız daxili yox, daha çox xarici istiqamətə yönəldiblər. Azərbaycan üçün də bu unikal şansdır. Çünki ölkə əhalisi təxminən 10 milyon civarındadır və daxili bazar məhduddur. Ona görə də əsas hədəf xarici bazarlara çıxış olmalıdır. Azərbaycanda artıq uzun illər fəaliyyət göstərən güclü İT şirkətləri mövcuddur. Bu şirkətlərin peşəkar komandaları və təcrübəsi var və onlar qlobal bazara yönəldilərsə uğur qazanmaq potensialına malikdirlər. Son illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu istiqamətdə mühüm addımlar atılıb və ekosistem formalaşdırılmağa başlanıb. Lakin hələ də müəyyən problemlər mövcuddur. Məsələn, texnopark rezidentləri üçün vergi güzəştləri tətbiq olunsa da, proqram təminatı və rəqəmsal xidmətlər sahəsində əlavə stimullaşdırıcı mexanizmlərə ehtiyac var. Hazırda bu istiqamətdə dövlət qurumları arasında müzakirələr aparılır və startaplara, inkubatorlara və akselerasiya proqramlarına vergi güzəştlərinin tətbiqi nəzərdən keçirilir. Bu, onların qlobal bazarda daha rəqabətli olmasına şərait yarada bilər. Dünya artıq “software as a service” modelinə keçib. Yəni proqram təminatı artıq xidmət kimi təqdim olunur və istifadəçilər proqramları kompüterə quraşdırmadan onlayn şəkildə istifadə edirlər. “Gmail”, “Google” və digər platformalar buna nümunədir. Bu baxımdan Azərbaycanın da böyük imkanları var. Əgər düzgün addımlar atılarsa, yaxın 10 il ərzində ölkə rəqəmsal xidmətlər ixracı ilə milyardlarla dollar gəlir əldə edə bilər. Dövlət də bu istiqamətə xüsusi diqqət yetirir. Son illərdə rəqəmsal iqtisadiyyatın inkişafı üzrə mühüm sənədlər qəbul edilib və yol xəritələri müəyyənləşdirilib. Məqsəd rəqəmsal xidmətlər əsasında yeni bizneslərin yaradılması və inkişaf etdirilməsidir. Dünya iqtisadiyyatı artıq rəqəmsallaşma istiqamətində sürətlə dəyişir və Azərbaycan da bu prosesə inteqrasiya etməlidir. “Apple” kimi şirkətlərin illik gəliri bir çox ölkələrin büdcəsini üstələyir və bu, rəqəmsal iqtisadiyyatın nə qədər güclü olduğunu göstərir. Nəticə olaraq, Azərbaycan bu qlobal dəyişikliklərdən istifadə edərək öz rəqəmsal məhsullarını və xidmətlərini dünya bazarına çıxarmaqla böyük iqtisadi uğurlar əldə edə bilər”.
Fatimə Dadaşova

Oxunub : 110
ŞƏRH YAZ
Ad

E-mail

Şərh