İnfeksionist: “BNA-nın yeni qaydası bütün qapalı məkanlarda tətbiq edilməlidir

Virusun ən sürətlə yayıldığı yerlərdən biri ictimai nəqliyyat vasitələridir. Dəfələrlə əhaliyə ictimai nəqliyyat vasitələrində maska taxmaq, sosial məsafə saxlamaq barədə çağırışlar olunub. Eyni zamanda, Nazirlər Kabinetinin qərarı ilə ictimai nəqliyyat vasitələrində maska taxmaq məcburi elan edilib. Bununla belə, bir çox sərnişinlərin çağırış və qaydalara məhəl qoymadığının şahidi oluruq.
İnfeksionist Azər Nağıyev “Editor.az” saytına verdiyi açıqlamada qapalı məkanlarda maska taxmağın zəruriliyini diqqətə çatdırıb:
“Xəstəliyi məhdudlaşdırmaq üçün ilk növbədə sıravi vətəndaşlar bəsit qaydalara riayət etməlidir. Bunlardan birincisi maska taxmaqdır. Maska infeksiyadan ikili qoruma deməkdir. İnsan bununla özündə olan infeksiyanın hava yolu ilə damlalar şəklində digərlərinə keçməsinin qarşısını alır. Digər tərəfdən infeksiyanın giriş qapısı olan yuxarı tənəffüs yollarını virusdan qorumaqla hər hansı məsuliyyətsiz insandan ona virus keçməsinə mane olur. İkinci məsələ sosial məsafənin gözlənilməsidir. Virusun sıçrama məsafəsi təxminən 1,5 metrə qədər hesab olunur. Odur ki, insanlar, əsasən də qapalı məkanlarda aralarında 1,5-2 metr məsafə saxlamalıdır. Üçüncü ən sadə gigiyenik qayda normal həyat qaydasıdır. Bura əllərin vaxtaşırı adi sabunla yuyulması və dezinfeksiya edici məhlullardan istifadə aiddir. Bu bəsit qaydalara riayət etmək lazımdır”.
İnfeksionist qeyd edib ki, vətəndaşlar məsuliyyətli olarsa virusun yayılması azala bilər:
“Artıq dövlət bütün tədbirləri görüb. İndi isə məsuliyyət vətəndaşların üzərinə düşür. Təkcə dövlət tərəfindən tədbirlər görülməsi ilə problem həll olmur. Gərək vətəndaş da məsuliyyətini anlaya və ən ibtidai qaydalara riayət edə. Biz həyat tərzimizdə kiçik də olsa dəyişiklik etməliyik. Düşünürəm ki, bu qaydaları uzun müddət özümüzə təlqin etməli və bu qaydalarla yaşamağı ən azı bir neçə ay və ya illik normal həyat tərzi kimi qəbul etməliyik”.
A.Nağıyev avtobuslara maskasız minməmək məsələsinə də münasibət bildirib:
“Bu gün səhər xəbər tutdum ki, artıq Bakı Nəqliyyat Agentliyi (BNA) sərt qayda tətbiq edib. Belə ki, avtobuslara maska taxmadan girməyə icazə verilməyəcək, maskadan istifadə etməyən sərnişin olacağı halda avtobus yerindən tərpənməyəcək. Bu qərarın verilməsini alqışlayıram. Maska ilə ağız və burunu qapamadan avtobuslara girişə icazə verilməməsi çox gözəl tədbirdir. Belə də olmalıdır. Hesab edirəm ki, bütün qapalı məkanlarda bu qayda tətbiq edilsə daha gözəl olar”.
Xatırladaq ki, BNA tərəfindən marşrut avtobuslarında maskadan istifadə ilə bağlı yeni qaydaların tətbiqinə qərar verilib. Bu gündən etibarən maskadan istifadə etməyən sərnişin olacağı halda avtobus dayanacaq məntəqəsini tərk etməyəcək. Yalnız sərnişin maska taxdıqdan sonra avtobus hərəkət edəcək. Artıq avtobuslara maskasız girişin qadağan olduğunu bildirən məlumatlar da yerləşdirilib.
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










