Banner

Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?

Gündəm 13 Noyabr 2026 13:48
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
WhatsApp kanalımıza abunə olun

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu getdikcə artır. Ölkəmizin Avropa bazarına təbii qaz ixracını genişləndirmək planları həm enerji gəlirləri, həm də beynəlxalq enerji bazarındakı mövqeyi baxımından diqqət çəkir. Bununla yanaşı, artan tələbatın qarşılanması üçün hasilat və nəqliyyat infrastrukturunun imkanları da aktuallıq qazanır.

Avtosfer.az xəbər verir ki, Azərbaycanın Avropaya qaz ixracını artırmaq planlarının iqtisadi gəlirlərə və enerji strategiyasına təsiri ilə bağlı suallar yaranır. Bəs bu artım ölkənin gəlirlərinə və Avropa bazarındakı mövqeyinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Avropaya qaz nəqlini təxminən 20 milyard kubmetrə çatdırması mümkündür:


''Hazırda bu göstərici 11 milyard kubmetr civarındadır. İxrac həcminin artırılması üçün mövcud infrastruktur kifayət edir. Əsas məsələ isə təbii qaz hasilatının artırılmasıdır.
Hazırda Azərbaycanda müxtəlif yataqların işlənməsinə başlanılıb və hasilatın artacağı gözlənilir. Bununla yanaşı, xaricə satılacaq qazın həcminin artırılması üçün daxili istehlakın azaldılması da gündəmdədir. Bu məqsədlə ölkədə ev təsərrüfatlarının elektrik enerjisinə keçirilməsi istiqamətində qərarlar qəbul olunur. 2060-cı ilə qədər ev təsərrüfatlarının tamamilə elektrik enerjisinə keçirilməsi nəzərdə tutulur. Həmçinin yeni tikiləcək binalarda qazdan istifadənin qadağan olunması ilə bağlı qərarlar mövcuddur. Beləliklə, daxili istehlakın azaldılması və qaza qənaət edilməsi hesabına ixrac həcminin artırılması planlaşdırılır. Qaz ixracından əldə olunan gəlirlərin artması isə birbaşa dünya bazarındakı qiymətlərdən asılıdır. Hazırda müharibələr və geosiyasi gərginliklər səbəbindən Avropada qazın qiyməti yüksəkdir. Lakin iki, üç və ya beş ildən sonra qiymətlərin hansı səviyyədə olacağını indidən proqnozlaşdırmaq çətindir. Bununla belə, ixrac olunan qazın həcminin artması istənilən halda ölkənin valyuta gəlirlərinin yüksəlməsinə müsbət təsir göstərə bilər''.

Fatimə

Oxunub : 38
ŞƏRH YAZ
Ad

E-mail

Şərh