Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan tarixində hansı izləri qoyub? – Deputatlar AÇIQLADI

İyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu tarix təkcə siyasi hadisə deyil, həm də müstəqil Azərbaycan dövlətinin xilası və inkişaf yolunun başlanğıcı kimi dəyərləndirilir. Müstəqilliyin ilk illərində ölkədə dərin siyasi böhran hökm sürür, hakimiyyət uğrunda qarşıdurmalar güclənir, iqtisadi vəziyyət getdikcə ağırlaşırdı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı davam edir, ölkədə vətəndaş qarşıdurması təhlükəsi yaranırdı. 1993-cü ilin yayında Azərbaycan faktiki olaraq parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ayrı-ayrı bölgələrdə separatçı meyillər baş qaldırır, mərkəzi hakimiyyət vəziyyətə tam nəzarət edə bilmirdi. Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin taleyində dönüş nöqtəsinə çevrildi.
Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan üçün nələri dəyişdirdi? Həmin anların şahidi olan bu barədə nələr düşünür?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov Avtosfer.az-açıqlamasında bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilsə də, həmin dövrdə müstəqilliyimiz daha çox formal xarakter daşıyırdı:

''Ölkədə siyasi böhran, xaos və anarxiya hökm sürürdü, torpaqlarımız işğal altına düşürdü, vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı. Eyni zamanda ölkənin cənubunda qondarma Talış-Muğan Respublikası yaradılmağa çalışılır, şimal bölgəsində isə separatçı meyillər güclənirdi. Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin taleyində dönüş nöqtəsi oldu.
1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin gündən etibarən dövlətçiliyin möhkəmləndirilməsi prosesi başlandı.
Sonradan Prezident seçilən Heydər Əliyev ölkədə sabitliyi təmin etdi və 1993-2003-cü illər Azərbaycan tarixində sabitlik və inkişaf dövrü kimi yadda qaldı. Əslində, Milli Qurtuluşa aparan yol Naxçıvandan başlamışdı. Heydər Əliyev 1990-cı il iyulun 22-də Naxçıvana qayıtdı və xalq tərəfindən böyük rəğbətlə qarşılandı. 1991-ci ildə Naxçıvan Ali Məclisinin sədri seçilən Heydər Əliyev muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadı. Tarixçilər bu gün də qeyd edirlər ki, onun siyasi uzaqgörənliyi Naxçıvanın işğal təhlükəsindən qorunmasına imkan verdi''.
Deputat qeyd edib ki, 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev ağır iqtisadi və siyasi vəziyyətlə üzləşmişdi:
''İnflyasiya min faizlərlə ölçülür, dövlət büdcəsi boşalır, torpaqlarımız işğal altında qalırdı. İlk növbədə güclü Milli Ordunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Bunun nəticəsi olaraq 1994-cü ilin əvvəlində Horadiz əməliyyatı həyata keçirildi, Horadiz şəhəri və bir sıra yaşayış məntəqələri işğaldan azad edildi. Bu uğur orduda özünəinamı artırdı və gələcək qələbələrin əsasını qoydu. 1994-cü ilin mayında atəşkəs əldə olundu. Bu qərar Azərbaycanın dövlət quruculuğunu və iqtisadi inkişafını təmin etmək üçün vacib addım idi. Həmin ilin sentyabrın 20-də isə “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə Azərbaycanın iqtisadi inkişafının təməlini qoydu, ölkəyə xarici investisiyaların cəlb edilməsinə şərait yaratdı və Azərbaycanın beynəlxalq mövqelərini gücləndirdi. Məhz Heydər Əliyevin zəngin dövlət idarəçiliyi təcrübəsi, siyasi uzaqgörənliyi və qətiyyətli fəaliyyəti sayəsində Azərbaycan ağır böhrandan çıxaraq inkişaf yoluna qədəm qoydu. Onun müəyyənləşdirdiyi siyasi kurs sonrakı dövrdə də uğurla davam etdirildi''.
Depuat son olaraq qeyd edib ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini tam təmin etmiş və regionun aparıcı dövlətlərindən birinə çevrilmişdi:
“Vaxtilə Heydər Əliyevin söylədiyi kimi, Azərbaycan günəş kimi parlayaraq dünya birliyində öz layiqli yerini tutmaqdadır”.
Milli Məclisin deputatı Jalə Əliyeva müsahibəsində qeyd edib ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir:

''1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq ölkəni dərin siyasi böhrandan, vətəndaş qarşıdurması təhlükəsindən və dövlət müstəqilliyinin itirilməsi riskindən xilas etdi. Bu gün təkcə bir tarixi hadisə deyil, həm də Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin və inkişaf yoluna çıxmasının başlanğıcıdır. 1990-cı illərin əvvəllərində Azərbaycan mürəkkəb siyasi və iqtisadi vəziyyətlə üz-üzə idi. Dövlət idarəçiliyində xaos hökm sürür, ölkədə sabitlik pozulur, iqtisadi tənəzzül dərinləşirdi. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə siyasi sabitliyin təmin olunmasına, dövlət institutlarının gücləndirilməsinə və milli birliyin bərpa edilməsinə imkan yaratdı''.

Deputatın dediklərinə görə, məhz həmin dövrdən etibarən Azərbaycanın müstəqilliyinin dönməz xarakter alması üçün əsaslı addımlar atıldı:
''Milli Qurtuluş Gününün əsas əhəmiyyəti də məhz burada özünü göstərir. Bu tarix Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasını, müstəqilliyin möhkəmləndirilməsini və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsini simvolizə edir. Dövlət idarəçiliyində peşəkarlığın bərpa olunması, hüquqi dövlət quruculuğunun əsaslarının yaradılması və xarici siyasətdə balanslaşdırılmış kursun formalaşdırılması Azərbaycanın gələcək uğurlarının təməlini qoydu. Milli Qurtuluş Günü müasir Azərbaycanın inkişafında da mühüm rol oynayıb.
Məhz dahi Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində ölkədə siyasi sabitlik təmin edildi, iqtisadi islahatlar həyata keçirildi və Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi.
Xüsusilə Əsrin Müqaviləsi kimi mühüm layihələrin reallaşması ölkənin iqtisadi potensialını artıraraq onu regionun aparıcı dövlətlərindən birinə çevirdi.
Jalə Əliyeva vurğulayıb ki, bu siyasi kurs hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
“Son illərdə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər, beynəlxalq arenada artan nüfuzu, ərazi bütövlüyünün bərpa olunması və Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Milli Qurtuluş fəlsəfəsinin uğurlu nəticələri kimi dəyərləndirilir. Bu gün Azərbaycan güclü iqtisadiyyata, müasir orduya və müstəqil xarici siyasətə malik bir dövlət kimi inkişaf edir. Bütün bunların əsasında isə 1993-cü ildə xalqın iradəsi ilə başlanan Milli Qurtuluş yolu dayanır. Buna görə də Milli Qurtuluş Günü təkcə keçmişə ehtiram deyil, həm də Azərbaycanın gələcək inkişafına inamı və dövlətçilik ənənələrinin möhkəm təməllər üzərində qurulduğunu ifadə edən əlamətdar bir tarixdir''.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fatimə Dadaşova
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Şuşada beynəlxalq konfrans keçirildi - FOTOLAR
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev
İlham Əliyev Donald Trampı təbrik etdi – FOTO
“İranla saziş imzalandı, hamını təbrik edirəm!” - TRAMP
Azərbaycanda Milli Qurtuluş Günüdür
Prezident İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO










