Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY

Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Görüş zamanı liderlər 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalara əsaslanaraq, sülh gündəliyinin irəlilədilməsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələlərini müzakirə ediblər.
Görüşdə, həmçinin nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi, sərhədlərin müəyyənləşdirilməsi və etimad quruculuğu tədbirləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını alqışlayıb, ətraf mühit və su ehtiyatları sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Bəs Dublində baş tutan görüşdə TRIPP marşrutu, iqtisadi-ticari və enerji əməkdaşlığının müzakirəsi iki ölkə arasındakı münasibətlərə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Avtosfer.az-a açıqlamasında bildirib ki, Dublində keçirilən görüşdə TRIPP marşrutunun inkişafı, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və enerji əməkdaşlığının müzakirəsi Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır:
"Bu müzakirələrin əsas xüsusiyyəti ondan ibarətdir ki, iki ölkə arasında münasibətlərin normallaşması prosesi artıq siyasi bəyanatlarla məhdudlaşmır, konkret iqtisadi və infrastruktur layihələrinin müzakirəsi mərhələsinə keçir. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) bu prosesin ən mühüm istiqamətlərindən biridir. Azərbaycan ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunması ölkəmizin geoiqtisadi imkanlarını genişləndirməklə yanaşı, regionun nəqliyyat xəritəsində yeni reallıqlar yarada bilər. Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan bu bağlantının reallaşması İrəvan üçün də tranzit imkanlarının genişlənməsi, investisiyaların cəlb edilməsi və regional iqtisadi sistemə inteqrasiya baxımından yeni perspektivlər yaradır. Burada əsas məsələ Azərbaycanın suverenlik prinsiplərinin, beynəlxalq hüququn və tərəflərin əldə etdiyi razılaşmaların qorunmasıdır. TRIPP-in praktiki icrası göstərməlidir ki, regionda nəqliyyat bağlantılarının inkişafı dövlətlərin suveren hüquqları ilə ziddiyyət təşkil etmədən mümkündür. İqtisadi-ticari münasibətlərin müzakirəsi isə daha dərin siyasi məna daşıyır. Uzun illər qarşıdurma şəraitində olan iki ölkənin bir-birinin ərazisindən yük daşımalarını, ticarət imkanlarını və iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etməsi münasibətlərdə praqmatik yanaşmanın gücləndiyini göstərir. Artıq Azərbaycanın ərazisindən Ermənistana 105 min ton yükün daşınması iqtisadi əlaqələrin nəzəri müzakirədən praktiki müstəviyə keçdiyini göstərən konkret nümunədir. Bu proses davamlı xarakter alarsa, qarşılıqlı iqtisadi maraqlar sülhün qorunmasında əlavə amilə çevrilə bilər".
Politoloq qeyd edib ki, enerji əməkdaşlığı da xüsusi əhəmiyyətə malikdir:

"Dublin görüşündə iki ölkənin elektrik şəbəkələrinin gələcəkdə birləşdirilməsi imkanlarının müzakirəsi regional inteqrasiyanın yeni istiqamətini ortaya qoyur. Elektrik enerjisinin ötürülməsi, enerji infrastrukturunun əlaqələndirilməsi və gələcəkdə bərpaolunan enerji sahəsində mümkün əməkdaşlıq regionda iqtisadi münasibətlərin daha geniş platformada qurulmasına şərait yarada bilər. Bu, Ermənistan üçün enerji təminatının şaxələndirilməsi, Azərbaycan üçün isə regional enerji bağlantılarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. İqtisadi əməkdaşlığın genişlənməsi siyasi məsələlərin avtomatik həlli demək deyil, çünki sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və razılaşdırılmış öhdəliklərin icrası normallaşma prosesinin əsas şərtləri olaraq qalır. Dublindəki müzakirələrin əsas strateji əhəmiyyəti Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyinə iqtisadi prizmadan yanaşmanın güclənməsidir. Azərbaycanın regional kommunikasiyaların açılması və iqtisadi əməkdaşlıqla bağlı mövqeyi postmünaqişə dövründə yeni inkişaf modelinin formalaşmasına imkan yaradır. Ermənistan üçün də bu proses regional təcriddən çıxmaq, yeni bazarlara çıxış əldə etmək və iqtisadi imkanlarını genişləndirmək perspektivi yaradır".
Deputat Zahid Orucun fikrincə isə, Avropa Siyasi Birliyi platforması çərçivəsində dünən Dublində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş və media üçün verilən məlumatlar xüsusi əhəmiyyət daşıyır:

"Ikitərəfli görüşlərin dinamikası sübut edir ki, vasitəçisiz uzun illər savaş və düşmənçilik siyasətindən keçən ölkələr arasında sülhün tapılması və regional kommunikasiyaların açılması mümkün olacaqdır. 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər Vaşinqton, Bakı və İrəvan arasında güclü siyasi iradənin nümayişi idi, çünki bu prosesi nə bölgə dövlətləri, o cümlədən Moskva və Tehran, nə də Qərb ölkələrinin moderatorluğu ilə aparılan danışıqlar nəticələndirə bilmişdi. Prezident köməkçiləri, xarici işlər nazirləri və ölkə rəhbərləri arasında müşahidə olunan müsbət münasibətlər sülh prosesinin irəlilədiyini göstərir. 30 ildən sonra işğalın aradan qalxması isə regionda yeni geosiyasi və iqtisadi imkanlar yaradır. Ticarət və tranzit məhdudiyyətləri aradan qalxır, yükdaşımaların həcminin 100 min tonu keçməsi isə prosesin geri dönməz xarakter ala biləcəyini göstərir. İki ölkə arasında ticarət əlaqələrinin inkişafı sülhün təmin olunması üçün mühüm təmələ çevrilir. Xatırladaq ki, 1989-cu ildə Ermənistanın Azərbaycandan ittifaq çərçivəsində aldığı neft məhsulları, kimya və digər sahələrə aid malların ümumi dəyəri bir neçə milyard dollar təşkil edirdi. Prezident İlham Əliyev dəfələrlə Cənubi Qafqazın inkişafdan geri qalmasının və beynəlxalq tranzit layihələrinə zəif qoşulmasının qarşısının alınmasının vacibliyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin iradəsi ilə qlobal şirkətlərlə neft müqaviləsinin imzalanması, Bakı-Tbilisi-Ceyhan və sonradan Bakı-Tbilisi-Qars layihələrinin reallaşdırılması regionun iqtisadi inkişafında mühüm rol oynayıb. Bu layihələr həyata keçirilməsəydi, regionun iqtisadiyyatı və dövlət strukturları ciddi böhranla üzləşə bilərdi. Hazırda Azərbaycan əldə etdiyi uğurların coğrafiyasını genişləndirmək istiqamətində addımlar atır. Təsadüfi deyil ki, Paşinyanla görüşlərdən sonra Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaşlığa dair mühüm saziş imzalayıb".
Deputat əlavə edib ki, ABŞ ilə əldə olunan strateji xartiya və 2021-ci ildə qardaş Türkiyə ilə müttəfiqlik münasibətlərinə dair imzalanan sənədlər yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması istiqamətində mühüm addımlardır. Bu baxımdan, Azərbaycan və Ermənistan arasında yalnız elektrik enerjisi deyil, qaz və digər sahələrdə də əməkdaşlıq əlaqələrinin qurulması mümkündür:
.jpeg)
"Bunun üçün ilk növbədə etimad quruculuğu istiqamətində mühüm addımlar atılmalı, Ermənistanda millətçi qüvvələrə və xarici təsirlərə qarşı mübarizə aparılmalı, konstitusiya dəyişdirildikdən sonra isə regionda normal qonşuluq münasibətlərinin qurulmasına başlanılmalıdır. Ermənistan müqavilə öhdəliklərini yerinə yetirməli, müharibədən zərər çəkmiş şəxslərə, xüsusilə şəhid ailələri və qazilərə münasibətdə etimad yaradan addımlar atmalıdır. Gələcəkdə təzminat məsələsinin qarşılıqlı razılaşma əsasında həlli də Ermənistanın mənfi imicdən uzaqlaşmasına imkan verə bilər. Son görüşdə delimitasiya məsələsinin xüsusi vurğulanması və gələcək təmasların davam etdirilməsi barədə razılıq tərəflər arasında birbaşa dialoqun davam etdiyini göstərir".
Züleyxa
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO












