Sürücülüyü öyrənmək istəyirsinizsə, peşəkara müraciət edin - MÜSAHİBƏ

Müsahibim yol hərəkəti üzrə mütəxəsis, Xəzər Qərb Xanımlar üçün sürücülük kursunun aparıcı texniki təlimçisi Arzu Kürsüm Babazadədir.
- Arzu xanım əvvəlcə sizi tanıyaq
- Əslən Salyan rayonundanam. 37 yaşım var. Özüm sürücü ailəsində doğulmuşam. Ailədə 4 bacıyıq. Babam və atam peşəkar sürücü olub. Əmim də sürücüdür, (gülür) ancaq o təkər partlayanda servis çagıran sürücülərdəndir.
- Avtomobil idarə edə bilmək əksər xanımların arzusudur, ancaq peşəkar sürücü olmaq, bu peşəyə yiyələnmək başqa.
- Mənim sürücü olmaq arzum bir növ anama inad olaraq yarandı. Mən hərbiçi yaxud hüquqşünas olmağı arzulayırdım. Özü də hərbidə snayperçi olmaq arzum olub.
- Niyə məhz snayper?
- Bizim gəncliyimiz müharibə dövrünə təsadüf elədiyindəndır bəlkə də. Ümumiyyətlə mənim içimdə döyüş ruhu hər zaman olub. Təsəvvür edin ki, aprel döyüşlərində mən könüllü olaraq ordu sıralarına yazılmışdım.
- Söhbətimiz yarımçıq qaldı
- Bəli, dediyim kimi ailədə sürücü var idi deyə, mən də avtomobil idarə etməyi öyrənmişdim. Zamanla baxdım ki, yaxşı idarə edirəm, özgüvənim var və anama dedim ki, "burda bir dur, daha mənə mane olma” Sonra təkmilləşmə kurslarına getdim, daha sonra həvəskar məşğul olmağa başladım. Almaniyada, Türkiyədə təkmilləşdirmə kurslarında təhsil aldım.
- Peşəkar təlimçi kimi nə qədər zamandır çalışırsınız?
- 10 ildir.
- Niyə məhz təlimçi peşəsini seçmisiniz? Sürücü peşəsi ilə bir çox sahələrdə işləyə bilərdiniz.
- Mən bu mövzu haqqında bir qədər geniş məlumat vermək istəyirəm. Əvvəla onu deyim ki, Azərbaycanda ixtisası təlimçi olan peşəkar təlimçi yalnız 2 nəfərdir. Biri Aqil Rəhimovdur, digəri mənəm.
- Azərbaycanda peşəkar təlimçi ixtisası almaq üçün hara müraciət etmək lazımdır? Hansı təhsil ocagında təhsil almaq lazımdır?
- Dəqiq deyə bilməyəcəm, ancaq bildiyim qədəri ilə Azərbaycanda bu ixtisasi verən hər hansı bir qurum yoxdur. Aqil Rəhimov sovetlər dövründə təhsili alıb, mən isə Almaniya və Türkiyədə. Orda bu peşə ayrıca ixtisas olaraq tədris olunur.
- Mən bildiyim qədəri ilə hazırda Bakıda çoxlu sayda təlimçivar. Belə çıxır ki, onlar peşəkar deyillər?
- Bilirsiniz, bu sahədə bir qədər maddi gəlir var deyə, avtomobil sürməyi bacaran ixtisası dərzi olan kimsə də gəlib təlimçi işləyir. Yaxşı, etirazım yoxdur, işləsın, əgər dərəcəsi yalnız "B”dirsə birmənalı təlimçi işləyə bilməz, yox əgər dərəcəsi "BC”dirsə eybi yox, işləsin. Ancaq özünü də təkmilləşdirsin. Kompüter əsrindəyik. Hər yerdə bol-bol informasiya var, yeniliklər var. Mən bir haşıyə çıxmaq istəyirəm, məsələn evdə hətta yemək yeyərkən də mənim qarşımda ya kitab, ya telefon olur. Yeniliklərlə tanış oluram. Evdəkilər irad tutanda da deyirəm ki, "mən təlimçiyəm, mən öyrədənəm. Mən özümü təkmilləşdirməliyəm” Bax gəlin belə bir təklif edim. Təlimçi kimi fəaliyyət göstərənlərlə belə bir sorğu keçirin. Sual verin ki, yolda qəza baş verərsə, ilkin tibbi yardım üçün nə etmək lazımdır? Yol hərəkəti haqqında qanun kitabımızda bu haqda ayrıca maddə var. Sizi inandırım ki, çox az bir qisim təlimçi bu haqda geniş bilgi verə biləcək.
- Arzu xanım əvvəllər sürücü olmaq üçün xüsusi peşə məktəbləri vardı. Sürücü ixtisası verən. Bəs indi bu ixtisası almaq üçün harda oxumaq lazımdır?
- Hə, düz deyirsiniz. Əvvəllər xüsusi peşə məktəbləri vardı, indi də var bu peşə məktəbləri, ancaq bir balaca şəkil dəyişdirib, MMC şəklində fəaliyyət göstərirlər.
- Dövlət səviyyəsində necə, belə təhsil ocağı yoxdur?
- Dövlət səviyyəsində hərbidə var. Mən biləni.
- Bəs nəzəriyyə müəllimləri necə? Bu sahə nə vəziyyətdədir? Onlar necə təkmilləşdirirlər özlərini?
- Bu sahə təlimçilərə baxanda elə də pis vəziyyətdə deyil. Hazirda on nəfərə yaxın peşəkar nəzəriyyə müəllimləri var. Onlar da sovetlərin vaxtında peşə məktəblərində təhsil alan insanlardır. Bu yaxınlarda bu sayılı nəzəriyyə müəllimlərindən birinin tələbəsi , mənim yanıma gəlmişdi. Ona verdiyim suallara elə xırdalığı ilə cavab verirdi ki, çox şad oldum.
Çox təəssüf hissi ilə deyə bilərəm ki, bu sahədə də əskiklərimiz var. Bizim "təlimçilər” bu dəfə də nəzəriyyə dərsləri ilə məşğul olmağa başlayıblar. Tələbəyə qaydaları- testi əzbərlətməyə çalışırlar. Bu da normal sayıla bilməz. Qazanc məqsədilə edilən işlərdir ki, bu da sonda naşı sürücü kimi sabah yollarda qarşımıza çıxacaq. Hə, nəzəriyyə müəllimlərinin özlərinin təkmilləşməsi məsələsinə də aydınlıq gətirim. Əslində nəzəriyyə müəllimlərinin işində özünü təkmilləşdirməyə elə də çox ehtiyacı olmur. Çünki, nəzəriyyə müəllimi yalnız Yol hərəkəti qanununda olan dəyişiklikləri izləməlidir, bunu öyrətməlidir tələbəyə. Qanunda dəyişiklik elə də tez-tez olan bir proses deyil. Yəni nəzəriyyə müəllimlərinin işi texniki təlim müəllimləri qədər çox deyil.
-Hal hazirda təlimlərinizi harda keçirsiniz? Sizin üçün hansı şərait yaradılıb?
-Təəssüf edirəm, çox təəssüf edirəm ki, hazırda ən ağrılı mövzuya toxundunuz. Bizim təlimlərimiz üçün xüsusi yerimiz yoxdur. Biz müvəqqəti olaraq Gənclik metrosu tərəfdə köhnə erməni qəbristanlığı adlanan- hansı ki, hazırda Nərimanov biznes şəhərciyinə çevrilib, bax həmin ərazidə təlimlər keçirik. Bir də Olimpiya stadionunun ərazisindən də istifadə etməyə icazə var. Orda müəyyən labirintlər, işarələr var, onlardan istifadə edirik. Bunlar kifayət etməsə də, vəziyyətdən çıxmağa çalışırıq.
-Təlimlərdə hansı avtomobillərdən istifadə edirsiniz?
-Təlimlərdə istifadə elədiyimiz avtomobillər sürücülük məktəbinə və MMC- lərə aiddir. Bu avtomobillər bildiyiniz plazalardan alınır, sadəcə onlara xüsusi qurğular quraşdırılır. Yan güzgülər, içəri orta güzgüyə əlavə və təlimçi üçün pedal. Və bunlar avtomobilin texniki pasportuna mütləq əlavə olunmalıdır. Təlim maşınlarının öz işarəsi olur. Yan tərəfdə mavi zolaqlar olur, yaxud ön parpresdə, ola bilər arxa parpresdə böyük T hərfi yazılır. Bəzən olur ki, bu nişanları bilməyən sürücülərlə də qarşılaşırıq. Buna görə də məcbur olub, qəza işıqları yandırırıq. Nişanlardan danışmışkən mən istərdim deyəm ki, təcrübəsiz sürücü nışanları da var. Bizim sürücülərin içində bu işarələri də tanımayanlar var.
-Təəssüf ediləsi durumdur. Arzu xanım belə bir sualım olacaq. Sizin yanınıza hər iki cinsin nümayəndələri gəlir, amma ən çox gələn xanımlardir. Bax mən özüm dəfələrlə şahidi olmuşam ki, qarşıda pis avtomobil idarə edən biri varsa, o saat kişi sürücülərin ilk ağlına gələn o olur ki, - bu, qadin sürücüdür. Deyirlər ki, "get otur evdə bozbaşını bişir dəə, maşın sürmək sənlik deyil”. Nədən kişilərdə belə fikir formalaşıb?
-Mən bunu qadın-kişi ayrıseçkiliyinə bölməzdim. Çünki ləng davranan bəylərimiz də var. Amma bəylərə baxanda xanımlarda bu lənglik daha çoxdur. Ehtiyatlılığı ləngliyə yaxud qorxaqlığa çevirirlər. Bu da yollarda tıxacların yaranmasına səbəb olur. Mən burda dəyərli ekspertimiz Ərşad Hüseynovun sözünü misal çəkəcəm. O deyir ki, "təfəkkür dəyişməlidir!” Bizdə sürücülük mədəniyyəti sıfıra bərabərdir.
-Qaydaları ən çox pozanlar kimlərdir? Hansısa nöqsan görəndə irad bildirirsinizmi? Və bu nöqsanlar nə olur? Öz müşahidənizə əsasən cavablandırın
-Hər iki tərəf. Ancaq sevindirici hal odur ki, xanımlara nisbətən bəylərimiz deyilən iradlara daha anlayışla yanaşırlar. Iradlarımız da ən çox olur manevretmə hərəkətlərində, dönmə işıqlarının istifadə edilməməsində, yaşayış zonasında yüksək sürət və s. Bu kimi iradlar. Eyni iradı kişi sürücüyə bildirəndə daha anlayışla qarşılayır, qadınlar isə çox böyük aqressiya ilə.
-Təlimlərdə tələbələrlə, xüsusən də xanımlarla dərs müddəti ərzində qarşılaşdığınız ən ciddi problemlər nə olur?
-Bax biz zəhmət qoyuruq da tələbə üçün, eləmi? Düzdür bu zəhmətimizin müqabilində pulumuzu alırıq, amma istəyirik ki, aldığımız pul halal olsun. Öyrətdiyimiz tələbə deyir ki, "onsuz da mən gedib öz bildiyim kimi sürəcəm” Belə tələbələr görəndə düşünürəm ki, görəsən niyə ona bu təlimlər üçün pul ödəyən insanın əməyini qiymətləndirmir?
-Maraqlı yanaşmadır həqiqətən də. Arzu xanım, təlimlər neçə dərs keçirilir?
-Avropada bu dərslər 30 saat tədris olunur təlimçi ilə birlikdə. Hətta orda magistralda sürməyə də icazə var. Bundan başqa da əgər sürücü təzədirsə, 30 saatlıq təlimdənsonra birbaşa öz şəxsi avtomobili ilə sərbəst sürüş edə bilməz, yanında mütləq sürücülük təcrübəsi 1 ildən artiq olan başqa bir şəxs də olmasa, o avtomobil cərimələnir. Mən 20 saatlıq dərslər keçirəm, amma bu hamıya aid deyil. Məsələn yaşı daha çox olan xanımlar gəlir ki, onlarla 25, 30 hətta 35 saatlıq dərslər keçirəm. Bu onların götürmə qabiliyyətindən asılıdır. Bəzən də xanımları təlimlərə göndərən bəylər bildirirlər ki, 3-5 saatlıq dərslər keçin, qalanını mən özüm öyrədəcəm. Ən böyük yalnışılıqdır. Nəzəriyyə dərslərini evdən də hazırlaşıb vermək olar, əgər kiminsə zamanı məhduddursa, dərslərdə mütəmadi iştirak edə bilmirsə. Buna qanun da icazə verir ki, tələbə sərbəst 2 dəfə nəzəriyyədən imtahan verə bilər. Amma texniki təlim elədir ki, xüsusi təlim maşınlarından başqa maşınlarla təlim keçmək, qanunla qadağandır.
-Şəxsi sual verim. Ilk avtomobilinizi necə almısınız?
-Yarı atamin dəstəyi yarı özümün vəsaitimlə alınıb.
-Markası nə idi?
-07
-Bəs hazırda hansı avtomobilə sahibsiniz? Gülür..
-Markasını deməyim, amma triptonik karobkadır.
-Arzu xanım, avtomobil həvəsim olduğundandır ya nədəndir bilmirəm, çox olub ki, sürməyə meyilli sürücülərin dilindən eşitmişəm ki, mexanika ilə maşın sürməyin ləzzəti başqadır. Bu nə dərəcədə dogrudur?
-Bunu belə izah edim, əslində avtomobil idarə edilməsində elə imkanlar var ki, bunları mexaniki karobka ilə etmək daha rahatdır. Amma avtomat və triptonik karopkada o qədər də rahat alınmır. Bu sualın cavabını o qədər də açıqlaya bilməyəcəm təəsssüf ki. Çünki bunu hiss etmək lazımdır. Sözlə ifadə etməkdə çətinlik çəkirəm. Amma onu deyim ki, mexaniki karopkalı avtomobilləri idarə etmək, avtomat karobkadan daha çətin və məsuliyyətlidir. Amma hədsiz zövqlüdür.
-Siz təlimlərdə avtomat karobkalarla idarə olunan avtomobillərdən istifadə edirsiniz? Bəs mexaniki karopkalar necə, elə avtomobilləriniz də varmı?
-Triptonik karopkalardır təlimdə istifadə etdiyimiz avtomobillər. Burda müəyyən qədər də mexanika öyrədilir. Təklif eləmişik ki, mexaniki karopkalarla idarə olunan avtomobillər də olsun, çünki buna da ehtiyac var.
-Yanınıza gələn tələbələr 0-dan başlayırlar yoxsa müəyyən qədər bilgiyə sahib olurlar?
-Bilirsiniz məni ən çox narahat edən məsələlərdən biri də odur ki, tələbələr heç sual vermirlər. Əgər mən özüm pul verib nəsə öyrənirəmsə, o müəllimi nəfəs almağa qoymaram
Gülürəm...
-Məsələn mən 50 manat verirəmsə, 100 manatlıq sual verəcəm...
-Öyrənmək üçün olar. Bəylər daha çox suallar verirlər. Məsələn avtomobillərin konstruksiyaları barədə. Inanın ki, xanımlar bu haqda öyrənməyi heç istəmirlər. Hətta gedib evdə şikayət edirlər ki, müəllim məni 1 saat saxladı, avtomobilin içində ancaq danışdı. Bax məsələn əgər siz avtomobilin yedək təkərinin harda olmasını bilmirsinizsə, ilkin tibbi yardım çantasının, yanğın üçün istifadə olunan avadanlığın harda olmasını, qəza dayanma, durma nişanının olduğunu, şüşəsilən hardan yandırılır bilmirsənsə onda bu necə təlim öyrənmək olur? Bəylər bunları öyrənmək istəyir, xanımlar isə səbirsizlik göstərirlər. 20 yaxud 30 dərs təlim keçməlidir, ancaq qənaət edib 10 dərs gəlir təlimə. 10 dərs 1 paketdir, 300 AZN təşkil edir. Əgər qənaət edib ikinci paketi istəmirsənsə, bu həyat bumeranqdır. Hər hansı bir qəza zamanı vəziyyətdən çıxış yolunu bilmədiyindən o 300 manat daha çox məbləğlə səndən çıxacaq. Və üstəlik sən ola bilsin ki, sağlığını da itirəsən.
-Allah qorusun. Ancaq haqlısınız, naşı sürücü hər hansı vəziyyətdən çıxa bilməsə qəza qaçılmaz olacaq. Tələbələriniz hansı yaş qrupundadırlar?
-Təlimlər üçün tələbə yaşı 16 dır. Ancaq bu o demək deyil ki, 16 yaşdan maşın sürə bilər. 18 yaşı olmadan avtomobil sürə bilməzlər.
-Ən yaşlı tələbənizin neçə yaşı olub?
-75.
-Xanım idi?
-Bəli. Hazırda yolsuzluq avtomobili idarə edir. Düzdür şəhərə, sıxlığa o qədər də girmir, çox vaxt bağına və şəxsi evinə sürür.
-Sürücülüyü öyrənməyə çalışan tələbələrə sözünüz nə olardı?
-Mənim bir xahişim olacaq. Çox xahiş edirəm sürücülüyə həvəsi olan gənclərə, xüsusən də xanımlara mane olmayın. Imkan yaradın öyrənsinlər.
-Arzu xanım son zamanlar bu cümləni sosial şəbəkələrdə daha çox oxuyuruq ki, "ən çox söyülən, prava - sürücülük vəsiqəsi insanlardır” Niyə cəmiyyətdə belə fikir formalaşıb?
Narazı-narazı başını silkələyir...
-Belə deyərdim, əslində deyilən hər hansı xoşagəlməz söz təbii ki, hansısa qayda pozuntularina görədir. Qayda pozuntusu da bizim cəmiyyətdə nə qədər desəniz. Bu cür sözlər vəsiqə verən kəslərə yox, o vəsiqəni əzbərçiliklə almağa çalışan, övladını, yoldaşını yarımçıq təlimlərə göndərən kəslərə gəlməlidir. Vəsiqə almağa gələn kəs sağlamlıq haqqında arayışı ilə gəlir oturur kompyüterin qarşısında əzbərlədiyi qaydaları testdə yazır çıxır. Vəsiqə verən orqan da baxır ki, hər şey yolundadır sənədi verir.
-Son olaraq istəyiniz nədir?
-Tələbələr öyrənməyə həvəslə gəlsinlər. Biz məcbur edə bilmərik. Şəxsən mən 3-5 dərs keçmək üçün gələn tələbəni götürmürəm. Bildirirəm ki, bura avtomobil kirayə verən müəssisə deyil. Bura gələn normal dərslərdə olmalı və öyrənməlidir. Həvəs öldürmək üçün gəlməsinlər. Digər deyəcəyim məsələ isə odur ki, valideynlər, yaxud qardaşlar, yoldaşlar öz xanımlarını təlimlərə göndərəndə özləri də bu təlimlərdə 1-2 dərs iştirak eləsinlər. Təlimçinin nə dərəcədə peşəkar olduğuna diqqət etsinlər. Təlimçi pul xatirinə tələbəni 30-.40 hətta 50 dərs də yola verə bilər. Öz əsəblərini korlamadan, tələbəyə sərbəstlik vermədən səssizcə elə edə bilər ki, tələbə elə bilər ki, avtomobili özü idarə edir. Tələbə aldadıldığını harda biləcək? Öz şəxsi avtomobilini idarə edəndə. Təəssüf ki, bu da çox gec olacaq. Mən çox istərdim ki, hal-hazırda fəaliyyət göstərən təlimçilərin peşəkarlıq səviyyəsi araşdırılsın. Təlimlərə əsl peşəkarlar cəlb olunsun. Və bir də ən ciddi problemimiz olan təlim meydançalarımız olsun.
-Inşallah bütün arzularınız ən qısa zamanda reallığa çevrilər. O zaman saydığımız qüsurlar da aradan qalxar, yollarda daha peşəkar sürücülər olar.
-Inşallah. Təşəkkür edirəm.
P.S Son olaraq onu əlavə etmək istəyirəm ki, atalarin belə bir sözü var " Çörəyi ver çörəkçiyə, biri də üstəlik”. Sürücülüyü öyrənmək istəyirsinizsə, peşəkara müraciət edin. Bunun üçün sizə yardımçı ola bilərəm. Xəzər Qərb xanımlar üçün sürüclük kurslarında əsl peşəkarlar çalışır. Əlaqə nömrələri
(012) 5647819, (070)200 84 08
Vəfa Sərdar Səfərova
İcxeberler.info














