Hörmüz boğazında artan gərginlik Azərbaycanın ixrac sektoruna necə təsir edəcək? - POLİTOLOQ

Yaxın Şərqdə və Hörmüz boğazında artan gərginlik enerji marşrutları və regional təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, mövcud vəziyyətin Azərbaycanın enerji ixracı, tranzit imkanları və diplomatik mövqeyinə mümkün təsirləri təkcə ölkəmizin yox, eləcə də beynəlxalq ictimaiyyəti narahat edən məsləyə çevrilib.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Avtosfer.az-a açıqlamasında bildirib ki, hazırda dünyada enerji təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar mövcuddur və bu kontekstdə Avropanın Azərbaycandan daha çox enerji resursu almaq istəyi artır:

"Lakin Azərbaycanın həm təbii ehtiyatları, həm də bu resursları Avropaya çatdıran nəqliyyat dəhlizləri və boru kəmərlərinin ötürücülük imkanları müəyyən həddə qədərdir. Bu potensialın artırılması üçün yeni investisiyalara, əlavə layihələrə və tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsinə ehtiyac var. Rəsmi Bakı da bu istiqamətdə fəaliyyətini davam etdirir. ABŞ-də Donald Tramp administrasiyasının fəaliyyəti dövründə enerji layihələrinin yenidən gündəmə gəlməsi ehtimalı da mövcuddur. Enerji tədarükü baxımından mövcud vəziyyət Azərbaycana müəyyən üstünlüklər yaratsa da, ölkə üçün birbaşa təhlükə yaratmır. Son dövrlər Xəzər dənizi regionunda və ətraf ərazilərdə müəyyən gərginliklər müşahidə olunsa da, bunlar birbaşa Azərbaycana təsir göstərmir. Azərbaycan maksimum dərəcədə diplomatik fəaliyyətini gücləndirərək tərəflərin uzlaşmasına, sülhün və beynəlxalq hüququn qorunmasına dəstək verdiyini nümayiş etdirir. Enerji marşrutlarının dəyişdirilməsi ilk baxışdan sadə görünsə də, bu, kifayət qədər mürəkkəb prosesdir. Məsələn, Yaxın Şərqdə müxtəlif alternativ marşrutlarla bağlı təşəbbüslər irəli sürülür. Lakin mövcud layihələrin böyük hissəsi ya İran-İsrail gərginliyinin yaşandığı bölgələrdən, ya da Rusiya-Ukrayna müharibəsinin təsir dairəsində olan ərazilərdən keçir. Hazırda daha təhlükəsiz hesab edilən əsas marşrut Türkiyə–Gürcüstan–Azərbaycan xəttidir və Orta Dəhlizin əsas hissəsini təşkil edir. Bununla belə, bu istiqamətdə də ötürücülük imkanları məhduddur".
Politoloq qeyd edib ki, Azərbaycan hazırda Avropanın 11-12 ölkəsinə neft və qaz ixrac edir:
"İxrac olunan qazın həcmi təxminən 13-15 milyard kubmetrdir. Bu göstəricinin gələcəkdə 30 milyard kubmetrə qədər artırılması mümkündür. Lakin bu həcm belə, vaxtilə Rusiya qazının Avropa bazarındakı payı ilə müqayisədə kifayət qədər azdır. Azərbaycan üzərindən keçən enerji layihələri hazırda vacib alternativ hesab olunsa da, Avropanın bütün enerji tələbatını qarşılamaq gücündə deyil. Bunun üçün iri investisiyalar, yeni infrastruktur layihələri və uzunmüddətli əməkdaşlıq tələb olunur. Hər hansı regional gərginlik nəticəsində enerji və ticarət marşrutlarının dəyişdirilməsi qlobal iqtisadiyyatda ciddi çətinliklər yarada bilər. Yeni marşrutların qurulması həm uzun zaman, həm də böyük maliyyə vəsaiti tələb edir. Bu layihələrin dayanıqlı olması üçün keçdiyi bölgələrdə siyasi sabitlik, təhlükəsizlik və münaqişələrin olmaması vacib şərtdir. Hazırkı şəraitdə bunun qısa müddətdə təmin ediləcəyini söyləmək çətindir. Azərbaycan Yaxın Şərq ölkələri ilə kifayət qədər fəal diplomatik siyasət yürüdür. Bu fəaliyyət həm rəsmi görüşlər, həm də pərdəarxası diplomatik təmaslar vasitəsilə həyata keçirilir. Azərbaycanın Türkiyə ilə müttəfiqlik münasibətləri, İsraillə isə strateji tərəfdaşlığı mövcuddur. Buna baxmayaraq, regiondakı gərginliklər zamanı Azərbaycan heç bir tərəfi dəstəkləmir, əksinə, tərəflər arasında dialoqun qurulmasına və münasibətlərin normallaşmasına töhfə verməyə çalışır. Azərbaycanın Suriya ilə münasibətlərinin normallaşması, həmçinin Suriya–İsrail danışıqlarına ev sahibliyi etməsi ölkənin vasitəçilik potensialını göstərən mühüm nümunələrdəndir. Eyni zamanda Azərbaycan gələcəkdə Türkiyə ilə ərəb ölkələri, İsrail ilə ərəb ölkələri, eləcə də İran və İsrail arasında mümkün dialoq prosesləri üçün etibarlı diplomatik platforma rolunu oynaya bilər. Bakının Yaxın Şərq siyasəti praqmatik, balanslı və emosiyalardan uzaq yanaşmaya əsaslanır. Azərbaycan region ölkələri ilə iqtisadi, enerji və nəqliyyat sahələrində geniş əməkdaşlığa malikdir. Bu əlaqələrin davamlılığını təmin etmək məqsədilə diplomatik fəaliyyət bundan sonra da davam etdiriləcək".
Fatimə
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR










