Təmir işləri görülən ərazilərdə qəzaların qarşısı necə alınmalıdır? – EKSPERT

Paytaxtın Sabunçu rayonunda kollektor tikintisi aparılan ərazidə növbəti yol-nəqliyyat hadisəsinin baş verməsi tikinti zonalarında təhlükəsizlik tədbirlərinin yetərli olub-olmaması məsələsini yenidən gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Ekspertin sözlərinə görə, son hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsi ilə Mir Cəlal Paşayev küçəsinin kəsişməsində inşa olunan kollektorun 8-ci şaxtasında qeydə alınıb. Belə ki, avtomobil açıq şaxtaya düşüb. Bir neçə gün əvvəl isə Pirşağı qəsəbəsində tikilməkdə olan analoji kollektorun şaxtasında da oxşar hadisə baş vermişdi.
Rauf Ağamirzəyev hesab edir ki, ardıcıl yaşanan bu hadisələr tikinti aparılan ərazilərdə müvəqqəti yol hərəkətinin təşkili və təhlükəsizlik tədbirlərinin yenidən qiymətləndirilməsini zəruri edir.
Əraziyə baxış zamanı təxminən 9 metr dərinliyində olan açıq şaxtaların ətrafının beton "New Jersey" tipli baryerlərlə deyil, rezin sədlərlə mühafizə olunduğu müşahidə edilir. Bu cür mühafizə vasitələri nəqliyyat vasitələrinin təhlükəli zonaya daxil olmasının qarşısını almaq üçün kifayət etmir.
Tikinti sahəsində bir sıra vacib təhlükəsizlik elementləri də çatışmır. Bunlara xəbərdarlıq nişanlarının kifayət qədər olmaması, yanıb-sönən istiqamətləndirici ox lövhələrinin quraşdırılmaması, mərhələli sürət məhdudiyyətinin tətbiq edilməməsi, "İrəlidə maneə" və digər müvəqqəti yol nişanlarının azlığı, şaxtaya yaxın hissədə zərbəuducu beton baryerlərin olmaması, həmçinin reflektorlu nişanlanma və gecə görünürlüğünü artıran işıqlandırmanın quraşdırılmaması daxildir.

Ekspert digər mühüm problemin tikinti başa çatmış hissələrdə asfalt örtüyünün üst qatının vurulmaması olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, yol zolaqları arasında yaranan səviyyə fərqi yüksək sürətlə hərəkət edən avtomobillər üçün ciddi təhlükə yaradır, idarəetmənin itirilməsi və yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır. Belə sahələrdə müvəqqəti nişanlanma və sürət məhdudiyyətlərinin tətbiqi zəruridir.
Rauf Ağamirzəyev vurğulayıb ki, tikinti aparılan yol sahələrində əsas məqsəd yalnız işlərin vaxtında başa çatdırılması deyil, eyni zamanda həmin müddətdə bütün hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsidir.

Beynəlxalq təcrübəyə uyğun olaraq bu cür ərazilərdə beton "New Jersey" tipli baryerlər, yanıb-sönən istiqamətləndirici işıqlar, reflektorlu maneə nişanları, mərhələli sürət məhdudiyyətləri və effektiv işıqlandırma sistemləri tətbiq olunmalıdır.
"İnsan həyatı istənilən tikinti layihəsindən daha qiymətlidir. Təhlükəsizlik tədbirləri qəza baş verdikdən sonra deyil, risk yaranmadan əvvəl görülməlidir", – deyə nəqliyyat eksperti fikrini yekunlaşdırıb.
Eltac Zülfüqaroğlu
Oğrular maşınların daha çox bu detallarını oğurlayır – ARAŞDIRMA
"Birmarket" vətəndaşın şikayətini niyə təmin etməyib? – RƏSMİ AÇIQLAMA
Bu yollarda sıxlıq var - SİYAHI
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA










